Zülfüqar Rəhim oğlu Mirzəyev 21 fevral 1967-ci ildə Füzuli rayonunun Əbürrəhmanlı kəndində anadan olub. 1985-1987-ci illərdə Moskvada ordu sıralarında xidmət edib. Hərbi xidməti başa vurduqdan sonra, 1987-ci ildən taleyini Udmurtiya Respublikasının paytaxtı İjevsk şəhəri ilə bağlayıb. Burada Udmurt Dövlət Universitetinin “ İstehsalın iqtisadiyyatı və idarə edilməsi” fakültəsini bitirən Zülfüqar bir çox iş və sahələrdə çalışıb. O, 2014-cü ildən Udmurtiya Muxtar Respublikasında fəaliyyət göstərən “ Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzi”nin sədridir. Udmurtiyada yaşayan 10 mindən çox nəfəri birləşdirən Azərbaycan diasporunun təmsilçisi Zülfüqar Mirzəyev vətəndən uzaqda yaşasa da, əsl Vətən oğlu, bir azərbaycanlı kimi qəlbi daima Azərbaycanımızla bərabər döyünür. O, Udmurtiyada müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda mübarizə tarixində qəhrəmanlıq səhifəsi olan 20 Yanvar Günü, 26 fevral Xocalı Soyqırımına həsr olunmuş tədbirlər keçirərək əsl həqiqətin, apardığımız ədalətli mübarizənin və müharibənin səbəblərinin Udmurtiya ictimaiyyətinə çatdırılmasında böyük işlər görür. Burada milli və dini bayramlarımız olan “ Novruz bayramı”, “ Azərbaycanın müstəqillik günü”, “ Ramazan bayramı”, “ Qurban bayramı”, “ Dünya azərbaycanlılarının həmrəylik günü”, eləcə də digər bayram və tarixi günlərimizə həsr olunmuş tədbirlərin həyata keçirilməsində yaxından təşkilatçılıq və iştirak edir. Onun dəstəyi ilə İjevsk şəhərində Ustinov rayon Daxili İşlər Şöbəsinin girişində 36 il burada qüsursuz sahə müvəkkili işləmiş, Rusiya Yazıçılar Birliyinin üzvü, 20-dən çox kitab müəllifi olan Tofiq Kərimovun xatirə lövhəsinin təntənəli surətdə açılışı olmuşdur. Yenə İjevsk şəhərində Zülfüqar Mirzəyevin birbaşa köməyi və dəstəyi ilə Kosmonavtlar adına parkda “ Azərbaycan bağı “ salınmışdır. Bağın ortasında səkkizguşəli ulduzlu meydançada Azərbaycanın rəmzlərindən biri olan BUTA heykəlinin üstündə əhəmiyyətli tarixi və mədəni binaların, muzeylərin əksi həkk olunub. Qobustan qoruğunu təmsil edən iki abidə yerləşdirilib.
“Dostluq“ Mərkəzi fəaliyyətində xeyriyyəçilik işlərinə mühüm önəm verir. Mərkəz tərəfindən Böyük Vətən Müharibəsi veteranlarına, əlillərə və digər imkansız insanlara köməklik göstərir, yardımlar edirlər. Bu il pandemiyadan əziyyət çəkən şəxslərə, o cümlədən Udmurtiyada yaşayan soydaşlarımıza ərzaq yardımları göstərilib.
“Dostluq” Mərkəzi həmişə Vətənimizlə sıx təmasda olur. Yeri düşən kimi, imkan daxilində azərbaycanlı soydaşlarımız üçün maddi və mənəvi dayağını əsirgəmir. Əlbəttə ki, Azərbaycanda baş verən siyasi və iqtisadi məsələlər uzaq qürbətdə yaşayan soydaşlarımızın diqqət mərkəzində olur. 44 günlük Vətən müharibəsində onlar Vətənlə bir yaşayır, hər günümüzü böyük həyəcanla izləyirdilər. Azərbaycanın şanlı Qələbəsindən sonra Udmurtiyada həmvətənlərimiz böyük qürur hissi ilə burada Vətənimizin qazandığı böyük uğurdan danışır və onun nəticələrini müzakirə edirdilər. Müharibənin gediş vaxtı təşkilatın idarə heyəti və ağsaqqallar şurası tərəfindən qərar qəbul olundu. Qərarda Udmurtiyada yaşayan həmvətənlərimizin Azərbaycanın işğal altında olan torpaqlarının düşmən tapdağından azad olunması uğrunda apardığı müharibədə xalqımızın və vuruşan əsgərimizin daima yanında olmaq istəyi vurğulandı. Həmvətənlərimizə maddi və mənəvi yardım göstərilməsi qərara alındı. Müharibə ərəfəsində toplanan pulların bir hissəsi Şəmkir, Beyləqan, Quba və bir sıra digər rayonlardakı hərbi hissələrdə xidmət edən əsgərlərimizə yardım kimi göstərilmişdir. Qalan pul isə təşkilatın idarə heyəti və ağsaqqallar şurasının yekun fikrinə görə Ağcabədi rayonunda bir şəhid ailəsinə yaşayış evi tikmək təklifi qəbul olundu. “ Dostluq” Mərkəzinin sədri Zülfüqar Mirzəyev və fəal üzvlərdən biri olan İlqar Cəbrayılov bu missiyanı yerinə yetirmək üçün Azərbaycana, Ağcabədiyə üz tutdular. Seçim Ağcabədi rayonunun Minəxorlu kəndindən olan şəhid Atayev Tariyel Fəxrəddin oğlunun ailəsinin üzərinə düşdü. Şəhidin həyat yoldaşı Atayeva İlhamə Şakir qızı və iki azyaşlı övladı üçün Minəxorlu kəndində 0.07 hektar həyətyanı torpaq sahəsində müasir tələblərə cavab verən 3 otaqlı, mətbəx, hamamdan ibarət, qaz və istilik sistemi ilə təmin olunacaq yaşayış binasının tikintisinə başlandı.
Əsgər Atayev Tariyel 5 sentyabr 1986-cı ildə Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olub. Vətən müharibəsində Füzuli, Ağdərə, Şuşa istiqamətində gedən döyüşlərdə fərqlənib. İgid döyüşçü Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “ Vətən uğrunda “ medalı ilə təltif olunub.
Tariyel Atayev xalq artisti, tanınmış xanəndə Səfa Qəhrəmanovun bacısı oğlu idi. O, dayısı kimi muğam sənətini sevirdi. Musiqi məktəbində təhsil alan Tariyel muğamlarımızı, xalq mahnılarını asudə vaxtlarında zümzümə edər, onlardan bir qarabağlı kimi ləzzət alardı.
Tariyelin döyüş yoldaşı, əslən Xaçmaz rayonunun Qudyalçay kəndindən olan Gülbala Mehdiyevlə xeyli watsapp yolu ilə xeyli dərdləşdik. O, Tariyelin ölüm səhnəsini göz yaşları ilə təsvir etdi: “Onu əvvəlcədən uzaqdan olsa da tanıyırdım. Amma son anlar daha yaxın münasibətdə olduq. O, son döyüşdə bizə komandirlik edirdi. Çox igid oğlan idi. Qorxu nə olduğunu bilməzdi. Vuruşanda gözlərindən od-alov tökülürdü…Belindən və çiynindən ağır yaralandı. Amma yenə yerə uzanmadı. Elə yaralı-yaralı vuruşdu. Çox ehtimal ki, yerə uzansa, bir sığınacaq tapıb, sağ qala bilərdi. Amma o belə etmədi. Ölənə qədər ayaqüstə vuruşdu, bir neçə erməni məhv etdi… Hər bir insan kimi o, da ölmək istəmirdi. Başını sol çiynimə qoyub, axı mənim oğlum, qızım hələ balacadırlar. Onları görmək istəyirəm dedi. Son nəfəsində qəribə bir təbəssümlə, gülə-gülə “Vətən sağ olsun” deyib gözlərini əbədi yumdu. Şəhidlik zirvəsini fəth etdi”…
Qeyd edək ki, şəhid Atayev Tariyelin ailəsi üçün evin tikintisi Beynəlxalq “Avrasiya” Mətbuat Fondunun Prezidenti Umud Mirzəyevin və fondun könüllülərinin təşkilati dəstəyi ilə həyata keçirilir. Umud müəllimlə elə iş başında, tikilən evin yanında görüşüb xeyli söhbət etdik. O, öz təəssüratlarını belə izah etdi: “ Azərbaycan vətəndaşı olaraq, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən hər bir Vətən övladının, şəhidin ölməz xatirəsini əziz tutmaq, əbədiləşdirmək hər birimizin ən ümdə vəzifəsi, borcu olmalıdır. Sağ olsunlar, “Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzi”nin vətənpərvər oğullarını. Səsimizə səs verdilər. Yaşayış evinə ehtiyacı olan şəhid ailəsinə kömək əli uzatdılar. Öz vəsaitləri hesabına şəhid ailəsinə ev inşa etməyə başladılar. İnanırıq ki, tezliklə bu ev tikilib istifadəyə veriləcəkdir.
Ağcabədidə çox yerdə olduq, bir neçə şəhid ailəsinə baş çəkdik. Sözün əsl mənasında şəhid ailələrinə münasibət rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun timsalında məndən ötrü xoş surpriz oldu. Ağcabədidə məmurla vətəndaş münasibətində ara məsafəsini mən görmədim. Başçı Rafil müəllim hər bir şəhid ailəsini dəfələrlə ziyarət edib. Onların qayğısına qalaraq, üzləşdikləri problem və çətinliklərin vaxtında, yerində həll olması üçün əlindən gələn hər şeyi edir. Ağcabədi şəhərində və kəndlərdə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün küçələrə onların adları verilib. Bir çox yerdə şəhidlərin tərcümeyi-halı yazılmış böyüdülmüş şəkilləri asılıb. Xeyli sayda şəhid bulaq kompleksi inşa edilib. Salmanbəyli kəndində şəhidlərin şərəfinə gözəl bir park salınıb. Muğanlı kəndində şəhidlərin xatirəsinə həsr olunmuş böyük parkda artıq tamamlama işləri aparılır. Ümumiyyətlə, rayon icra hakimiyyətinin başçısı Rafil Hüseyov çox sadə, səmimi və həssas insandır.Olduqca diqqətcildir, gözündən heç bir şey yayınmır. Hamı ilə yaxın ünsiyyətdə olur, qayğı və ehtiyacları ilə maraqlanır. Bu da əlbəttə, alqışlanası haldır. Belə insanla təmasda olmaq adama zövq verir, nikbinlik aşılayır. Bu da yaşadığımız həyat üçün ilk növbədə lazım olan ən vacib amillərdəndir”.
Ağcabədinin Şahsevən Təzəkənd kəndindən olan şəhid Əli Əsədovun anası Zənurə Məmmədova ailəsinə göstərilən hərtərəfli qayğıdan danışdı: “ Oğul dərdi çox böyük dərddir. Bunu sözlə tam ifadə etmək mümkün deyil. Mən, oğlum Əli Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olanda, elə bil ürəyim yerindən çıxdı, belim qırıldı…Sağ olsun rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovu. Ailəmizi, bizi hərtərəfli diqqət və qayğı ilə əhatə etdi. Bizlərə söykək oldu, dərdimizə sözün əsl mənasında şərik çıxdı. Dəfələrlə qapımızı açdı, ehtiyacımız, problemlərimizlə yaxından maraqlandı. Hər bir sahədə əl tutdu. Maddi və mənəvi cəhətdən köməyimizə gəldi. Elə müdrik sözlər dedi ki, təsəlli tapdıq. Onun qayğısı və ürəkdən deyilən sözləri dərdimizi çəkməkdə bizə kömək oldu. Rafil müəllimin şəhid ailələrinə göstərdiyi hədsiz diqqət və qayğı bir daha sübut etdi ki, şəhid bir təkcə bir ananın övladı deyil. O, yurdumuzun, Vətənimizin şəhididir. Allah Prezidentimizdən və icra başçımızdan razı olsun. Bizi heç zaman unutmurlar”.
…Ana oğul doğdu, böyütdü. Oğul böyüyəndə Vətən, Torpaq sevgili ürəyi də böyüdü. Vətən boyda oldu. Və düşmən doğma torpaqlarımızın qapmaq istəyəndə oğullar sinələrini qəfil gülləyə sipər etdilər. Qanlarına qaltan oldular. Qanları ilə Vətən torpağını yoğurdular. Torpaq yolunda şəhid oldular. Vətən ürəkli olub sevinsin, gülsün, azad nəfəs alsın deyə şəhid oldu oğullar. Torpağın qoynuna sığınıb Vətən oldu oğullar. Vətən torpağı şəhid canı ilə bir ovuc da böyüdü. Böyük oldu…
Adil Misirli
“Ədalət” qəzeti,16 oktyabr 2021-ci il