Qələbə bizimlədir

Vətən müharibəsi xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Minlərlə Azərbaycan oğlu Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin ətrafinda bir dəmir yumruq kimi birləşdi. Torpaqlarımızın mənfur düşmən tapdağından azad edilməsi üçün xalq bir nəfər kimi ayağa qalxdı. Çünki cənab İlham Əliyevin apardığı siyasət zamanın tələbinə uyğun olaraq haqq, ədalət, xalqın taleyi ilə yüklənmiş siyasət idi. Odur ki, bu müdrik siyasət öz bəhrəsini verdi. 30 il düşmən tapdağı altında inildəyən Qarabağ torpağı və onun incisi olan Şuşa şəhəri cəmi 44 gün çəkən müharibədə azad edildi. Xalq azad nəfəs aldı. Mənim böyük oğlum xüsusi təyinatlı kapitan Samir Mikayıllı da bir azərbaycan oğlu, hərbçi kimi Vətən savaşının başladığı ilk gündən ön cəbhədə oldu. Bir çox strateji əhəmiyyət daşıyan obyekt və yerlərin düşməndən azad edilməsində yaxından iştirak etdi. Şuşanın alınmasında xüsusi rəşadət göstərdi. Amma nə etməli, müharibə şəhidsiz olmur. Samir qələbəmizə cəmi bir neçə saat qalmış düşmən mərmisinin qəlpəsindən ağır yaralandı və şəhid oldu. Bircə təsəllim var ki, oğlum Vətən, Torpaq uğrunda canını fəda etdi. Və biz Böyük Qələbəyə nail olduq. Bir şəhid ailəsi kimi dövlətimiz tərəfindən hərtərəfli diqqətlə əhatə olunmuşuq. Bunun üçün dövlətimizə, ölkə Prezidenti İlham Əliyevə bir şəhid atası kimi öz dərin təşəkkürümü bildirirəm. Yaşasın azad Azərbaycan!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Sabir SULTANOV,

Salmanbəyli kənd inzibati

ərazi dairəsinin nümayəndəsi

Şərhlər