Bu günlərdə Şahsevən Təzəkənd kənd tam orta məktəbində əslən həmin kənddən olan yazar Eldəniz Qədirovun yenicə işıq üzü görmüş “Kəndimizin qırx dörd günü” kitabının təqdimatı keçirilmişdir. Mərasimdə adıçəkilən məktəbin müəllim və şagirdləri, Birinci Qarabağ müharibəsinin qaziləri, kənd sakinləri, media mənsubları iştirak ediblər.
Tədbirin aparıcısı, məktəbin dil-ədəbiyyat müəllimi Sahibə Vəliyeva yığıncağı açıq elan edərək, iştirakçıları salamlayıb. O, yerli yazar Eldəniz Qədirovun həyat və fəaliyyəti haqqında məlumat verib. Qeyd olunub ki, Vətən müharibəsi günlərinə həsr olunmuş “Kəndimizin qırx dörd günü” kitabı mövzu və bədii dəyər etibarı ilə mühüm əhəmiyyət kəsb edir. Şahsevən Təzəkənd kəndinin timsalında Azərbaycan kəndinin Vətən müharibəsi günlərində yaşadığı anlar kitabda çox real şəkildə öz əksini tapıb.Kitab oxuculara yüksək vətənpərvərlik hissləri aşılayır.
Mərasim zamanı çıxış edənlər yazıçı Eldəniz Qədirovun “Kəndimizin qırx dörd günü” kitabı haqqında öz fikir və mülahizələrini bildirib, müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.
Tədbir zamanı məktəb şagirdlərinin Vətən və şəhidlər mövzusunda şeirlər mərasim iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.
“Aran”