Bu il Ağcabədi Toxum Emalı Zavodunda 3 min tona yaxın toxum emal edilib

Taxılçılığın və toxumçuluğun inkişafı dövlətimizin daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin 2016-cı il dekabrın 6-da imzaladığı Fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə toxum sektorunun inkişafı strateji hədəf kimi qarşıya qoyulub. Ötən dövr ərzində Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondu tərəfindən ölkədə toxumçuluq və bitkiçilik sahələrinin inkişafı, o cümlədən yerli toxumçuluğun təşviqi, toxum ehtiyatlarının qorunması, strateji əhəmiyyətli toxumların kütləvi istehsalı istiqamətində mütəmadi iş aparılıb. Hazırda da bu sahənin inkişafı üçün müxtəlif layihələr icra edilir. Fondun əsas vəzifələrindən biri fermerləri mövcud bazar qiymətlərindən daha aşağı qiymətlə, sertifikatlı, müxtəlif çeşidli, yüksək keyfiyyətli və məhsuldar toxumla təmin etməkdir.

Ölkəmizdə toxumçuluğun inkişaf etdirilməsi məqsədilə hazırda Dövlət Toxum Fondunun tabeliyində 5 toxum emalı zavodu fəaliyyət göstərir. Bölgə müxbiri Ağcabədidəki toxum emalı zavoduna gedərək, müəssisənin fəaliyyəti ilə tanış olub. Zavodun direktoru Rizvan Şıxəliyev bildirib ki, müəssisə 1 hektar ərazidə salınıb və burada inzibati bina, taxıltəmizləmə bloku, taxıl üçün bunker və digər qurğular yaradılıb. Zavodun emal gücü saatda 5 tondur. Zavodda quraşdırılan qurğular vasitəsilə emal olunan toxum materialını 98,5 faiz təmizləmək mümkündür. Bu toxumların əkin sərfiyyatı digər qurğularda təmizlənənlərdən 20-30 faiz azdır. Bu da əkinə sərf edilən toxumun həcminin azalmasına imkan verir, həm də fermerin məhsul istehsalında çəkdiyi xərcləri də əsaslı şəkildə azaldır.

Zavodda həm iri şirkətlərin, həm də fermer və sahibkarların istehsal etdikləri toxumlar emal olunur. Müəssisəyə gətirilən toxum tərəzidə çəkildikdən sonra nəmliyini müəyyən etmək üçün analiz götürülür. Sonra dəmir bunkerlərə – silolara vurulur və havalandırma sistemi ilə qurudulur. 3 min tonluq silo qurğularının əsas funksiyası təqdim olunan toxum materialını qəbul edərək emal xəttinə davamlı ötürülməsi və həmin qurğularda saxlanılan toxumun digər ərazilərə daşınması üçün avtomobillərə asanlıqla yüklənilməsini təmin etməkdir. Mövsüm başa çatdıqdan sonra dövlət ehtiyacı üçün tədarük olunmuş toxumun ehtiyatı bu qurğularda təhlükəsiz saxlanılır.

Məhsulun toxumluğa yararlılığı laboratoriyada müəyyən edilir. Emal zamanı toxum müxtəlif mərhələlərdən keçirilir – mexaniki qarışıqlardan, o cümlədən alaq otlarından və dən qırıqlarından təmizlənir, ölçülərinə görə fərqlənən toxumlar ayrılır, eyni ölçülü və çəkili toxumlar dərmanlanır. Sonda toxum standart çəkidə kisələrə tikilir və etiketlənir. Cari ildə müəssisədə 3 min tona yaxın toxum emal edilərək, sifarişçilərə çatdırılıb.

Şərhlər