Vətənə həsr olunan ömür

Milli Ordumuz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 il erməni tapdağında inildəyən müqəddəs torpaqlarımız xilas olunub. İgid əsgər və zabitlərimiz 44 gün ərzində öz canları, qanları bahasına mənfur düşmən üzərində zəfər çalaraq başımızı bayrağımızı uca etdilər, hər birimizə qələbə sevinci yaşatdılar.  Onlar ordumuzun gücünü, qələbə əzmini bütün dünyaya nümayiş etdirib, şanlı hərb tariximizə yeni parlaq səhifələr yazdılar.

Həmin qəhrəman Vətən oğullarından biri də həmyerlimiz cəsur komandir, mayor Elşad Heydərovdur. Elşad Teymur oğlu Heydərov 1985-ci ildə rayonun Təzəkənd kəndində ziyalı ailəsində dünyaya göz açıb. O, 2003-cü ildə sözügedən kənd tam orta məktəbini müvəffəqiyyətlə bitirib,  Azərbaycan Beynəlxalq Universitetinin ekologiya və təbiətdən istifadə fakültəsinə qəbul olunub. 2007-ci ildə ali təhsilini başa vuraraq, ekoloq, təbiətdən istifadə mütəxəssisi ixtisasına yiyələnib.

Xaraktercə cəsarətli, vətənpərvər insan olan bacarıqlı gənc Vətənə hərbçi kimi xidmət etmək qərarına gəlib.  Valideynləri onun bu istəyinə etiraz etməyiblər. Elşad həmin istəklə də Azərbaycan Silahlı Qüvvələrinin Təlim-tədris Mərkəzində ehtiyat zabit hazırlıq kursuna daxil olub.  Həmin təlim-tədris kursunda 4 ay təlim keçdikdən sonra 16 oktyabr 2007-ci ildə leytenant rütbəsi alıb, motoatıcı tağım komandiri kimi Qazax rayonunda fəaliyyət göstərən “N” saylı hərbi hissədə xidmətə başlayıb. O, xidmət göstərdiyi illərdə peşəkar zabit kimi yetişib, mayor rütbəsinə qədər yüksəlib.

E. Heydərov səriştəli zabit kimi müxtəlif hərbi hissələrdə qulluq edib, Vətənin keşiyində ləyaqətlə dayanıb. II Qarabağ müharibəsi başlananda qorxubilməz Vətən oğlu komandiri olduğu hərbi hissə ilə birlikdə cəbhənin qaynar nöqtələrinə atılıb. Onun rəhbərlik etdiyi uğurlu əməliyyatlar nəticəsində düşmənə sarsıdıcı zərbələr vurulub, xeyli sayda canlı qüvvə və hərbi texnika məhv edilib.

İgid komandir 28 sentyabr 2020-ci ildə Talış kəndi ilə Suqovuşan istiqamətində gedən ağır döyüşlərin birində düşmən mövqeyində piyada əleyhinə minaya düşərək, sa ayağın itirib. Özünün dediyi kimi, bundan zərrə qədər heyfslənməyib. Vətən yolunda canını fəda etməsindən qürur duyub. O, ancaq müzəffər Ordumuzun qələbə yürüşlərində sonadək iştirak edə bilməməsindən təəssüflənir. Təsəllisi bu olub ki, silahdaşları, döyüş yoldaşları qələbəyədək gedib, düşmən ağır məğlubiyyətə uğradılaraq, torpaqlarımızdan təmizlənib…

Qazi yaraları sağaldıqdan sonra 2 gözəl oğul övladını böyütmək, Vətənə  dinc quruculuq işlərində xidmət etmək istədiyini bildirib. O, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun sərəncamı ilə 17 may 2021-ci ildən Təzəkənd inzibati ərazi vahidi üzrə nümayəndə vəzifəsində çalışır. Keçmiş döyüşçü əmək cəbhəsində də layiqincə xidmət göstərir, vəzifəsinin öhdəsindən layiqincə gəlir.

Qəhrəman qazimizin Vətən qarşısında xidmətləri dövlətimiz tərəfindən yüksək dəyərləndirilib. Onun sinəsini Azərbaycan Silahlı Qüvvələrinin 92 və 100 illiyi yubiley medalı, 3-cü dərəcəli “Qüsursuz xidmətlərə görə”, “Cəsur döyüşçü” və “Suqovuşanın azadlığı uğrunda” medalları bəzəyir. İnanırıq ki, Elşad Heydərov bu estafeti əmək sahəsində də ləyaqətlə davam etdirəcək.

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Əvvəlki məqaləUğur olsun, Mahnur!
Növbəti məqalədəFermerin nailiyyəti

Şərhlər