Şairin yeni kitabı işıq üzü görüb

Quliyev Zahid Hacıqulu oğlu (Zahid Avşar Eloğlu) 1952-ci ildə rayonumuzun Avşar kəndində anadan olub. O, 1968-ci ildə N.Gəncəvi adına Avşar kənd orta məktəbini, 1978-ci ildə isə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun biologiya fakültəsində təhsil alaraq, Azərbaycan dili və ədəbiyyat ixtisasınan yiyələnib.

Zahid müəllim uzun illər rayonda pedaqoji fəaliyətlə məşğul olub. Onun həmin illərdə şeir yaradıcılığı da diqqəti çəkib. İstedadlı qələm sahibi Yadıma sən düşürsən”, “Dağlar dağımdır mənim”, “Şəhriyarla söhbət”, “Haqdan gələn səs” kitablarının müəllifidir. 2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair Orta Asiya Yazarlar və Tarixçilər Birliyi Yöneticiləri Konseyi, “Yanqı Ovoz”, Böyük “Turan Birimdiqi” medalları ilə təltif edilmişdir. 

Xalq dilini dərindən bilən Zahid Eloğlu əsl təbiət şairidir. Onun şeirlərində zəngin təbiət lövhələri xüsusi yer tutur. Şairə görə, təbiətə yaratdıqlarına kənardan müdaxilə etmək lüzumsuzdur. Çünki təbiət özü hər şeyi zərgər dəqiqliyi ilə ölçüb, biçib. Bunları gözəl anlayan Zahid Avşar Eloğlu bilir ki, təbiət öz axarı ilə getsə, hər şey daha mənalı və məntiqli olar. 

Adət-ənənələrə, folklorla bağlı olan şair həm də təbii deyim tərzinə malikdir. Dili(şeir dili) duzlu və eyni zamanda həlim, yumşaq,ürəyəyatımlıdır. Buna görə də şeirlərində yaratdığı obrazları canlıdır:

Bulaq üstə su doldurub gələn qız,

Səhəngini yanağından yana tut.

Zahid Eloğlunun poeziya dili olduqca şirin, həzin və ürəyəyatımlıdır. Çünki bu dil dilin çalarlarını bilən, əsl tərəkəmə, xalq dilində  oxucu ilə təmas quran püxtələşmiş bir şairin dilidir. O, adi təbiət hadisələrinin öz axıcı, rəvan dili ilə həqiqi mənzərəsini yaratmağı bacaran şairdir. 

Vətən torpağının düşmən tapdağında olduğu vaxt vətənpərvər şair torpaqla ayrılığı görün necə təsvir edir:

Nə vaxtdan bəridir qıy səsi gəlmir,

Deyirlər,qartallar lald o üzdə, 

Qırxqızın, Murovun qəddi dikəlmir,

Daşların xınası kaldı, o üzdə.

Vətən torpağının, meşələrini, təbiətini ürəkdən sevən Zahid müəllimin qartalları da şeirləri olduqca səmimidir.

Qartallar təbiətin bir övladı, yuva saldıqları dağda rahat nəfəs ala bilmir. Uzaqdan olsa da, bu doğma torpaqda yadların, özgələrin olduğunu yaxşı hiss edir, duyurlar. Odur ki, qartal qıy vurmur, onun səsi gəlmir. Qartal bu torpaqların əzəli sahiblərini gözləyir ki, vüqarlı görkəmi ilə qürurlansın, qartallaşsın. Özünü doğma adamların yanında, öz dağımızda hiss etsin… Şair bu mənzərəni real lövhələrlə əks etdirməyə nail olub. 

Vətən sevgili Zahid Eloğlu şairin ən iti, kəsərli silahının qələm olduğunu çox dəqiqlik və bədiiliklə ifadə edir:

Qələm qılıncımdı, qılıncım qələm,

Qılınc sol qolumdu, qələm sağ qolum.

Başımın üstündə üçrəngli bayraq,

Qələmlə yazılır uğurlu yolum.

Zahid Eloğlu təbiət vurğunudur. O, təbiətin dünyada, həyatımızda oynadığı rolu çox yaxından anlayır. Təbiət şeirlərində o, sanki, poetik dillə meşələrlə, dağlarla, yəni təbiətin özü ilə danışır. Çünki o, dərin müşahidə qabiliyyətinə və istedadına görə təbiətin dilini bilir, başa düşür. Odur ki, yazdıqları təbii, həyatın özündən götürüldüyündən oxucuya xoş gəlir, onun ürəyindən xəbər verir. 

Ağrıdan əyilib çılpaq ağaclar, 

Dağların dağlardan uca vaxtıdır.

Evlərin damında bardaş qurub qar, 

İstinin, tüstünün baca vaxtıdır.

Bu misralar nə qədər cazibədardır. Qarın bardaş qurması, tüstünün “baca vaxtının” gəlməsi yeni deyim kimi ,çox doğmadır. Çünki səlis, təmiz poeziya dili ilə deyilib. Belə şeirləri oxuyanda istər-istəməz, oxucu sevinir, şairə onda yaratdığı ovqata görə ürəyində sağ ol deyir…

Zahid Eloğlunun şeirlərindən çox danışmaq olar.İndi söz oxucunundur. Şairin yenicə çap olunmuş “Qoca Palıdın dastanı” kitabını oxusanız, onun yaratdığı poeziya nümunələrinin canlı sərgisidir. 

Adil MİSİRLİ

Şərhlər