“Aran” qəzeti daim vətəndaşların müraciətinə diqqətlə yanaşır, problemlərinin işıqlandırılmasına və həllini tapmasına yardımçı olur. Bu problemlər təkcə qəzet yox, eyni zamanda saytımız və sosial şəbəkələrdəki səhifələrimizdə də yer alır. Yeni yaradılmış Aran Ağcabədi TV də məhz qərəzsiz və dəqiq informasiyalarla yayımlanır.
Noyabr ayının 4-də rayonun Sultanbəy küçəsinin sakinləri tərəfindən redaksiyamızın ünvanına bir neçə videogörüntü göndərildi. Videoda küçə ərazisindən keçən kanal və onun ətrafındakı zibilliyin görüntüləri yer almışdı. Ərazinin həqiqətən də çox acınacaqlı vəziyyətdə olduğu açıq-aydın görünürdü. Elə həmin tarixdə vidogörüntü “Aran” qəzetinin sosial şəbəkədəki səhifəsində paylaşıldı.
Və çox keçmədən 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məsələyə reaksiya göstərildi, əraziyə əməkdaşlar göndərilərək baxış keçirildi. İdarənin göstərişi ilə 15 noyabr 2021-ci il tarixdə aidiyyatı orqanlar tərəfindən ərazidə təmizlik işləri aparıldı və götürülən məişət tullantıları zibil poliqonuna daşındı.
Qeyd edək ki, bir müddət öncə də həmin küçə “Aran” qəzetinin müdaxiləsindən sonra Ağcabədi Rayon Kommunal Xidməti və Mənzil-İstismar İdarəsi tərəfindən təmizlənmiş vəmövzu qəzetdə işıqlandırılmışdı.
Ümid edirik ki, bu hal təkrarlanmayacaq və sakinlərimiz özləri də küçənin təmizliyinə riayət edəcəklər.
Əvvəlki və sonrakı görüntüləri təqdim edirik: