27 sentyabr 2020-ci il ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ermənistan silahlı qüvvələrinə qarşı cəbhəboyu ərazilərdə əks-hücum əməliyyatına başlayan rəşadətli ordumuz doğma torpaqlarımızı 44 gün ərzində işğaldan azad etdi. Xalqın Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi qələbəmizi sürətləndirən mühüm amillərdən biri olub. Bu qələbə sayəsində ölkəmizin şanlı hərb tarixində yeni qəhrəmanlıq salnaməsi yazıldı. Xalqımızın mərd oğulları döyüş meydanlarında böyük qəhrəmanlıqlar nümayiş etdirdilər. Onlardan biri də həmyerlimiz Elgün Həsənovdur. Həsənov Elgün Ələsgər oğlu 1990-ci ilin 11 avqustunda Ağcabədi rayonunun Sarvanlar kəndində anadan olub. O, orta təhsilini 1997-2008-ci illərdə şəhər 9 saylı tam orta məktəbdə alıb. Yeri gəlmişkən, qeyd edim ki, təhsil aldığımız adıçəkilən məktəbdə Elgün məndən yuxarı sinifdə oxusa da, məktəbin müəllim və şagird kollektivi ona həmişə böyük hörmət bəsləyiblər. Sonrakı dövrlərdə Elgün ona bəslənilən etimadı doğrultdu. O, 2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında müəllim və məşqçilik ixtisası üzrə ali təhsil almışdır. Elgün 2013-2014-cü illərdə Ağstafa rayonunda “N “ saylı hərbi hissədə artilleriya diviziyasında baş rabitəçi kimi hərbi xidmət göstərib. Qeyd edim ki, o, uşaq yaşlarından idmanın boks növü ilə məşğul olub. İlk məşqlərini 2000-ci ildə Rusiya Federasiyasında əməkdar məşqçi Gennadi Poçuyevin rəhbərliyi altında başlamışdır. Elgün yeniyetmələr arasında keçirilən yarışlarda dəfələrlə turnirlərin qalibi olub. Tələbəlik illərində boks üzrə bacarıqlarını təkmilləşdirmək üçün Gömrük İdman Klubunda əməkdar məşqçi Nuraləm Mərdanovun rəhbərliyi ilə məşqlər keçmişdir.
Hazırda məşqçi kimi fəaliyyətini davam etdirməklə yanaşı, Elgün həm də MİQ imtahanından uğurlu nəticə göstərərək, şəhər 1 saylı tam orta məktəbdə fiziki tərbiyə müəllimi kimi işə qəbul olub. Vətən Müharibəsi başlayanda hər bir azərbaycanlı kimi vətənə olan borcunu ödəmək üçün 21 sentyabr 2020-ci ildə könüllü olaraq döyüşlərə yollanıb. Sentyabrın 26-da isə Füzuli rayonunun Alxanlı kəndi istiqamətində hücum mövqeyi qurularkən 82 mmlik minatan batareyasının 40 nəfərlik heyətinin tərkibində yer almışdır. 2020-ci il sentyabrın 27-də döyüş əmri verilən kimi digər qoşun növləri kimi onun xidmət etdiyi minatan batareyası da Alxanlı kəndi istiqamətindən əks-hücum əməliyyatına başlayıb. E.Həsənov Füzulinin, Xocavənd rayonunun Hadrut qəsəbəsi, Tuğ kəndinin və Şuşa şəhərinin alınması uğrundakı gedən döyüş əməliyyatlarında iştirak edərək, şərəfli döyüş yolu keçmişdir. Müharibə zamanı o, bir neçə döyüş texnikasını sıradan çıxararaq zərərsizləşdirmişdir. Qəhrəman əsgərimiz 2020-ci il noyabrın 10-dan, dekabrın 27-dək Şuşa şəhərində hərbi xidmətini davam etdirib. Cəsur həmyerlimizin döyüşlərdəki fəal iştirakı dəyərləndirilərək ölkə başçısının Sərəncamı ilə “ Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. O, müharibənin bütün ağrı-acılarını görməsinə baxmayaraq, bütün baş verənləri sadəcə bir kəlmə ilə mən nə etmişəm ki, sadəcə vətənə olan borcumu ödəmişəm, sözünü söylədi. Hazırda şəhər 1 saylı tam orta məktəbdə fiziki tərbiyə müəllimi kimi çalışan E.Həsənov gənc nəslin təlim-tərbiyəsi nin keşiyində dayanır. Ona bu sahədə yeni-yeni uğurlar arzulayırıq.
Hüseyn QULUZADƏ