8 Noyabr Qələbə Günümüz – Zəfər tariximizdir

         Zaman Azərbaycan xalqına 30 illik müstəqillik tarixində çoxsaylı əlamətdar və yaddaqalan hadisələr yaşatmışdır. 2020-ci ilin sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən Vətən müharibəsinin möhtəşəm qələbə ilə sona çatması tariximizın ən parlaq səhifəsidir. Otuz ilə yaxın davam edən Qarabağ müharibəsi cəmi 44 gün ərzində ölkəmizin qələbəsi ilə başa çatdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən tapdağında qalan doğma torpaqlarımızı işğaldan azad etdi. Qarabağ qarış-qarış, kənd-kənd işğaldan azad  edildi. Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərərək düşmənin 30 il ərzində milyonlarla vəsait sərf edərək qurduğu nəhəng istehkamları qısa müddətdə darmadağın etdi.

         Cəbhədən gələn bütün müjdəli xəbərləri Ali Baş Komandan xalqımıza birbaşa özü çatdırırdı. Vətən müharibəsi başlanan gündən cənab Prezidentin xalqa ünvanladığı sayca yeddinci müraciəti isə ölkədə sözün həqiqi mənasında qələbə və bayram əhval-ruhiyyəsi yaratdı. Bu müraciət Vətən yolunda, Azərbaycan suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən müqəddəs şəhidlərimizin uyuduğu məkandan-Şəhidlər Xiyabanından ünvanlanırdı. “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün Şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu bizim Şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox.” Dövlət Başçısı bu müjdəni doğma xalqına Şəhidlər Xiyabanından verməsinin təsadüfü olmadığını dedi. Şəhidlərimizin ruhu qarşısında ehtiramını bildirərək bəyan etdi ki, onların qanı yerdə qalmadı, intiqamlarını döyüş meydanında aldıq.

          Dövlət Başçısı ulu öndər Heydər Əliyevin məzarını da ziyarət etdiyini, ruhu qarşısında baş əydiyini söyləyərək ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxt olduğunu vurğuladı. “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən ulu öndərin arzusunun reallaşdığını bildirdi. Məhz həmin tarix, Qarabağın tacı sayılan Şuşa şəhərinin işğaldan azad edildiyi gün 8 noyabr Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda Zəfər Günü kimi təsis edildi və 8 noyabr Azərbaycan tarixinə Qələbə Günü kimi düşdü.

          9 Noyabr – Dövlət Bayrağı Günü Ali Baş Komandan “Twitter” hesabından 71 kəndin, 1 qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edilməsi ilə bağlı şad xəbəri xalqa bildirdi.

         10 noyabr gecəsi isə Ali Baş Komandan doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”. Bəli, o gün Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyulduğu gün oldu. 30 illik münaqişə 44 gündə Azərbaycanın qələbəsi ilə bitdi. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz Şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, xalqının qüdrətini bəşəriyyətə sübut etdi və 44 günlük qəhrəmanlıq savaşımız bir tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.

          Bir yumruq kimi birləşən xalqımız həm öz möhtəşəm birliyi ilə, həm də bu birlikdən qaynaqlanan gücü ilə, Ali Baş Komandanın ifadəsi ilə desək, düşmənin başını əzdi. Hər kəs yaşından və cinsindən asılı olmayaraq bu Vətən müharibəsində könüllü səfərbər idi, hər iki oğlu şəhid olan ana mərdanə dayanıb Vətən sağ olsun deyirdi. Qəhrəmanlıqla şəhid olan həyat yoldaşının tabutunu çiynində daşımaqla ona son vəfa borcunu verən Azərbaycan qadını qəddini dik tutub “Canımız Vətənə fəda” deyirdi. 44 gündə bütün ölkə vətəndaşları bölgəsindən asılı olmayaraq qarabağlı idi. Düşmənin bombaladığı Tərtərin, Gəncənin, Bərdənin, Ağcabədinin dinc sakinlərinin dərdini bütün xalq çəkirdi. Xalq “canımız, evimiz əsgərlərimizə qurbandır, təki onlar sağ olsun, torpaqlarımız azad olsun” – deyirdilər. Əsgərimiz ön cəbhədə necə qeyrət, şücaət göstərirdisə, xalq da arxa cəbhədə elə qələbəyə inam nümayiş etdirirdi. Çünki xalq onun etimadını doğruldan Prezidentinə inanırdı, güvənirdi. 44 gün davam edən Vətən müharibəsi bütün dünyaya Azərbaycan xalqının həmişə öz liderinin ətrafında sıx birləşərək öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Dünya Azərbaycan xalqının hansı səviyyədə uğurlu sərkərdəyə,Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə də böyük strateq nümunəsi ortaya qoyaraq informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.

          Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və Müzəffər Azərbaycan Ordusu Azərbaycanı Qarabağa qovuşduraraq tarixi zəfərə imza atdı.  Şəhidlərimizin və müharibə zamanı həlak olan günahsız insanların qisası döyüş meydanında alındı, işğalçı Ermənistana layiq olduğu yeri göstərildi.

Bir sözlə, Noyabrın 8-i xalqımızın tarixinə qızıl hərflərlə yazıldı, 44 gün davam edən qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.

          Yaşasın Müzəffər Ali Baş Komandan, yaşasın Azərbaycan Ordusu, Müqəddəs Şəhidlərimizin ruhu şad olsun, Azərbaycan xalqına eşq olsun, Qələbə Günümüz mübarək olsun. Qarabağ Azərbaycandır!

                                                                                                           

Ağcabədi Rayon İcra Hakimiyyəti

Başçısı aparatının Sosial-iqtisadi inkişafın

təhlili və proqnozlaşdırılması şöbəsinin

baş məsləhətçisi Natiq Əlişov         

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com