Sözümü ulu öndər Heydər Əliyevin dediyi “Mən müəllimdən yüksək ad tanımıram“ məşhur kəlamı ilə başlamaq istərdim. Dünyada gözəl, nəcib peşələr çoxdur. Fəqət bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə var. Bu, müəllim peşəsidir. Həkim də, mühəndis də, kosmonavt da seçdikləri sənətin sirlərini müəllimdən öyrənirlər. Müəllim elm, bilik xəzinəsinin qapısını üzümüzə açan bir varlıqdır. Əlbəttə, bütün bunlar ani olaraq baş vermir, uğurlarımızın arxasında müəllimlərimizin illər boyu çəkdikləri gərgin zəhmət dayanır. Elə buna görə də cəmiyyətdə müəllimlik çox şərəfli, müqəddəs peşə hesab olunur.
Bilik xəzinəsinə inamla daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmir, öz əməlləri ilə cəmiyyətin inkişafına töhfə verirlər. Elə buna görə də dünyada müəllim əməyinin bənzəri yoxdur. Əgər bu gün biz bəşəriyyətin çatdığı yüksək inkişaf səviyyəsi, elmi-texniki nailiyyətlər barədə məmnunluqla söhbət açırıqsa, buna görə ilk növbədə müəllimlərimizə minnətdar olmalıyıq. Çünki peşə sahiblərini yetişdirən, hər kəsin sənət, peşə yolunu müəyyən edən müəllimlərimizdir. Bütün bunlara görə müəllimlərimizə borclu olmalı, onların əməyini heç vaxt unutmamalıylq.
Müəllimlərin adından söz düşmüşkən Rəna Muradovanın adını çəkmək istərdim. O, 1965-ci ilin dekabrın 5-də Ağcabədi şəhərində fəhlə ailəsində anadan olmuş, 1973-1983-cü illərdə Ağcabədi şəhər 1 saylı orta məktəbdə təhsil almış, ilk gündən çalışqanlığı və bacarığı ilə müəllimlərin diqqətini çəkmişdir. O, gələcəkdə tədris edəcəyi fənni məhz orta məktəbdə seçmişdir. R.Muradova orta məktəbi əla qiymətlərlə başa vurmuşdur. R.Muradova 1984-cü ildə qəbul imtahanından yüksək qiymət alaraq Rusiya Federasiyasının Tümen Dövlət Universiteti roman-alman filologiyası fakültəsinin ingilis dili şöbəsinə qəbul olmuşdur. İngilis dilindən nəzəri biliklərin sirlərini o dövrdə Avropa ölkələrində təcrübə keçmiş professorlardan öyrənib.
1989-cu ildə ali məktəbi uğurla başa vuran R.Muradova təyinatla rayonun Rəncbərlər kənd orta məktəbində ingilis dili müəllimi kimi əmək fəaliyyətinə başlamış, 1991-ci ildən indiyədək isə Ağcabədi şəhər 9 saylı tam orta məktəbində ingilis dilini tədris edir. Rəna müəllim tədris prosesində ingilis dilinin şagirdlər tərəfindən yaxşı mənimsənilməsi və öyrənmələri üçün müasir tədris metodlardan, əyani dərs vəsaitlərindən istifadə etməklə yanaşı, ən vacib olan danışıq və dinləmələrə üstünlük vermiş, bunun nəticəsində öz peşəsini sevdirə bildirmişdir. Təcrübəli müəllim qısa vaxt ərzində pedaqoji kollektivin, valideyn və şagirdlərin rəğbətini qazanmışdır. Artıq bu peşəni mənimsəyib və onunla çiyin-çiyinə işləyən, ingilis dilini tədris edən tələbələri vardır. R.Muradova onlarla ingilis dili müəllimi, tərcüməçilər və bir fəlsəfə doktoru yetişdirmişdir.
2016-cı ildə respublika təhsil nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsində qabaqcıl pedaqoq rayon üzrə 1-ci olmuşdur. O, təhsil sahəsində nailiyyətlərinə görə dəfələrlə Ağcabədi rayon İcra Hakimiyyətinin “ Fəxri fərmanı”na layiq görülmüş, 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsilin inkişafındakı xidmətlərinə görə “ Tərəqqi” medalı ilə, 2021-ci ildə isə əməkdar müəllim fəxri adına layiq görülmüşdür.
Təcrübəli pedaqoq, qabaqcıl təhsil işçisi olan Rəna xanıma yeni-yeni nailiyyətlər arzulayırıq.
Səadət İbrahimova, müəllim