27 sentyabr 2020-ci il tarixində ermənistan silahlı qüvvələri təxribat törədərək bütün cəbhəboyu zonada Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və artilleriya qurğularından atəşə tutmağa başladılar. Həmin gün Ermənistan ordusunun döyüş fəallığını azaltmaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Milli Ordu birləşmələrimizin iştirakı ilə cəbhəboyu ərazilərdə sürətli əks-hücum əməliyyatının başlanması barədə Ali Baş Komandanımız İlham Əliyev tərəfindən əmr aldı.
II Qarabağ Müharibəsində Azərbaycan ordusu az itki ilə böyük irəliləyişlərə nail oldu. Müharibənin əvvəllərində artıq rəşadətli ordumuz bir sıra kəndləri və strateji əraziləri işğaldan azad etdi. Cəbhəboyu uğurlu əks-hücum əməliyyatları nəticəsində 2020-ci il 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda isə Qarabağın mədəniyyət paytaxtı olan Şuşa şəhəri əsgərlərimizin igidliyi sayəsində işğaldan azad olunmuşdur. Parlaq qələbənin qazanılmasında əlbəttə ki, bütün ordu birləşmələrimizin misilsiz xidmətləri vardır. Şuşa şəhərindəki döyüş əməliyyatını müasir hərb tarixi üçün əsl örnək hesab etmək olar. Qarabağın döyünən ürəyi, baş tacı olan Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır texnikalı silahlarla girmək mümkün deyildi. Şəhəri yalnız hava zərbələri və top atəşləri ilə almaq olardı. Bu cür alınsaydı böyük dağıntalara səbəb olardı. Ona görə də qəhrəman zabit və əsgərlərimiz əlbəyaxa döyüş taktikasından, yəni süngüdən istifadə edərək alınmaz şəhər olan Şuşanı işğaldan azad etdilər.
2020-ci il 10 noyabr tarixində isə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının birgə iştirakı ilə sülh sazişi imzalanmışdır. Bu bəyannamə xalqımızın qələbəsinin altında parlaq bir imza oldu. Cənab Prezident İlham Əliyevin uzaq görənliyi sayəsində heç bir itki olmadan Ağdam, Kəlbəcər və Laçın şəhərləri düşməndən geri alındı. Bu da bizim qüdrətli dövlət kimi diplomatiya sahəsindəki uğurumuzu dünyaya nümayiş etdirdi.
Republikamızın hər yerində olduğu kimi, rayonumuzda da şəhid ailələrinin və qazilərin problemlərinin aradan qaldırılması istiqamətində mühüm addımlar atılır və bir sıra tədbirlər həyata keçirilir.
Mən özüm də Vətən müharibəsinin iştirakçısı olmuşam. 2020-ci ilin sentyabrın 29-dan döyüşən ordu sıralarında vuruşmuşam. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşam. Şuşa istiqamətində gedən döyüşlərdə brotravma (kontuziya) almışam. Dövlətimizin daim diqqət və qayğısı sayəsində ətraflı müalicə olundum. Dövlətimiz müharibə iştirakçılarına göstərdiyi qayğının canlı şahidiyəm. Müharibədən sonra bir qazi kimi işlə təmin olundum. Hazırda Ağcabədi rayon məhkəməsində işləyirəm. Çalışacağam ki, dövlətimizin göstərdiyi hərtərəfli qayğıya əməli işimlə cavab verim. Üzərimə düşən işin öhdəsindən layiqincə gəlim. Vətəndaşlar müraciətlərinə obyektiv şəkildə baxıldığını və qanunun vətəndaşın hüquqlarını qoruyan bir məhkəmə sistemi olduğunu yaxından anlasınlar. İnanıram ki, buna nail ola biləcəyəm.
Əmiraslan MƏNAFOV, Ağcabədi Rayon Məhkəməsinin böyük məsləhətçisi,
Vətən müharibəsi qazisi.