Mehtiyev Məzahir əsl sənət adamı idi. O, Azərbaycan Dövlət İncəsənət Universitetini bitirdikdən sonra uzun müddət Hacıbədəlli kənd Mədəniyyət Evinin, sonra isə on ilə yaxın Y.Məmmədov adına Ağcabədi şəhər Mədəniyyət Mərkəzinin müdiri vəzifəsində çalışıb. Məzahir müəllim peşəkar sənətkar, sənət adamı olmaqla bərabər, gözəl insan idi. Məzəli, duzlu söhbətləri ilə ürəklərə yol tapan Məzahir həm də çox hazırcavab idi. Kamançada özüəməxsus ifa tərzi olan bu sənətkarı amansız ölüm bu ilin yanvarında aramızdan apardı…
Mehtiyev Sədəfxanım Məzahir müəllimin yadigarı və sənət yolunun dvamçısıdır. 2000-ci ilin oktyabr ayının 9-da Hacıbədəlli kəndində dünyaya göz açan Sədəfxanım kəndlərindəki tam orta məktəbi bitirdikdən sonra 2016-cı ildə Ağdam Musiqi Kollecinin fortepiano bölməsinə daxil olub və bu təhsil ocağını uğurla başa vurub. Bu il Azərbaycan Dövlət Pedaqoji Universitetinin musiqi müəllimliyi fakültəsinə qəbul olub. Atasının sənət yolunu davam etdirən Sədəfxanımla görüşüb xeyli söhbət etdik. O, belə dedi: “Atam hələ uşaqlıqdan məndə musiqiyə həvəs oyatmışdı. O, asudə vaxtlarında sevimli gitarasında müxtəlif mahnı və etüd çalanda həmişə yanında olardım. Onun ifasına diqqətlə qulaq asar, mən də peşəkar musiqiçi olmaq istəyərdim. Elə alındı ki, musiqiyə böyük həvəs məndə fortepianoda özünü göstərdi. Bu musiqi alətində ifa edəndə yorulmaq nə olduğunu bilmirəm. Daha çox və mükəmməl ifalar etmək istəyirəm. Çalışıram ki, peşəkar bir musiqiçi kimi yetişim və dinləyicilər mənim ifama qulaq asanda estetik zövq alsınlar. Və bir də,mənə elə gəlir ki, mən bir musiqini ifa edəndə atam məni uzaqdan seyr edir, başının işarəsi ilə musiqi seçimimdə məmnun olduğunu işarə edir.
Mən də öz növbəmdə çalışıram ki, layiqli davamçı olum, onun adını yaşadım…”
Sədəfxanım anası Sədaqət xanıma mahnı həsr edib, bəstəliyib. Çox həzin kövrək və layiqli bvəstədir bu mahnı. Sədəfxanım həm fortepianoda ustalıqla çalır, həm də özü solo mahnılar ifa edir. Məqsədi atasının layiqli davamçısı olmaq, onun musiqi yolunu uğurla davam etdirməkdir.
Sədəfxanımda gəncliyə xas olan yüksək enerjili olmaq keyfiyyəti özünü açıq büruzə verir. O, həmkəndlisi, Asəf Zeynallı adına Musiqi Kollecinin tələbəsi vokalçı Mirhəsənlə sıx əlaqədə işləyir. Öz üzərində müntəzəm çalışır, hər gün müntəzəm olaraq bir neçə saat sevimli fortepianosu ilə musiqiylə məşğul olur. O, xüsusi layihə əsasında “Asan Xidmət” Mərkəzində bir sıra musiqili tədbirlər həyata keçirilib. “Ağdamın sədası”, “Şərqin ilk opera yazan qadını Şəfiqə Axundovanın Anım Günü” , Üzeyir Hacıbəylinin anadan olmasının 136-cı ildönümü ilə əlaqədar “Üzeyirli musiqi dünyamız” adlı tədbirlərin hazırlanıb, ərsəyə çatmasında əmək sərf edib.
Bir gənc musiqiçi kimi Sədəfxanım Mehdiyevanın arzuları çoxur. O, ali məktəbdə təhsilini uğurla davam etdirmək, solo fortepiano və rejissorluq etməyi də dərindən mənimsəmək məqsədini qarşısına təxirəsalınmaz bir vəzifə kimi Sədəfxanım həm də özünü caz musiqisi sahəsində sınamaq niyyətindədir. Onunla xeyli Azərbaycan caz sənətinin banisi Vaqif Mustafazadənin caz musiqisindən və bu musiqi ilə sintezləşdirilən muğamın gücündən danışdıq. Və V.Mustafazadənin Əzizənin atasının xatirəsinə həsr etdiyi “Mən Vaqifin qızıyam” kompoziyasını xatırlatdım. Burada Əzizənin bir pionoçu və caz bəstəkarı kimi fəaliyyətindən söhbət açdım. Sədəfxanım məni qabaqladı, bilirəm nəyə işarə edirsiniz dedi. Mən də mütləq atamın xatirəsinə musiqi bəstələyəcəyəm. Amma hələlik bu musiqinin hansı janrında olacağını heç özüm də bilmirəm, dedi.
Göründüyü kimi, qarşıda gənc musiqiçi Sədəfxanım böyük yaradıcılıq işləri gözləyir. Onda olan dərin nikbinlik, enerji və yaşayıb, yaratmaq hissələri ümid verir ki, onun peşəkar bir musiqiçi kimi yetişərək Ağcabədimizin adını çox-çox uzaqlarda səsləndirəcəyinə inanaq. Həm də bizdə onun atasının çoxşaxəli musiqi yolunun layiqli davamçısı kimi tanınacağına əmin olaq.
Adil MİSİRLİ