Rəsm qalereyasının bu günü və sabahı

Rəsm qalereyası 2005-ci ildən etibarən Ağcabədi Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərir. Yarandığı gündən qalereyaya rəssam Əkbər İsayev rəhbərlik edir. Əkbər müəllimlə iş yerində görüşüb, xeyli söhbət etdik. O, bildirdi ki, qalereya fəaliyyətə başlayanda bir ədəd olsun belə rəsm əsərimiz yox idi. İdarənin ancaq quru adı var idi. Biz sonra qalereyanın səriştəli əməkdaşları və respublikanın, eləcə də rayonumuzun tanınmış rəssamları və bizdə fəaliyyət göstərən dərnək üzvlərinin köməyi sayəsində xeyli əsər toplaya bildik. Hazırda qalereyamızda 165 ədəd rəsm əsəri var. Və fondumuz bir qayda olaraq genişlənir. Rəsm qalereyasında 9 nəfər işçi çalışır. Fond mühafizi, kiçik elmi işçi, bələdçi, 2 nəfər baxıcı və digər əməkdaşlarımız artıq çoxdan burada çalışırlar. Təcrübəli və səriştəli əməkdaşlarımızın səyi nəticəsində işimizi müasir tələblər səviyyəsində qura bilirik. Çoxlu tamaşaçılarımız olur. Müəllimlər, məktəb kollektivləri və fərdi şəkildə fondumuzda olan əsərlərə baxış keçirilir. Hər il bura gələnlərin sayı artır. Biz eyni zamanda, rayon tədbirlərində, Novruz bayramının keçirilməsində, əlamətdar günlərin təntənəli qeyd edilməsində yaxından iştirak edirik. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin regionlarda keçirilən Ailə bayramlarında müntəzəm olaraq yaxından iştirak edirik. Rəsm qalereyasının nəzdində fəaliyyət göstərən dərnəyin üzvləri respublika və rayon tədbirlərində uğurlu çıxışlarına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətinin diplom və Fəxri fərmanları ilə təltif olunublar.

Qalereyamızın üzvləri vətənpərvərlik, torpağa bağlılıq mövzularında bir çox tədbir təşkil edib, ordumuz və onun qəhrəman, qalib oğullarının tanınmasında işlər aparılır. Vətən müharibəsinin rayonumuzdan olan şəhidlərin ailələri tez-tez ziyarət edilir, onların qayğı və çətinlikləri ilə yaxından maraqlanırlar. Mən özüm Birinci Qarabağ müharibəsinin qəhrəmanı Şirin Hüseynovun portretini çəkmişəm. Hazırda  Ağcabədidən olan Vətən müharibəsi şəhidlərinin portretləri üzərində işləyirəm.

Bizim qalereyanın xüsusi binası və ya müasir tələblərə cavab verən otaqlarımız olsa, iş fəaliyyətimizi daha da genişləndirər, bir çox genişmiqyaslı tədbirlər həyata keçirərdik. Bütün bunlara baxmayaraq, biz gələcəyə nikbinliklə baxır, qalereyamıza səfər edənlərə xoş ovqat aşılamağa çalışırıq. Gələcək planlarımız da çoxdur. Istəyirik ki, qalereyamızı rəsm əsərləri ilə daha da zənginləşdirək və rayonumuzda yaşayan istedadlı uşaqları üzə çıxaraq, onları geniş ictimaiyyətlə yaxından tanış edək. Ümumiyyətlə, istəyirik ki, rayon sakinləri Ağcabədi Rəsm Qalereyasını unutmasınlar və bu sənət ocağını tez-tez ziyarət etsinlər.

Adil MİSİRLİ

Şərhlər