Ağlama, şəhid anası! Ağlama, ürəyimin yarası. Ağlama dərdimin hamısı. Ağlasan, əriyər gözlərinin qarası, ağrıyar şəhid balanın yarası. Ağlama, artıq, Vətən torpağıdır oğlunun yarası.
Sən elə oğul böyütdün ki, Vətənin oğlu oldu. Düşmənin gözünü ovdu. Gülləsini torpağımıza göz dikənin düz ürəyindən vurdu. Sənin oğlunun qeyrəti, təpəri nəticəsində dünənədək bizə yuxarıdan-aşağı baxan düşmən özü aşağılandı, ayaqaltı oldu.
Ağlama, şəhid anası! Qoy, getməsin əllərinin xınası. Sən oğul anasısan. Sənin oğlun həyat verdi neçə ömrə. Qalib şəhidin anası ağlamaz. Ağlasan, yaramız sağalmaz.
Sil, gözlərinin yaşını. İndi Vətəndə hamı dik tutur başını…
Sən yaramıza məlhəmsən, sən neçə-neçə sənsən, mənsən şəhid anası. Sən özündən də böyük təsəllisən. Sən Zəfər, Qələbəsən, şəhid anası! Oğlunun bizə əmanət qoyduğu şəhid anasısan. Ağlama anam, ağlama bacım! Ağlama, şirinim, həsrətim, acım… Sən ağlayanda göylər də ağlayır. Ağlama, qoy göylər göynəməsin. Oğlunun ruhu ordan bizi qürurla seyr etsin.
Oğulların şəhid olduqları dövrdən bir il keçir. Analar bir-birinə söykək olur, daha da doğmalaşır. Bir şəhid anasının baxma ki, dərdi başından aşır. Bir az arxaya çəkib öz dərdini, ürəyində başqa şəhid anasının dərdinə yer ayırır. Dərdləri yüngülləşsin, deyə…
Siz qalib şəhidlərin analarısınız. Oğullarınız şəhid oldular ki, canlarını verdikləri, qanlarını tökdükləri Ana torpaq bir ovuc da olsa, böyüsün. Torpaq, Vətən azad olsun, çiçəklənsin. Gələcək nəsillər daha da ürəklənsin. Xalqımız qürurlanıb, fərəhlənsin. Azad yaşasın atalar, analar, oğullar, qızlar. Şəhid oğullar ölümün üzünə güldülər ki, analar ağlamasın. Şəhid anaları ağlamasınlar…
Adil MİSİRLİ