Son illər respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da təhsilə dövlət diqqət və qayğısı artırılıb. Bölgədə ümumtəhsil məktəblərinin yeni binalarının inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Cəmil Quliyev adına Təzəkənd tam orta məktəbi də onların sırasında xüsusi yer tutur. Adıçəkilən müasir tipli məktəb 2013-cü ildə istifadəyə verilib. Təhsil ocağında bu gün 640 nəfər şagirdin təlim-tərbiyəsi ilə 65 müəllim məşğul olur. Məktəbin direktoru, təcrübəli pedaqoq Mürşüd Quliyevin dediklərinə görə, tədris müəssisəsində təlim-tərbiyənin müasir tələblər səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb. Burada geniş sinif otaqlarında, laboratoriyalarda, idman zallarında şagirdlərin məşğul olması üçün hər bir imkan mövcuddur. Elə bu səbəbə görə də Təzəkənd tam orta məktəbinin məzunları hər il respublikanın nüfuzlu ali məktəblərinə qəbul imtahanlarında uğurla iştirak edir, yüksək nəticələrə imza atırlar. Təsadüfi deyildir ki, 2020-2021-ci tədris ilində məktəbi bitirən 35 nəfər məzundan 12 nəfəri ali təhsil müəssisələrinə daxil olub. Məktəbin bir nəfər məzunu isə qardaş Türkiyə Respublikasında fəaliyyət göstərən ali məktəbə daxil olub.
Direktorun dediyi kimi, sözügedən kənd tam orta məktəbinin yetirmələri yüksək ixtisaslı kadrlar kimi respublikanın müxtəlif qurumlarında, idarə və təşkilatlarda səmərəli fəaliyyət göstərirlər. Onlar öz layiqli işləri ilə oxuduqları məktəbin adını uca tuturlar. Təzəkənd tam orta məktəbinin 2 nəfər yetirməsi hazırda Türkiyə Respublikasının klinikalarında həkim kimi fəaliyyət göstərir.
Məktəb şagirdlərinin əldə etdiyi nailiyyətlərdə məktəb pedaqoji heyətinin böyük əməyi var. Onlardan Vəfa Quliyeva, Aynur Əliyeva, Gültəkin Şıxəliyeva, Mahrux Məmmədova, Şahnaz Əliyeva, Zahidə İbadova və Razi Məmmədovun adlarını xüsusi ilə göstərmək olar.
Yeri gəlmişkən qeyd edək ki, məktəbin şagirdləri müxtəlif idman yarışlarında, fənn olimpiadalarında, müsabiqələrdə fəal iştirak edir layiqli yer tuturlar. Burada çalışan müəllimlərin iş təcrübəsindən rayonun digər məktəblərində də geniş istifadə olunur.
Məktəbin direktoru Mürşüd Quliyev respublikada qabaqcıl müəllim kimi tanınır. O, 1999-cu ildə Türk Təhsilinin Tanatı Mərkəzinin dəvəti ilə Türkiyə Rspublikasında olub, iş təcrübəsindən keçmişdir. Mürşüd müəllimin qabaqcıl iş təcrübəsi rayonun ümumtəhsil məktəblərində geniş yayılıb. Təcrübəli pedaqoq təlim-tərbiyə sayəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dəfələrlə Fəxri fərmanla təltif olunub.
Bu gün C.Quliyev adına Təzəkənd tam orta məktəbinin pedaqoji kollektivi koronavirus pandemiyasının törətdiyi çətinliklərə baxmayaraq, yeni tədris ilinə uğurla start veriblər. Onlar cari tədris ilində də yüksək nəticələrə nail olmaq əzmi ilə çalışır, var qüvvələrini sərf edirlər.
Yəhya PAŞAZADƏ