Elimizin,obamızın fədakar övladları respublikamızın hüdudlarından kənarda belə, öz istedadları, bacarıqları və səmərəli fəaliyyətləri ilə rayonumuzun adını daim uca tuturlar. Onlar yaşadıqları, çalışdıqları ölkələrdə doğma Azərbaycanımızı layiqincə təmsil edirlər. Belə həmyerlilərimizdən biri də görkəmli rəssam, elm xadimi, professor İlham Ənvəroğludur.
İlham Ənvər oğlu Əhmədov 1970-ci ildə rayonun Salmanbəyli kəndində dünyaya göz açıb. Tanınmış şair Ənvər Əhmədin oğlu olan İlham Əhmədov orta məktəb illərindən rəssamlıqla məşğul olur. Gələcəkdə rəssam kimi fəaliyyət göstərmək istəyir. Bu arzu ilə də orta təhsilini başa vurduqdan sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub, 1989-cu ildə həmin məktəbi bitirib. İstedadlı gənc 1995-ci ildə Azərbaycan Memarlıq və İnşaat İnstitutunun memarlıq fakültəsində ali təhsil alıb. O, 1998-ci ildə qardaş Türkiyə Respublikasına gedib, orada yaşayıb, işləmək qərarına gəlib. Həmin il Türkiyənin Konya şəhərində fəaliyyət göstərən Səlcuq Universitetinin egitim fakültəsinin güzel sanatlar bölümündə magistratura üzrə təhsil alıb, müəllim kimi işləməyə başlayıb. Tanınmış sənətkar 2005-ci ildə doktorluq elmi adına yiyələnib. İlham Ənvəroğlu hazırda Səlcuq Universitetində professordur. Sənətkarın əsərləri dünyanın bir çox ölkələrinin o cümlədən, Türkiyə və Azərbaycanda təşkil olunmuş sərgilərdə uğurla nümayiş etdirilib.
Görkəmli həmyerlimiz İlham Ənvəroğlu bugünlərdə respublikamıza səfər edib. O, Bakı şəhərində görkəmli Azərbaycan rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş “ Beynəlxalq Xalça və rəssam – dünən və sabah” mövzusunda keçirilən konfransa dəvət alıb. Konfrans Bakı Xalça Muzeyində keçirilib. Tədbirdə dünyanın 10 ölkəsindən, o cümlədən Türkiyə Respublikasından gəlmiş görkəmli rəssamlar iştirak edib. Qardaş respublikanı həmyerlimiz İlham Ənvəroğlu təmsil edib. Onunla birlikdə Balıkəsir şəhər bələdiyyəsi məsul katibinin köməkçisi Mürsəl Sabançı da iştirak edib. Sözügedən konfransda qədim türk mifologiyası, damğa və rəsmlərinin xalçaçılıqda izləri mövzusu geniş müzakirə olunub, bu sahədə qarşıda duran vəzifələrdən danışılıb. Xalça Muzeyində İlham Ənvəroğlu özünün 22 əsərindən ibarət sərgi də təşkil edib. Sözügedən muzeyin direktoru Şirin Məlikova qonaqlarla birlikdə həmin sərgidə iştirak edib. Sərgi tamaşaçılarda böyük maraq doğurub, mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib. Sərgidən sonra təklif olunub ki, burada nümayiş etdirilən rəssamlıq nümunələri əsasında xalçalar hazırlansın. Yeri gəlmişkən, qeyd edək ki, İlham Ənvəroğlunun həyat yoldaşı Zərrin Ənvəroğlu da Türkiyənin tanınmış rəssamlarındandır. O, Səlcuq Universitetində müəllim kimi fəaliyyət göstərir. 51 yaşlı sənətkarınailəsində 3 gözəl övlad böyüyür. Sənətkarın 2 oğlu lisey tələbəsi, qızı isə orta məktəbdə təhsil alır.
Adil Misirli