Respublikamızda idmanın inkişafı daim diqqət mərkəzində saxlanılır. Rayonumuzda da bu sahədə ciddi addımlar atılıb. Ağcabədi Olimpiya İdman Kompleksinin inşa edilməsi bu baxımdan xüsusi önəm kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 28 noyabr 2017-ci ildə kompleksin açılış mərasimi keçirilib.
Prezident İlham Əliyevin “Abşeron və Ağcabədi rayonlarında olimpiya idman komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 27 may tarixli Sərəncamı əsasında inşa edilən bu möhtəşəm idman şəbəkəsi respublikadakı digər idman olimpiya kompleksləri arasında xüsusi yer tutur. Burada 13 nəfər çalışır. Onlardan 2 nəfəri tanınmış idman mütəxəssisləridir. İdman kompleksi yüksək standartlar səviyyəsində inşa edilib, hər cür idman qurğuları, avadanlıqları ilə təchiz olunub. Burada örtülü futbol və voleybol meydançaları, boks, taekvondo, cüdo, trenajor idman zalları, üzgüçülük hovuzu, açıq futbol stadionu, örtülü və mini futbol meydanları 51 nəfərlik hotel mövcuddur. Kompleksin ətrafı meşəliklə əhatə olunub. Onun yerləşdiyi 5 hektar ərazidə 1100 ədəddən çox müxtəlif növ ağaclar əkilib.
Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru İsmayıl Rəsulovun dediklərinə görə müəssisənin nəzdində boks, taekvondo, cüdo, futbol və üzgüçülük idman növləri üzrə bölmələr fəaliyyət göstərir. Taekvondo üzrə bölmədə 200 nəfər (məşqçi müəllim Tapdıq Əkbərov), boks bölməsində 30 nəfər (məşqçi-müəllim Məhərrəm İbrahimov), üzgüçülük bölməsi üzrə 20 nəfər (məşqçi müəllim Nicat Musayev), cüdo bölməsi üzrə 30 nəfər (məşqçi-müəllim Bayram Novruzov), futbol bölməsi üzrə 40 nəfər (məşqçi-müəllim Ruslan Rüstəmov) məktəblilər və gənclər məşğul olur. Direktorun dediyi kimi, həvəskar şəxslər üçün də burada idmanın hər növü ilə məşğul olmaq üçün şərait yaradılıb. Rayon sakinləri kompleksin ətrafındakı qaçış meydanından müntəzəm olaraq istifadə edirlər.
Adıçəkilən idman kompleksində yüksək səviyyədə müxtəlif idman yarışlarının keçirilməsi üçün geniş şərait təmin edilib. Təsadüfi deyildir ki, burada müntəzəm olaraq, idmanın ayrı-ayrı növləri üzrə rayon və respublika səviyyəli yarışlar təşkil edilir. Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən taekvondo üzrə idman yarışları kompleksin idman zallarında keçirilir. Ötən ilin yanvarında şahmat üzrə respublika çempionatının keçirilməsi də bu sahədə önəmli hadisə hesab olunur. Həmin çempionatda 700 nəfərdən çox şahmatçı iştirak edib.
İ.Rəsulov söhbət zamanı əlavə edib ki, idman kompleksində yaxın vaxtlarda digər idman yarışlarının keçirilməsi planlaşdırılıb. Oktyabrın 31-də cüdo, noyabrın 3-də taekvondo, noyabrın 18-də isə boks idman növləri üzrə rayonlararası yarışların keçirilməsi nəzərdə tutulub. Qeyd olunub ki, Ağcabədi Olimpiya İdman Kompleksində məşğul olan idmançıların bir çoxu respublika və Avropa birinciliklərində uğurla çıxış edirlər. Taekvondo üzrə idman kompleksinin yetirməsi Minayə Əkbərova bu ilin aprel ayında Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən Avropa çempionatında müvəffəqiyyətlə çıxış edərək, bürünc medala layiq görülüb. İdmançılardan Elçin və Çingiz Həsənovlar həmin idman növü üzrə respublika birinciliklərində fərqləniblər. Diqqətə layiq haldır ki, hər üç ağcabədili idmançı taekvondo üzrə respublika yığma komandasına dəvət olunub. Direktor söhbət zamanı kollektiv üzvlərinin Vətən müharibəsi dövründə hərbi hissəyə köməklik göstərilməsinə də diqqət çəkib. Həmin hərbi hissənin komandanlığı tərəfindən göstərilən kömək və yardımlara görə kollektiv Fəxri fərmanlarla təltif edilib.
İsmayıl müəllim müəssisədə koronavirus pandemiyasına qarşı görülmüş tədbirlərdən ətraflı danışıb. O, kollektiv üzvləri və idmançılar tərəfindən karantin qaydalarına ciddi əməl olunduğunu dilə gətirib, keçirilən tədbirlərin karantin çərçivəsində həyata keçirildiyini vurğulayıb. Sonda qeyd olunub ki, kompleksin bina və qurğularının qorunması onun ətrafında səliqə-səhmanın təmin olunması üçün bütün imkanlar səfərbərliyə alınıb.
Hüseyn QULUZADƏ