Noyabr ayının birindən etibarən məktəblilərin Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyasına başlanılıb.
Muzeydə 44 günlük Vətən müharibəsində şəhid olmuş Ağcabədi şəhidlərinin xatirə guşəsi yaradılmışdır. Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək məqsədilə yaradılan xatirə guşəsi, vətənpərvərliyin gənc nəslə, gələcək nəsillərə aşılanmasında böyük əhəmiyyət kəsb edəcəkdir. Yeni yaradılmış sərgi salonunda müharibə dövründə rayon ərazisinə düşmən təxribatı nəticəsində atılmış, dünyada qadağan olunmuş “Smerç” tipli raket sisteminin zərərsizləşdirilmiş qalıqları, həmçinin 120 mm top, minaatan, BM -21 Qrad və digər silah mərmilərinin qalıqları nümayiş etdirilir.
Qeyd edək ki, guşə məktəblilərin böyük marağına səbəb olur. Onlar burada nümayiş etdirilən eksponatlar əsasında Vətən müharibəsində canından keçmiş şəhidlərimiz haqqında da ətraflı məlumatlar əldə edə bilərlər. Muzeyə ekskursiyalar tədris ilinin sonunadək davam etdiriləcəkdir.