Ağcabədidə “Zəfər tariximiz” adlı inşa yazı müsabiqəsi keçirilib

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar tələbələr arasında “Zəfər tariximiz” adlı inşa yazı müsabiqəsi keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının və Ağcabədi Pedaqoji Kollecinin tələbələrinin iştirak etdiyi müsabiqədə əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayonun Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini icra edən Rövşanə Əliyeva və 3 nömrəli məktəb-liseyin müəllimi Aynur Hüseynova çıxış edərək, tarixə 44 günlük müharibə kimi düşmüş Vətən müharibəsindən, Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı Zəfərdən danışıblar.

Sonra müsabiqə iştirakçıları Vətən müharibəsi, Azərbaycan Ordusunun şücaəti, qazanılan şanlı Qələbə ilə bağlı fikirlərini kağız üzərinə köçürüblər.

Müsabiqənin qalibləri noyabrın 4-də Ağcabədi rayon Heydər Əliyev Mərkəzində mükafatlandırılacaq.

Şərhlər