23.3 C
Aghjabadi
Çərşənbə axşamı, May 24, 2022

Füzulidən başlanan şanlı qələbə

Oktyabrın 17-də Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyəti il əgörüş keçirib. Dövlət başçısı görüş zamanı qeyd edib ki, bir il bundan əvvəl şanlı Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad edib, Azərbaycan bayrağı qaldırılıb və uzun fasilədən sonra Azərbaycan dövləti bu ərazilərdə öz suverenliyini təmin edib. 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz oktyabrın 17-də böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmişdir. Azərbaycan Ordusu düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək tarixi ədaləti bərpa etdi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi olan Füzuli işğalçılardan azad edildi. Füzuli uğrunda çox şiddətli döyüşlər gedirdi, bir neçə gün ərzində şəhərin ətrafında çox ciddi əməliyyatlar aparılırdı. Düşmən müqavimət göstərirdi, amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirdi.

Prezident bildirib ki, Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli Azərbaycan Ordusunun nəzarətinə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu, bir neçə xətt istehkamdan ibarət müdafiə xətti qurulmuşdu. Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir. Təsadüfi deyil ki, Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra Laçın dəhlizi və beləliklə, müharibənin taleyi həll olundu.

Ordumuzun uğurlu əməliyyatları məhz Füzuli rayonundan başlamışdır. Müharibənin ilk günündə – sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi. Azərbaycanın Zəfər missiyası məhz Füzuli rayonundan başlamışdır.

Prezident İlham Əliyev xüsusi olaraq vurğulayıb ki, həm işğal dövründə, həm müharibə dövründə bütün təzyiqlərə, bütün bəyanatlara baxmayaraq, Azərbaycanı heç bir qüvvə dayandıra bilmədi. Ermənistan ordusu darmadağın oldu, erməni mifologiyasına son qoyuldu, “yenilməz Ermənistan ordusu” məğlub oldu. Şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaqdır.

İkinci Qarabağ müharibəsinin Vətən müharibəsi adlandırılması təsadüfi deyil. Azərbaycan xalqı yorulmadan Qələbəyə doğru addımlayırdı. Hər kəs öz yerində Qələbəmizə öz töhfəsini vermişdir. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə Qələbəni yaxınlaşdırırdı. Xalqın əzmkarlığı və həmrəyliyi gücümüzün mənbəyidir. Qarabağı görməyən cavanlarımız bu torpaqlar uğrunda ölümə gedirdilər. Xalqımız həmişə Qələbə arzusu ilə yaşayıb. Əgər xalqımız buna inanmasaydı və dəstək göstərməsəydi müharibəni bu nəticələrlə başa vurmaq çox çətin olardı. 

Dövlət başçısı diqqətə çatdırıb ki, azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar. Ötən bir il ərzində şəhər və kəndlərimizin bərpası ilə bağlı böyük işlər görülüb. Bu proses çox mürəkkəbdir. Burada düzgün planlaşdırma aparılmalı, minalardan təmizləmə işləri görülməlidir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur – yüz mindən çox mina basdırılıb. Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıbdır. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlamışdır.

Ötən illər ərzində Füzuli rayonunun Azərbaycanda olan hissəsinin inkişafı ilə bağlı genişmiqyaslı işlər aparılırdı. İşğal dövründə Füzuli rayonunun azad olan ərazilərində 12 dəfə olmuş Prezident İlham Əliyev bütün bərpa-quruculuq işlərinə şəxsən nəzarət edirdi. Rayonun inkişafı ilə bağlı çox böyük işlər görüldü. Horadiz qəsəbəsinə şəhər statusu verildi və Horadiz Füzuli rayonunun qeyri-rəsmi mərkəzi müəyyən edildi. Böyük sosial infrastruktur layihələri icra edildi – 24 məktəb, 2 xəstəxana, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Muğam Mərkəzi tikildi. Fərdi evlərin bərpası işləri görüldü;

Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir. Füzulidən Şuşaya elektrik xətləri çəkilib. Füzulidə yarımstansiya açıldı və ikinci yarımstansiyanın təməli qoyulmuşdur.Yollar qısa müddət ərzində çəkilib. Füzuli-Şuşa magistral yolunun çəkilişi davam edir. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir. Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyuldu. Ağdama gedən qonaqlar, vətəndaşlar Füzuli Beynəlxalq Hava Limanından istifadə edə bilərlər. Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır.

Ölkə Prezidenti “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi salınacağından danışıb. Qeyd olunub ki, görülən bütün işlərin bir məqsədi var: keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına qaytarılması. Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edildi, təməli qoyuldu. Beş kəndi birləşdirən bu layihə gələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcək. Birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur. Ondan sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur və bu,Füzuli rayonunda yaradılacaq birinci yaşayış mərkəzi olacaqdır.

Füzuli şəhərinin baş planının layihəsi hazırlanıb.Zəfər muzeyinin, İşğal muzeyinin təməli qoyulub. Maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Azad edilmiş ərazilərdə ən müasir texnologiyalar tətbiq edilir. Bütün görülən işlər heç kimdən asılı olmayaraq, dövlətin vəsaiti hesabına reallaşdırılır.

Prezident İlham Əliyev təəssüflə bildirib ki, Füzuli rayonu ən çox dağıntılara məruz qalmış rayondur. Bir dənə salamat kənd yoxdur, bir dənə salamat bina yoxdur. Füzuli şəhəri tamamilə yerlə-yeksan edilib. Buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar edə bilməz. Təsadüfi deyil ki, ermənilər işğal dövründə buraya heç kimi buraxmırdılar, hətta beynəlxalq təşkilatların nümayəndələrini də buraxmırdılar. Artıq minlərlə insan, həm Füzuli sakinləri, eyni zamanda, xarici diplomatlar, siyasətçilər, jurnalistlər azad edilmiş torpaqlara gəlib və erməni vəhşiliyini öz gözləri iləgörürlər.

Görüşdə əlavə olaraq bildirilib ki, Azərbaycan iqtisadiyyatı pandemiya böhranından sonra dirçəlir.Doqquz ayın rəqəmləri müsbətdir, iqtisadiyyat təxminən 5 faiz artıb, sənaye də artıb, qeyri-neft sənayesi isə təxminən 20 faiz artıb. Bütün bu bərpa işləri böyük vəsait tələb edir. Azərbaycan heç kimdən heç bir yardım almayıb və almayacaq. Bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir.

Prezident görüş zamanı müstəqilliyimizin tarixinə də toxunub. Göstərilib ki, otuz il əvvəl oktyabrın 18-ə Azərbaycan dövləti öz müstəqilliyini elan etmişdir. Milli bayramlarımızla bağlı Milli Məclis düzəlişlər edib. Əsas müstəqillik bayramı 28 May günüdür, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür. Haqlı olaraq fəxr edirik ki, müsəlman aləmində birinci demokratik respublika məhz Azərbaycan xalqı tərəfindən yaradılmışdır. Bu gün Azərbaycan müstəqil ölkə olaraq Xalq Cümhuriyyətinin varisidir. 1991-ci il oktyabrın 18-də isə müstəqillik bərpa edildi. Edilən düzəlişlər məhz bu uyğunsuzluğa son qoydu.

Görüşün sonunda dövlət başçısı vurğulayıb ki, tarixə ədalətli yanaşmalıyıq. Tarixi olduğu kimi bilməliyik və qiymət verməliyik. Çünki 1991-ci ilin oktyabrında bir çox keçmiş müttəfiq respublikalar artıq öz dövlət müstəqilliyini elan etmişdir. Birinci keçmiş sovet müttəfiq respublikaları arasında öz müstəqilliyini Litva elan etmişdir – 11 mart 1991-ci il. Ondan sonra Gürcüstan – 9 aprel 1991-ci il, Latviya – 4 may, Belarus – 27 iyul, Estoniya – 20 avqust, Ukrayna – 24 avqust, Moldova –27 avqust, Qırğızıstan – 31 avqust, Özbəkistan – 1 sentyabr, Tacikistan – 9 sentyabr, Ermənistan – 21 sentyabr, Türkmənistan – 27 sentyabr, Azərbaycan – 18 oktyabr. Ona görə, 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, yaxud da ki, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir.

1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə o vaxt Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirildi, “Sovet Sosialist” sözləri götürüldü, sadəcə, Naxçıvan Muxtar Respublikası adlandırıldı. Gələcəkdə düzgün addımların atılması üçün gənc nəsil bu həqiqətləri bilməlidir. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi bayraq kimi qəbul edildi. Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, oxşar addımı Azərbaycan Ali Soveti də etsin. Ancaq bu edilmədi. Əksinə, 1991-ci ilin yazında Sovet İttifaqı çərçivəsində keçirilmiş referendumda, Sovet İttifaqının saxlanmasına dair referendumda o vaxtkı Azərbaycan rəhbərliyi xalqın iradəsinə zidd olaraq, referendumun nəticələrini saxtalaşdıraraq, Sovet İttifaqının saxlanmasına səs verdi.

Xəbər lenti

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Bu gün onların peşə bayramıdır

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.  Bu münasibətlə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ulu...

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

Şərhlər