Şəhərimiz gündən-günə böyüyür, müasirləşir. Burada bir çox yerə baxanda gözəllik ürək açır, göz oxşayır. Yəni yaşadığın yerdə, məkanda ətrafa baxanda gördüyün mənzərədən estetik zövq alırsansa, deməli həyat öz axarı ilə gedir və yaşamağa dəyər. Ancaq atalar məsəlində deyildiyi kimi, hər gözəlin bir eybi var…
Başqa millətlər dünyada mədəni tərəqqi və inkişafdan söhbət açanda biz özümüzü tərifləyirik. Halbuki, adamın birinci düşməni elə yalançı, özünütərifdir. Tərif adamı arxayınlaşdırır, elə düşünürsən ki, hər şey öz qaydasındadır. Əslində tərifin yaratdığı arxayınçılıq işlərin düz getməsinə mane olub, əngəlləyir. Demək, istədiyim odur ki, biz nədənsə bilik mənbəyi olan kitabdan uzaq qaçırıq. Çox oxumaq, mütaliə etmək əvəzinə, onu əlimizə də götürmürük. Son illər supermarketlərinin sayı az qala, əhalisinin sayından çox olan şəhərimizdə kitab mağazası yoxdur. Əgər belə mağaza olsa kitabdan istifadə edər, artıq ömrümüzün bir parçasına çevrilən telefondan əl çəkərdik. Yəni kitab oxuyar, adam olardıq. Əlbəttə, əgər şəhərimizdə kitab mağazası olsaydı…
M.Adil