17.1 C
Aghjabadi
Şənbə, May 21, 2022

Ağcabədi muğam ifaçılığı məktəbi

Yaxın və orta Şərq xalqlarının mədəniyyətində, musiqi yaradıcılığında muğam sənəti xüsusi yer tutur. Şifahi ənənəyə malik bu qədim professional musiqi növündə yaradılmış iri həcmli vokal-instrumental əsərlər Azərbaycanda da böyük şöhrət tapıb. Milli-mənəvi dəyərlərlə köklənmiş, özünəməxsus xüsusiyyətləri, ənənələri, ifa gözəlliyi ilə fərqlənən Azərbaycan muğam sənəti böyük inkişaf yolu keçib. Xalqımızın mədəniyyət incilərindən sayılan muğam ölkəmizdə çoxhissəli musiqi növü kimi orta əsrlərdən formalaşıb. Lakin muğamların tərkibinə daxil olan müxtəlif şöbə, guşə, təsnif və rənglər daha qədim tarixə malikdir. 

Azərbaycanda muğam ifaçılığı sənəti XIX əsrin ikinci yarısından daha yüksək inkişaf mərhələsinə qədəm qoyub. Muğamlar görkəmli sənətkarların timsalında təkmilləşərək, yeni spesifik keyfiyyətlər kəsb edib.

XIX əsrin sonları, XX əsrin əvvəllərində muğam ifaçılığı həm nəzəri, həm peşəkarlıq, musiqi alətləri ilə müşayiət, həm də texniki baxımdan geniş imkanlar qazanıb. Həmin dövrdə muğamın təbliğ olunması da geniş vüsət alıb. Muğamlardan səhnə tamaşalarında, müxtəlif ədəbi-bədii tədbirlərdə istifadə olunub, məşhur xanəndələrin ifaları qrammafon vallarına köçürülüb. Dahi Üzeyir Hacıbəyli muğam motivləri əsasında Şərqin ilk operası hesab olunan “Leyli və Məcnun” əsərini qələmə alıb. Muğam ifaçılığı sənətinin inkişafında, onun bugünkü səviyyəyə gəlib çatmasında Qarabağ Muğam məktəbi mühüm rol oynayıb. Bu sahədə Hacı Hüsü, Sadıqcan, Məşədi Məmməd Fərzəliyev, Əbdülbaqi Zülalov, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdı oğlu, İslam Abdullayev, Seyid Şuşinski, Məşədi Cəmil Əmirov, Qurban Pirimov, Məcid Behbudov, Bülbül, Zülfü Adıgözəlov, Xan Şuşinski və başqa ifaçılar əvəzsiz xidmətlər göstəriblər. Qarabağ Muğam məktəbi dedikdə ayrı-ayrı sənətkarların adları ilə bağlı, onların ifaçılıq üslubunu yaşadan muğam ənənələrini, sənətkarlıq sirlərini nəsillərə ötürən məktəblər nəzərdə tutulur. Əslində, professional ifaçıların muğam məktəbi sənətkarlıq məktəbi kimi qəbul olunur.

Qeyd etmək lazımdır ki, Qarabağ muğam məktəbinin nümayəndələri kimi təqdim olunan unudulmaz sənətkarların həyat yolu və yaradıcılığı, əsasən, Şuşa şəhəri ilə bağlı olub. Həqiqətən, Şuşanın qaynar mədəni mühiti, adət-ənənələri, geniş yaradıcılıq şəraiti muğam ifaçılarının yetişməsində və məşhurlaşmasında mühüm əhəmiyyət kəsb edib. Təsadüfi deyil ki, Şuşa bir vaxtlar Qarabağın konservatoriyası adlandırılıb. Qeyd olunan dövrdə Şuşa ilə yanaşı Bakı, Gəncə, Şamaxı kimi iri şəhərlər də mühüm mədəniyyət mərkəzləri hesab olunub. Burada da özünəməxsus keyfiyyətləri ilə diqqəti çəkən muğam məktəbləri formalaşıb. Lakin Qarabağ muğam məktəbi onlardan öz üslubu, ifaçılıq tərzi, dəst-xətti ilə seçilib. Qarabağ muğam məktəbinin nümayəndələri təkcə Azərbaycanda deyil, bütün Qafqaz ölkələrində məşhur olublar. Qarabağ xanəndələri, xalq çalğı alətləri ifaçıları əsrlər boyu yaranmış muğam ənənələrini novatorluqla davam etdirərək, milli mədəniyyət xəzinəmizi zənginləşdirmişlər. Qarabağ xanəndələri muğamatın oxunma üsullarına dərindən bələd olmağı başlıca şərt hesab edirlər. Bu zaman xanəndədən geniş diapazonlu qüvvətli səs, həm pəsdən, həm də zildən eyni məharətlə oxumaq tələb olunur.

Xanəndənin ustalığı yalnız onun ifa tərzi, təfəkkürü ilə deyil, təkrarolunmaz üslubu, şaqraq zəngulələri, uzun nəfəsi və improvizə bacarığı ilə ölçülür. Qarabağ xanəndələrinin oxuduqları muğamları Bakı və Şamaxı xanəndələri tərəfindən də ifa olunur. Ancaq Qarabağ xanəndələrinin ifalarında muğamlar öz məzmununa, hissələrinin sayına, keçidlərin müxtəlifliyinə, şöbələr arasında səslərin, rəng və təsniflərin rəngarəngliyinə görə seçilir. Qarabağ muğam məktəbinin tərkib hissəsini təşkil edən Ağcabədi muğam ifaçılığı məktəbi də yüksək dəyərlərə malikdir. Qarabağın qədim mədəniyyət mərkəzlərindən sayılan Ağcabədi torpağı Azərbaycan musiqi mədəniyyətinə, muğam ifaçılığı sənətinə qiymətli töhfələr bəxş edib. Azərbaycan milli musiqi sənətinin görkəmli nümayəndələri Üzeyir Hacıbəyli, Mütəllim Mütəllimov, Zülfü Adıgözəlov və Yaqub Məmmədov məhz bu torpağın yetirmələridir. Mənsub olduqları Qarabağ muğam məktəbini öz parlaq səsləri, bənzərsiz ifaları ilə zənginləşdirən böyük muğam ustaları Mütəllim Mütəllimov, Zülfü Adıgözəlov və Yaqub Məmmədov orijinal yaradıcılıqları sayəsində yeni muğam məktəbləri yaratmışlar. Respublikanın Xalq artisti Səfa Qəhrəmanov, Əməkdar artistlər Sabir Novruzov, Sahibə Əhmədova və Qəzənfər Abbasov, Əsgər Məmmədov, Tağı Salehoğlu və başqaları Ağcabədi muğam ifaçılığı məktəbinin layiqli davamçıları hesab olunurlar.

Yerli sənətkarlar Fərzalı Ağcabedinski, Nargilə Cəfərova, Səməd İbrahimov, Yetim Paşa, Rəşid Nəcəfov, Zahid Novruzov, Seyid Rasim, Fazil Heydərov, Elxan Niyazov və s. muğam ifaçılığında kifayət qədər tanınan simalardandır. Qarabağ muğam məktəbinin xarakterik cəhətlərini, ifaçılıq sənətinin əsas elementlərini özündə birləşdirən Ağcabədi muğam ifaçılığı məktəbi orijinal üslüba, estetik məziyyətlərə malikdir. Sözügedən muğam məktəbinin nümayəndələrinin ifasında məlahətli səs, yanıqlı, şirin avaz, təmkinli oxu tərzi, sərbəst zəngulələr, yüksək meliodik dramatizm, şöbə və guşələrə ustalıqla keçid, səslə musiqinin, sözün balanslaşdırılmış harmoniyası, dəstgaha meyllik, peşəkarlıqla improvizənin vəhdəti üstünlük təşkil edir. Onlar bir-birlərinə bənzəmir, özünəməxsus ifa üsulları, səs maneraları, ahəngi ilə ciddi surətdə fərqlənirlər. 1967-ci ildə təşkil edilmiş “Rast” ansamblı bölgədə istedadlı muğam ifaçılarının bir araya gəlməsində mühüm rol oynayıb. Gözəl səsə malik gənc xanəndələrin cəlb edilməsi hesabına möhkəmləndirilən kollektiv xalq ansamblı adını qazanıb, 1977-ci və 1987-ci illərdə Ümumittifaq muğam festivalının, 1985-ci ildə Ü.Hacıbəylinin 100 illik yubuleyinə həsr olunmuş müsabiqənin, 1990-1991-ci illərdə isə Beynəlxalq Xarı-bülbül festivalının qalibi kimi qızıl medallara layiq görülüb. Təəssüf ki, müəyyən səbəblər üzündən sözügedən ansambl sonralar öz fəaliyyətini dayandırıb. Belə bir adlı-sanlı ansamblın bərpası, onun keçmiş şöhrətini özünə qaytarılması üçün ciddi addımlar atmağın vaxtı çoxdan çatıb. 

Hazırda bölgədə fəaliyyət göstərən çoxsaylı muğam ifaçıları tez-tez müxtəlif mərasimlərə, el şənliklərinə, toy məclislərinə qatılır, respublika və beynəlxalq miqyaslı tədbirlərdə çıxışları ilə muğam sənətinin yaşaması və inkişafı üçün səy və bacarıqlarını nümayiş etdirirlər. Onların II “Muğam Aləmi” Beynəlxalq festivalında fəal iştirakları da bu baxımdan səciyyəvidir. Xanəndələrdən Asif Xəlilov, İnqilab Quliyev, Asif Aliyev, İbadət Ağayev, Gülbuta Şirinova, Zülfiyyə Yusifova, Nigar Qurbanova, Anar Rasimoğlu və başqaları muğam sənətinin təbliğində və gənc nəslə çatdırılmasında xüsusi fəallıq göstərirlər. Bölgədə, bütövlükdə, regionda muğam ifaçılığının geniş yayılmasında və inkişaf etdirilməsində Heydər Əliyev fondunun təşəbbüsü ilə yaradılmış Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin xüsusi rol oynadığını da qeyd etmək yerinə düşər. Respublikamızda son illər muğam sənətinə dövlət dəstəyinin, diqqət və qayğısının artırılması, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən bu sənətə yüksək qiymət verilməsi, hamilik göstərilməsi ölkənin hər yerində olduğu kimi, Ağcabədi rayonunda da muğam ifaçılığının geniş inkişaf etməsi, yeni nəsil ifaçılarının üzə çıxarılması və yetişdirilməsi üçün möhkəm zəmin yaradıb.

Yəhya PAŞAZADƏ

Xəbər lenti

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

“Rəqəmsal icra hakimiyyəti”

“Rəqəmsal icra hakimiyyəti” portalı istifadəyə verilib. Portal vətəndaş qəbulu, xidmətlər, elektron iştirakçılıq və məlumatlandırma bölmələri olmaqla 4 istiqamətdə vətəndaşlara xidmət göstərir.

Şərhlər