Təhsil işçiləri təltif olundu

                                              

Noyabrın 4-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə Zəfər gününə həsr olunmuş tədbir keçirildi. Ağcabədi Rayon Təhsil Şöbəsinin iclas zalında keçirilən tədbirdə Vətən müharibəsi iştirakçısı olan müəllimlər- Ülvi Həsənov,Mahir Bağırov,Seyhun Qasımov, Elgün Həsənov, Asiman Quliyev, eləcə də müharibə dövründə arxa cəbhədə fəallıq göstərən bir qrup təhsil işçisi iştirak edirdi.

Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

  Qonaqları salamlayan  ATİAHİ-nin Ağcabədi rayon komitəsinin sədri Arzu Niftalıyeva bildirdi ki, tədbirin  keçirilməsində əsas məqsəd Zəfər Gününü qeyd etmək,  eyni zamanda,  II Qarabağ müharibəsi zamanı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda sinəsini sipər edən müəllimlərimizi  iştirakçlarla tanış etməkdir. Komitə sədri həmçinin  müharibə dövründə rayonumuzda yorulmadan çalışan, arxa cəbhədə xidmət edən müəllimlərin də fəaliyyətindən danışdı, xalqın ordumuza dəstəyinin qələbənin qazanılmasında böyük əhəmiyyət daşıdığından söz açdı.

Sonra R.Quliyev adına Taynaq kənd tam orta məktəbin müəllimi Ələsgər Məmmədov, Əməkdar müəllim Zəhra İbrahimova, şəhər 11 saylı tam orta məktəbin müəllimi Almaz Nəcəfova, şəhər 1 saylı tam orta məktəbin direktoru Səadət Kazımova, şəhər 6 saylı tam orta məktəbin müəllimi Nərminə Əkbərova və digərləri çıxış edərək Zəfərimizin qazanılmasında böyük xidməti olan döyüçü müəllimlər haqqında xoş sözlərini bildirdilər, Ali Baş Komandanın dəmir  iradəsi, ordu-xalq birliyi nəticəsində  30 illik həsrətimizə cəmi 44 gün ərzində son qoyulmasından fəxrlə danışdılar.

 Çıxışlardan sonra bir qrup təhsil işçisinə Vətən müharibəsi dövründəki fəaliyyətinə görə Fəxri fərmanlar, döyüşçü müəllimlərə isə bayram sovqatı təqdim olundu.

   Sonda rayonumuz üçün əlamətdar hadisə olan ARAN TV-nin fəaliyyətə başlamasından söz açan A.Niftəliyeva   redaksiyanın kollektivinə uğurlar arzuladı və üzərində Zəfərimizin simvolu olan Xarıbülbül təsvirinin yer aldığı hədiyyəni xatirə olaraq “Aran” qəzetinin redaktoru Məhsəti Ağayevaya təqdim etdi.

                    

                                                                                                                                       “ARAN”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər