Onlayn tədbir keçirilib

20.10.2021-ci il tarixdə Ağcabədi, Zərdab və Füzuli  rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə Vətən müharibəsinin ildönümünə və 44 gün ərzində böyük qəhrəmanlıq göstərərək, işğal altındakı torpaqlarımızı azad edərkən həlak olan şəhidlərimizin xatirəsinə həsr olunmuş “Hər bir şəhid xalqın qəhrəmanıdır” mövzusunda onlayn tədbir keçirilib. Tədbirdə Zərdab, Füzuli və Ağcabədi Heydər Əliyev Mərkəzlərinin kollektivi, Füzuli Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları, şəhidlərin ailə üzvləri və yaxınları iştirak ediblər. Əvvəlcə, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfər haqqında geniş məlumat verib. Şanlı qələbənin qazanılmasında hərbiçilərimizn əvəzsiz rolu olduğunu vurğulayan natiq Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsi olduğunu qeyd edib. Daha sonra Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi Xanım İmanova Mərkəzdə nümayiş olunan “Vətən naminə Şəhidlik zirvəsinə ucalanlar” adlı sərgini virtual olaraq iştirakçılara təqdim edib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatı ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindən söz açan Füzuli rayon Heydər Əliyev Mərkəzinin direktoru Şəhanə Kərimova qazanılmış qələbədə payı olan vətənpərvər oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. O, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın yalnız doğma el-obasının deyil, bütöv Azərbaycanın oğulları olduğunu, onlarla hər bir azərbaycanlının qürur duyduğunu vurğulayıb. Qeyd olunub ki, adlarını şanlı tariximizə yazan, xalqımıza zəfər sevinci yaşadan şəhid və qazilərimizin ömür yolu gənclərə nümunədir. 

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Rövşanə Əliyeva çıxışında Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbənin tarixi əhəmiyyətindən, qalib Azərbaycan xalqının qələbədə rolundan, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələrindən, Ağcabədi şəhidlərindən ətraflı danışıb. Füzuli Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı, şəhid Amil Hüseynovun həyat yoldaşı Xalisə Məmmədova çıxış edərək, Vətən müharibəsinin birinci ildönümünü qeyd etdiyimiz günlərdə belə tədbirlərin keçirilməsinin böyük önəm daşıdığına diqqəti çəkərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bizə bu zəfər sevincini yaşatmış Vətən müharibəsi qəhrəmanlarının tanıdılması və gənc nəslin onlardan nümunə götürməsinin vacibliyini xüsusi vurğulayıb. XalisəMəmmədova Füzuli rayonunun Əhmədalılar kəndindən olan həyat yoldaşı, şəhid Amil Hüseynov haqqında ətraflı məlumat verərək, onun Xocavənd və Füzuli rayonları uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşdüyünü, Füzuli rayonunun Əbdürrəhmanlı kəndi istiqamətində döyüşərkən şəhidlik məqamına ucaldığını qeyd edib. Göstərilib ki, Vətən müharibəsindəki zəfər salnaməsini yazanlardan biri olan şəhid Amil Hüseynov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Füzuli rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İlahə Cəfərova çıxış edərək, Ali Baş Komandanın rəhbərliyi ilə Milli Ordumuzun qısa müddətdə qazanılmış zəfər salnaməmizdən bəhs edib. Zərdab rayon sakini, şəhid Anar Məmmədzadənin ailə üzvü, gənc ziyalı Vəfa Xəlilli isə çıxışında dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu, onlara dövlət tərəfindən diqqət göstərildiyini vurğulayıb. Qeyd edilib ki, Zərdab rayonunun Şəhidlər Xiyabanında dəfn olunan Anar Məmmədzadə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər