Hədəfimiz daha yüksək nəticə qazanmaqdır

Ağcabədi şəhər 9 saylı tam orta məktəbi rayonun sayılıb-seçilən tədris müəssisələrindəndir. Burada 533 nəfər şagirdin təlim-tərbiyəsi ilə 57 nəfər müəllim məşğul olur. Onların 3 nəfəri respublikanın əməkdar müəllimi, 1 nəfəri isə qabaqcıl təhsil işçisidir.

Sözügedən təhsil ocağında Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi də fəaliyyət göstərir. Rus bölməsinə ixtisaslı pedaqoqlar cəlb olunub. Uyğunlaşdırılmış binada yerləşməsinə baxmayaraq, məktəbdə təlimin yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaradılıb.

Məktəbin direktoru Rizvan Quliyevin sözlərinə görə, kollektivdə nizam-intizam qaydalarına ciddi riayət olunur. Müəllimlər öz işlərinə tələbkarlıqla yanaşırlar. Təsadüfi deyildir ki, pedaqoji heyət hər il təlim-tərbiyə sayəsində uğurlar qazanır. Onların səmərəli fəaliyyəti sayəsində məktəbin yetirmələri ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə edirlər.

Təkcə ötən dərs ilində məktəbi bitirən 47 nəfər məzundan 24 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olunub. Onların 2 nəfəri Seçonov adına Tibb Universitetində təhsil alır. Rizvan müəllim qeyd edib ki, pandemiya şəraiti olmasaydı, uğurlar daha böyük ola bilərdi.

Halbuki 2019-2020-ci tədris ilində məktəbin 31 nəfər məzunu ali məktəb tələbəsi adını qazanmışdı. Direktorun qənaətinə görə, bu heç də ruhdan düşməyə əsas vermir. “Hədəfimiz cari dərs ilində yüksək nəticələr əldə etməkdir”.

R.Quliyev yeri gəlmişkən qeyd edib ki, tədris müəssisəsində koronavirus pandemiyasına qarşı geniş mübarizə tədbirləri aparılır. İlk növbədə, tədris prosesinin karantin qaydaları çərçivəsində qurulması diqqət mərkəzində saxlanılır. Dərslərdə, eləcə də fasilələrdə həm müəllimlər, həm də şagirdlər tərəfindən qaydalara ciddi əməl olunur.

Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər