Baxmayaraq ki,işlərim həddindən çox idi, Ağcabədi rayon Mərkəzləşmiş Kitabxan Sisteminin rəhbərindən Gəncə səfəri ilə bağlı təklif alanda məmnuniyyətlə gedəcəyimi bildirdim. Səfərin məqsədi Nizami ili çərçivəsində növbəti tədbirin həyata keçirilməsi idi. Rayon MKS-nin əməkdaşları və Uşaq şöbəsinin fəal oxucularının iştirakı ilə səhər tezdən yola düzəldik. Yol boyu kənd filiallarının nümayəndələrindən də bizə qoşulanlar oldu.
Mənim diqqətimi bizimlə gedən uşaqların əlindəki kitablar, çəkdikləri rəsmlər və yumşaq oyuncaq ayı çəkdi. Biz Nizaminin məqbərəsini ziyarət edəcək, muzeydə olacaqdıq. Nizaminin rəsmini, kitabları başa düşdüm, görəsən bu oyuncağı niyə götürüblər deyə özümə sual versəm də, sonadək gözləməyi üstün bilib susdum.Yol boyu rayon MKS-nin direktoru və digər əməkdaşlar keçdiyimiz yerlər haqqında uşaqlara məlumat verir, onlara maraqlı gələn yerlərdə mikroavtobusu dayandırıb imkan yaradırdılar ki,uşaqlar şəkil və videolar çəksinlər. Söhbətimiz zamanı kitabxana rəhbərliyinin bu təşəbbüsünü çox bəyəndiyimi söyləyəndə o, bildirdi ki, son vaxtlar rayonumuzla bərabər digər bölgələrimizdə də şəhid ailələrini kollektiv şəkildə ziyarət edir, onları gənc oxuculara tanıtmağa,döyüş yolları haqqında daha çox bilgi əldə etmələrinə şərait yaradırlar.
Nəhayət Gəncəyə çatırıq. Amma Nizami Gəncəvi Məqbərəsinə dönmədən düz gedirik. Artıq balacaların əlindəki oyuncağın hara gedəcəyini təxmin edirəm… Bəli,yanılmamışdım…
Bu dünyada otun, suyun, torpağın da yaddaşı var…
2020-ci il ilin oktyabrında Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumları nəticəsində həlak olan şəhər sakinlərinin fotolarının yer aldığı xatirə lövhəsinin qarşısındayıq. 6-sı uşaq olmaqla həlak olmuş 26 mülki şəxsin əksəriyyətinin təbəssüm dolu fotolarına baxdıqca qanım donur.Lövhənin aşağı hissəsində həmin xoşbəxt körpələrin həlak olandan sonra çəkilmiş fotoları yer alıb. Qeyd edim ki, bu hücümlar zamanı 29-u uşaq olmaqla 127 nəfər dinc sakin də müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Bu görüntülər önündə lal – dinməz dayanıb qalıram. Bizimlə gələn balaca oxuculara diqqət yetirirəm.Yol gələrkən zarafatlarından qalmayan,şıltaqlıq edən uşaqlar susublar… Erməni vəhşiliyinin qarşısında nə deyəcəklər ki?! Amma onlar bir neçə dəqiqədən sonra bu vəhşiliyin nəticələrini daha aydın şəkildə görəcəkdilər…
Aman allah. Şəkillərdə,videogörüntülərdə görmək bir ayrı,o evlərin,o dağıntıların arasında olmaq tamam ayrı… Bir zaman bu evlərdə xoşbəxt ailələr vardı. Kimisi işdən gəlib doğma yuvasında balasını köksünə sıxaraq yatmışdı, kimisi hələ də yatmayıb sabahın işlərini görür, yır-yığış edirdi,kimisi gələcək xəyallarını quraraq gözəl duyğularla mürgüləyirdi, kimisi… Və bir an içində bu xəyallar, bu yuxular,bu istilik,bu doğmalıq yerlə yeksan olmuşdu. Düşmən hər zamankı kimi dinc əhalini hədəf seçmiş, o gecə canı yanan, dəhşətli ağrılar içində anasını axtaran körpələrin çığırtısı,balasını itirən ata-anaların fəryadı ərşə dirənmişdi… İndi dağıntılar arasında toplanaraq üst-üstə yığılmış uşaq ayaqqabıları, günəşin,yağışın soldurduğu gəlinciklər, uşaq oyuncaqları,dərsliklər hərəsi bir zaman həvəslə, bir sevgiylə alınmış, necə böyük sevinclə qarşlanmışdı. Dəhşət içində ətrafa göz gəzdirirəm. Dağıntılar arasında,toz-torpaq içində ağzı üstə çevrilib qalmış qab-qacaqlar, yorğan, gəbə, tikələnmiş geyim qalıqlarını izlədikcə nəfəsim tükənir. Xəlil Rza Ulutürkün misraları keçir fikrimdən və bir az da heyrət edirəm.Ona görə heyrət edirəm ki, sanki şair bax elə indicə burada olub və məhz buranı təsvir edib.
Bu dünyada otun, suyun, torpağın da yaddaşı var.
Sındırılmış bir budağın,
söndürülmüş ocağın da yaddaşı var.
Ələk-vələk, darmadağın otağın da yaddaşı var.
Bayaq isti, indi bumbuz yatağın da yaddaşı var.
Nallı çəkmə altındaca qolu çıxan kuklacığın,
Miz üstündə yetim qalan bir qələmin,
varağın da yaddaşı var…
Bəli… Bəli… Bu dəhşətli görüntülər yaddaşlardan heç bir vaxt silinməyəcək.Mən buna əminəm.Və gördüklərimdən sonra daha da çox əmin oldum.Çünki biz orada olarkən dayanmadan məktəb,bağça və digər müəssisələrin kollektivləri ziyarətə gəlir,onlara bu haqda ətraflı məlumat verilir, sadəcə qulaqlarına deyil, gözlərinə də inanmağa şərait yaradılırdı.O uşaqlar heç zaman bu vandallığı unutmayacaqlar.
Kitabxananın direktoru Məhəbbət Əliyeva da gördüklərindən təsirlənmiş balaca oxucuları düşmənin “əl işləri” ilə əyani olaraq tanış edirdi. Avtobusda marağıma səbəb olan çəhrayı rəngli,yumşaq tüklü oyuncaq ayı balası indi sahibsiz qalmış uşaq ayaqqabılarının,oyuncaqların arasında öz yerini tutmuşdu.Oyuncağın üstündəki yazını oxuyuram:
“Ağcabədi rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin fəal oxucusu Mustafazadə Əsma Rəşadət qızından terror qurbanı olan uşaqlara”
Balacalarımızın hədiyyələri bununla bitmirdi. Müxtəlif nağıl kitablarının da içərisinə adlarını yazaraq heç vaxt onları oxumayacaq uşaqlara gətirmişdilər. Kədərli mənzərə idi.Eyni zamanda qürurverici… Bu uşaqların nə qədər böyük ürəkləri var. Öz nağıllarını,öz oyuncaqlarını terror qurbanı olan körpələrlə paylaşmaqdan rahatlıq tapır, bunu borcları bilirlər.
Artıq həyət uşaqla doludur. Ziyarətçilərin ardı-arası kəsilmir. Uşaqların üstünlük təşkil etdiyi bu qələbəliyi görüncə müharibə vaxtı tez-tez eşitdiyimiz kəlmələr yenidən canlanır dilimdə: “Bəli, biz bir ölər, min doğularıq!”
Şeirdən ucalıq umma dünyada,
Çünki Nizamiylə qurtardı o da...
Növbəti gedəcəyimiz ünvan Nizami məqbərəsidir. Əvvəllər burada olsam da, doğrusu bizi kimsə qarşılamamış, eləcə özümüz ziyarət edib çıxmışdıq. Bu dəfə isə bizi buranın əməkdaşları qarşıladı. Qonaqlara məlumat verilərkən qeyd olundu ki, məqbərənin hündürlüyü 22,4 metrdir. En kəsiyi milli ornamentə uyğun olaraq 8 guşəlidir. Abidənin daxilində, onun lap aşağı hissəsində şairin sərdabəsi yerləşir. İlk sərdabənin tikintisi 13-14-cü əsrlərə aid edilir.
Daha sonra məqbərənin yaxınlığında dahi şairin yaratdığı əsərləri tərənnüm edən tuncdan abidələrlə tanışlıq oldu.
Nizami Gəncəvi Muzeyində də olan ziyarətçilər ölməz şairin həyat və yaradıcılığını əks etdirən eksponatlarla tanış edildilər.
Sonra muzey və kitabxan əməkdaşları tərəfindən dahi Nizaminin həyat və yaradıcılığı haqqında fikir mübadiləsi aparıldı, balaca oxucular şeirlər səsləndirdilər.
Ağcabədi MKS-nin Uşaq şöbəsinin fəal oxucuları Asiman Əlizadə, Əkbər Ağazadə, Mərkəzi kitabxananın əməkdaşı Aynur İsayeva öz əl işlərini – Nizami Gəncəvinin portretini və şairin əsərləri əsasında çəkilmiş digər rəsmləri muzeyə hədiyyə etdilər.
Bundan sonra Ağcabədiyə doğru yol almaq istəsək də, balacaların xahişini yerə sala bilməyən Məhəbbət Əliyeva onları Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyinə də apardı. Dəfələrlə yolüstü bu muzeyə getmək istəsəm də,heç vaxt alınmamışdı. Qismət bugünə imiş. Mətbuat nümayəndəsi kimi dəvət olunsam da, burada kitabxananın fəal oxucusu olmağımdan da istifadə edib balacalara qoşuluram.Nəhayət muzeylə tanış oluram.
Qeyd edim ki, sözügedən Abidə Kompleksinin inşasına 2012-ci ilin yanvarında başlanılıb. Kompleks 2014-cü ildə fəaliyyətə başlayıb. Tarixi Gəncə qalasının beş qapısı olub ki, yaradılmış abidə kompleksi şəhərin “Məqbərə qapısı” adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, qalanın ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metrdir. Abidə kompleksinin sağ cinahında Gəncənin gerbi yaradılıb. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir.
Beləcə, Ağcabədi rayon MKS-nin mehriban kollektivi ilə yaddaqalan bir günü başa vurub doğma rayonumuza yol alırıq. Səhər yol gedərkən hər yerə maraqla baxan uşaqlar indi sakitcə yerlərində əyləşiblər və evlərinə çatmağa tələsirlər. Artıq sabah məktəbdə yoldaşlarına danışmaq üçün kifayət qədər məlumatları var…
Məhsəti Musa