Ürəklər bir olanda…

Dərd var ki, tək çəkilmir. Onun böyüklüyü bir qəlbə sığmır. Amma buna baxmayaraq, dərd çəkilməlidir. Həyat öz  təbii axarı ilə davam etməlidir. Bu heç də unutqanlıq deyil. Əksinə, insan oğlunun gücünün, doğma torpağa bəslədiyi tükənməz Vətən sevgisinin təcəssümüdür. 

Vətənimiz son müharibədə xeyli sayda şəhid verdi. Rayonundan, kəndindən asılı olmayaraq, ürəkləri Vətən eşqi və doğma torpağa böyük məhəbbətlə döyünən qeyrətli oğullar cavan ömürlərindən keçilər. Torpağı al qanlarına boyayıb şəhid oldular. Vətən yaşasın, sağ olsun deyə.

İndi Vətənin hər yerində şəhid oğulların xatirəsi əziz tutulur, hörmətlə yad edilir. Ruhlarına dualar oxunan şəhidlərin ölməz adları əbədiləşdirilərək, tarixin bir səhifəsinə çevrilir.

Müxtəlif məkanlardan olan şəhid anaları, valideynləri bir-birinin səsinə səs verir,dərdinə söykək olurlar.Artıq Ağcabədi və Masallı rayonlarının şəhid valideynləri arasında sıx əlaqə yaranıb. Bir qayda olaraq ağcabədililər şəhidlərlə bağlı mərasimlərdə iştirak etmək üçün Masallıya yollanır, onlar da yağışa, soyuğa baxmayaraq tez-tez Ağcabədiyə, şəhid ailələrinə baş çəkirlər. Başqalarının dərdinə şərik olan şəhid valideynləri balalarını bir-birindən ayırmır, dərdlərini çəkmək mümkün olsun deyə birləşirlər. Çünki onların oğulları, şəhidlər müqəddəs Vətən, Torpaq uğrunda canlarını fəda etdilər. Onlar ömrə əlvida deyib cənnətə getdilər. İndi azad Vətənin üzü gülür, Torpaq azad nəfəs alır. Bunu bizə canları, qanları bahasına igid, qəhrəman, ölməz həmvətənlərimiz bəxş etdilər. Və biz bu gün bir daha anladıq ki, böyük xalqıq. Vətəni, Torpağı canımızdan artıq sevən bir məmləkətin övladlarıyıq. Onu da dərindən başa düşdük ki, güc birlikdədir. Biz bir olanda hər cür ələmə qalib gələ,qələbə çala bilirik. 

…Vətən sağ olsun,  şəhidlərimizin ruhu şad olsun! 

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Əvvəlki məqaləUzaqları daha yaxın edək
Növbəti məqalədəTəlim və tədbirlərin yekunu

Şərhlər