Rayonda pambığın əvvəlki şöhrəti qaytarılıb

Respublikamızda qeyri-neft sahəsinin inkişaf etdirilməsi məqsədi ilə qarşıya qoyulmuş vəzifələr uğurla həyata keçirilir. Ölkə iqtisadiyyatının başlıca istiqamətlərindən hesab edilən kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişafı dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Son illər görülmüş tədbirlər nəticəsində respublikanın bölgələrində pambıq istehsalının artırılması üçün geniş imkanlar yaradılıb.

Prezident İlham Əliyevin sədrliyi ilə 2016-cı ildə Sabirabadda keçirilən pambıqçılığın inkişafına dair respublika müşavirəsindən sonra bu mühüm təsərrüfat sahəsində ciddi dönüş yaranıb. Növbəti illərdə dövlət başçısının pambıqçılıqla bağlı qarşıya qoyduğu vəzifələr və verdiyi tapşırıqlar öz bəhrəsini verib. Daha dəqiq desək, Prezidentin sözügedən müşavirədəki çıxışı pambıq istehsalçılarında, fermerlərdə böyük ruh yüksəkliyi yaradıb, onları da yaxşı işləməyə səfərbər edib.

Ölkənin ən iri pambıqçılıq rayonlarından sayılan Ağcabədidə də bu gəlirli kənd təsərrüfatı sahəsinə geniş meydan verilib. Göstərilən yüksək diqqət və qayğısı sayəsində bölgənin pambıqçılıq təsərrüfatlarında hər il bol məhsul yetişdirilir.

Bütün bunlar rayonda pambıqçılığa münasibətin kökündən dəyişdirilməsi, təsərrüfatlara texnikanın geniş cəlb edilməsi, pambığın satınalma qiymətinin artırılması və fermerlərə dövlət tərəfindən müvafiq güzəştlər edilməsi sayəsində mümkün olub.

Ötən təsərrüfat ilində pambıqçılarımız tərəfindən 10 min 689,2 hektar sahədən 37 min 932 ton “ağ qızıl” tədarük olunub. Əkin sahələrinin hər hektarından 35,5 sentner məhsul götürülüb.

Cari ildə rayonda pambıq əkin sahələri daha da genişləndirilib. Rayon üzrə 11 min hektardan çox pambıq əkini sahəsində həyata keçirilən yüksək aqrotexniki tədbirlər sayəsində bol məhsulun əldə olunması üçün real  zəmin yaradılıb. Bunun nəticəsidir ki, fermerlər sahələrdən yaxşı məhsul götürülməsinə nail olurlar. Doğrudur, son günlər havaların yağmurlu keçməsi təsərrüfatlarda yığımın sürətini aşağı salıb. Lakin yaranmış vəziyyət fermerləri ruhdan salmayıb. Pambıqyığan maşınların gücü ilə hər gün tarlalardan 800-1000 ton məhsul toplanılır. Rayonun təsərrüfatlarında indiyədək 14 min 437 tondan çox pambıq toplanılaraq, təhvil verilib. Təkcə oktyabrın 18-də rayon üzrə 1128 tondan çox məhsul tədarük edilib. Təsərrüfatların pambıq yığımına 54 ədəd kombayn cəlb edilib.

Rayon fermerləri, istehsalçılar hazırda havaların əlverişli keçməsindən yararlanaraq, pambıq yığımının qısa müddətdə itkisiz başa çatdırılması üçün bütün imkanları səfərbər ediblər.

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər