M.F.Axundov adına 3 saylı məktəb-liseyi rayonun qabaqcıl tədris müəssisələrindən sayılır. Pedaqoji kollektivin səyi ilə hər il burada təlim-tərbiyə sahəsində yüksək nəticələr əldə olunur. Təsadüfi deyildir ki, məktəb-liseyin yetirmələri ali məktəblərə qəbul imtahanlarında daim fərqlənirlər.
Təhsil ocağının məzunları ötən dərs ilində də yaxşı nəticələrə imza atıblar. Həmin vaxt məktəb-liseyi bitirən 57 nəfər məzundan 40 nəfəri yüksək balla ali, 3 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunub. Onlardan biri də Mahnur Hacıyevadır. O,3 saylı məktəb-liseyin məzunları arasında ən yüksək nəticə göstərərək 647 balla Bakı Dövlət Universitetinin ingilis dili şöbəsi üzrə hüquq fakültəsinə daxil olub.
Mahnur 2005-ci ildə Ağcabədi şəhərində anadan olub. O, hələ aşağı siniflərdən dərslərini yaxşı oxuyub. Bilik və bacarığı ilə həmişə sinif yoldaşlarını qabaqlayıb. İstedadlı şagird rayonda və respublikada keçirilən fənn olimpiadalarına müntəzəm qatılıb. Hətta tarix fənni üzrə respublika olimpiadasında yüksək səviyyədə iştirak edərək III yer tutub.
Mahnur Hacıyeva ali məktəbə qəbul imtahanlarına böyük həvəs və fədakarlıqla hazırlaşıb. O, gecəsini gündüzünə qataraq, biliklərə dərindən yiyələnib. Valideynləri, müəllimləri bu zaman onun hər cür qayğısına qalıb, köməkliklərini əsirgəməyiblər.
Mahnurun uğuru valideynlərini, müəllimlərini, sinif yoldaşlarını çox sevindirib. Məktəb-liseyin direktoru Mətanət Quliyeva ondan ürəkdolusu, fəxrlə danışır.
Gənc qız tələbə adına layiq görülməsində böyük əməyi, zəhməti olan atası Vüqara, sevimli müəllimlərinə təşəkkürünü və minnətdarlığını bildirir.
Yəhya PAŞAZADƏ