Ağcabədidə Aqrar Məşğulluğun Artırılması layihəsi çərçivəsində gənc fermerlər və tələbələr üçün təlimlər təşkil olunub

Aqrar Məşğulluğun Artırılması layihəsi (AMAL) çərçivəsində 11 fermer və Azərbaycan Dövlət Aqrar Universitetinin 14 tələbəsi Gəncə və Ağcabədidə keçirilən təlimdə iştirak ediblər. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya regional bürosunun beynəlxalq kənd inkişafı mütəxəssisi Anetta Szilagyi təlim iştirakçılarını BMT-nin “Ailə təsərrüfatı onilliyi” Qlobal Fəaliyyət Planı (UNDFF 2019-2028) ilə tanış edib. FAO AMAL layihəsinin beynəlxalq texniki koordinatoru Dario Caccamisi isə fermer qruplarının yaradılması, fəaliyyəti və strategiyaları üzrə təqdimat edib.

FAO-nun Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, təlimdə ailə-fermer təsərrüfatlarını dəstəkləmək üçün Milli Fəaliyyət Planlarının hazırlanması barədə məlumat verilib. Gənc fermerlərin üzləşdiyi çətinliklərin həllində, onların aqrar sahədə məşğulluğunun dəstəklənməsi istiqamətində kollektiv fəaliyyətin, kooperativlərin, rəsmi və qeyri-rəsmi assosiasiyaların və istehsalçı təşkilatlarının rolu və əhəmiyyəti barədə iştirakçılar təlimatlandırılıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirdiyi FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FAPP) çərçivəsində həyata keçirilən layihə, Azərbaycanın kənd təsərrüfatı sektorunda gənclərin məşğulluğunun artırılmasını təşviq edir. Layihə çərçivəsində xüsusilə kənd yerlərində gənc fermerlərin özünüməşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsinə yönəlmiş AMAL layihəsinin əsas məqsədi regionlarda yaşayan gənclərin aqrar məşğulluğunun artırılmasına və sahibkar kimi formalaşmalarına dəstək verməkdir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər