Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə etməklə külli miqdarda pulu mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildiriblər ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən Avşar kənd sakini Elyaz Qədimov saxlanılıb. Araşdırmalarla onun sakinlərə məxsus daşınmaz əmlakları, avtomobilləri, qızıl-zinət əşyalarını, əməkhaqqı kartlarını dələduzluq yolu ilə ələ keçirərək 300 min manata yaxın pulu mənimsədiyi müəyyənləşdirilib.
E.Qədimovun analoji cinayətlər törətdiyi də istisna edilmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə və Ağcabədi Rayon Polis Şöbəsinə məlumat verə bilərlər.