YAP Ağcabədi rayon təşkilatında videokonfrans keçirilmişdir

                

         Oktyabr ayının 16-da YAP Ağcabədi rayon təşkilatı“Dövlət Müstəqilliyinin bərpası”nın 30-cu ildönümü münasibətilə  videokonfrans  keçirmişdir.YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov videokonfransı açıq elan etmiş, Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

     Təşkilat sədri Rövşən Əhmədov məruzə edərək bildirdi ki, bu gün Azərbaycan təkcə sosial-iqtisadi istiqamətdə deyil, elm, incəsənət və mədəniyyət sahəsində də dünyanın sürətlə inkişaf etməkdə olan gənc dövlətlərindən biridir. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təhsil şəbəkəsinin müasir tələblər səviyyəsində qurulması, dünyanın bir çox dövlətləri ilə hərtərəfli mədəni əlaqələr ölkəni regionun aparıcı dövlətlərindən biri kimi tanıdıb. Azərbaycan bundan sonra öz müstəqilliyini daha da möhkəmləndirəcək, 44 günlük şanlı Zəfər Qələbəsi ilə işğaldan azad edilmiş ərazilərimizdə sürətlə həyata keçirilən quruculuq və pərpa işləri respublikamızın iqtisadi potensialını daha da artıracaqdır. Cənab İlham Əliyev müharibə dövründə bir sərkərdə kimi, müharibədən sonrakı dövrdə isə ölkədə böyük quruculuq, inkişaf layihələrinin müəllifi olaraq novator- islahatçı Prezident kimi imic qazanmışdır.

    Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurmuş, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa etmişdir. Beləliklə, 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul olunduğu 28 may Azərbaycan Respublikasında müstəqillik günü, 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə müstəqilliyin bərpası günü hesab olunması daha düzgün hesab edilməlidir.

    Bununla bağlı Azərbaycan Respublikasının Milli Məclisi oktyabrın 12-də keçirdiyi plenar iclasında Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara almışdır ki, hər il Mayın 28-i Müstəqillik Günü, Oktyabrın 18-i Müstəqilliyin Bərpa olunması günü kimi qeyd  edilsin.

     Rövşən Əhmədov sonda qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyev müstəqilliyimiz haqda dediyi  məhşur ifadə ilə çıxışımı yekunlaşdırmaq istəyirəm: “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”. Müstəqilliyimizin əbədi, daimi və dönməz olması üçün isə, təbii ki, ölkəmizin hər bir vətəndaşı səylə çalışmalı, üzərinə düşən vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirməlidir.

    Konfransda    Yeni Qaradolaq YAP ərazi ilk təşkilat sədri Bayramİsmayılov, 5 saylı ərazi ilk təşkilatının sədri Fəridə Allahverdiyeva, ADPU-nun Ağcabədi filialının  direktor müavini, dosent  Mahir Səlimov, Ağcabədi Pedaqoji Kollecinin  şöbə müdiri, II Qarabağ müharibəsinin iştirakçısı Bəxtiyar Əliyev, YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin üzvü Röyalə Yaqubzadə  çıxış edərək  Dövlət Müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, məsələ ilə bağlı öz fikirlərini bölüşmüşlər.

   N.Bünyatov

  YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri

Şərhlər