Keçdiyi döyüş yolu ilə şöhrət tapan qazi

Bu həyatda  heç nə asanlıqla əldə olunmur.  Hər şeyə yalnız mübarizə ilə nail olunur.  Biz uzun illər düşmən tapdağı altında qalan Qarabağ torpaqlarını azad etməli idik. Buna cəsarət, mübarizə əzmi lazım idi.  Bu şərəfli vəzifəni yerinə yetirmək müstəqil və güclü Azərbaycanımızın gəncliyinə nəsib oldu.  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  Müzəffər Ordumuz 30 il işğal altında qalan torpaqlarımızı azad etdi. İllərlə çəkilən həsrətə son qoyuldu.

Vətən uğrunda mübarizədə, canını fəda edən igid  qazilərimizdən biri də Mamedov  Samir  Eldəniz oğludur. O, 1993-cü ilin noyabr ayının 10-da Ağcabədidə anadan olub, orta təhsilini M.F.Axundov adına 3 saylı məktəb-liseydə  almışdır. Hər bir Azərbaycan övladı kimi Samir də vətənə xidmət borcunu yerinə yetirmək üçün 2012-ci ilin yanvar ayında   Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində   Milli Ordunun əsgəri kimi    xidmət etməyə başlayıb.  Cəsur əsgər 2013-cü ilin iyul ayında ordudan tərxis olunmuşdur. O,  2014-cü ildən Ağcabədi rayonunun Qaradolaq kəndində  “N” saylı hərbi hissədə tank taborunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət etməyə başlamışdır. Hərbi qulluqçumuz  2020-ci ilin sentyabr ayının 27-də, II Vətən müharibəsi başlayanda I tank bölüyündə 2-ci tankın sürücü-mexaniki kimi Füzuli rayonunun Alxanlı kəndi istiqamətində  gedən  döyüşlərə qatılmışdır. Ağır döyüşlərin birində  adıçəkilən kənddə  Samir minaya düşür və müxtəlif  bədən xəsarətləri alır. Yaralanmasına  baxmayaraq,  onun düşmənə olan nifrəti və  döyüş əzmi azalmır. O, yenidən 2020-ci il oktyabr ayının 2-də Füzuli,Xocavənd, Cəbrayıl uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir.  Adıçəkilən  şəhərlərin azad olunmasında igid  hərbçimizin böyük xidmətləri olub.   Samir 2020-ci il oktyabr ayının 27-də Xocavənd rayonunun Hadrut qəsəbəsində döyüş tapşırığını  yerinə yetirərkən düşmən minamyotlarından atılan mərmilər nəticəsində bədəninin müxtəlif nahiyələrindən ağır qəlpə yaraları  almışdır. Yaralandığı gündən  qazimiz  Bakı şəhərində yerləşən  hərbi hospitalda müalicə olunmağa başlamışdır. İgid döyüşçünün müalicəsi hazırda davam etdirilir.

Qorxmaz tankçının    döyüşlərdəki xidmətləri  nəzərə alınaraq cənab Prezident İlham Əliyevin  Sərəncamı ilə “ Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”,  “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

H.QULUZADƏ

Şərhlər