Onlar həmişə diqqət mərkəzindədir

                                 

                                 

    Bir sıra kütləvi informasiya vasitələrində rayonun Kəhrizli kənd sakini, xidməti ilə əlaqədar olaraq hazırda Beyləqan rayonu SMD-42 qəsəbəsində yaşayan, Vətən müharibəsi iştirakçısı, gizir Cəfərov Qadir Habil oğlunun fərdi yaşayış evinin tikintisinə köməklik göstərilməməsi, özünün və asma xəstəsi olan anasının əlillik dərəcəsinin təyin edilməməsi barədə məlumatlar yayılmışdır.

     Məlumat üçün bildiririk ki, rayonun Kəhrizli kənd sakini, 1997-ci il təvvəlüdlü Cəfərov Qadir Habil oğlu 2016-cı il “Aprel döyüşləri”ndə iştirak etdikdən sonra xidmətini gizir kimi Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə davam etdirib. Azərbaycan Ordusunun tarixi qələbəsi ilə bitən  44 günlük Vətən müharibəsində Cəbrayıl, Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edərək yaralanıb.

    Verdiyi müsahibələrdə şikayətçi Ağcabədi rayon İcra Hakimiyyətindən ona köməklik göstərilmədiyini bildirib.

    Əvvəla qeyd edək ki, rayon rəhbərliyi tərəfindən hər zaman şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına böyük diqqət və qayğı göstərilir. Müharibə gedən müddətdə digər müharibə iştirakçıları kimi, Qadir Cəfərovun ailəsinə də icra hakimiyyətinin daxili imkanları hesabına bir neçə dəfə ərzaq yardımı göstərilmişdir. Lakin sonralar xidməti ilə əlaqədar olaraq özünün Beyləqan rayonunda, ailəsinin isə Bakı şəhərində yaşaması səbəbindən  onlarla  əlaqə saxlamaq mümkün olmamışdır.

     Digər məsələ ilə bağlı Ağcabədi RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsindən bildirildi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələri dövlət hesabına mənzillə təmin olunmaq üçün yaşadıqları rayon (şəhər) İcra Hakimiyyətlərində mənzil növbəsinə götürülürlər. Lakin Vətən müharibəsi iştirakçılarının mənzil təminatında və təmirində hər hansı imtiyaz və ya güzəşt nəzərdə tutulmamışdır. 

      Qadir Cəfərovun anası Cəfərova Nazilə Rəşid qızının əlillik dərəcəsinin təyin edilməsi məsələsinə gəldikdə isə bununla bağlı Ağcabədi Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsindən Ağcabədi Rayon İcra Hakimiyyətinə daxil olmuş 24 avqust 2021-ci il tarixli, 766 saylı arayışda vətəndaşın sənədlərinin 05 iyun 2021-ci il tarixdə TSEK-in göndərişlər reyestrinə daxil edildiyi, 15 iyun 2021-ci il tarixdə isə “Əlavə müalicəyə ehtiyacın olması, müalicə müddəti az olduğuna görə ixtisaslaşdırılmış müalicə məsləhət görülməsi” səbəbindən imtina olunduğu bildirilmişdir. Nazilə Cəfərova Respublika Klinik xəstəxanasında müalicəyə cəlb edilmişdir. Vətəndaş müalicə aldıqdan sonra sənədləri 24 avqust 2021-ci il tarixdə yenidən TSEK – in göndərişlər reyestrinə daxil edilmişdir. 

       Qeyd edək ki, müsahibədə xidmət müddətinin bitdiyini söyləsə də, Q. Cəfərov hazırda Müdafiə Nazirliyinin hərbi qulluqçusu kimi xidmətdədir( qazan təminatındadır). Şikayətçinin əsas məqsədi xidmət etdiyi hərbi hissədən əlilliklə tərxis olunmasıdır. Lakin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalı tərəfindən Qadir Cəfərova yalnız əlavə məzuniyyət təyin edilir. Bu problemin həlli isə Ağcabədi rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə daxil deyil.

        İcra hakimiyyətinin səlahiyyətində olmayan məsələlərin israrla bu qurumdan tələb edilməsi, müraciətlərin düzgün istiqamətə – aidiyyatı ünvanlara yönləndirilməməsi problemin də vaxtında həll olunmamasına gətirib çıxarır. Arzu edərdik ki, müsahibə alan jurnalistlər, bloggerlər mövzuya səthi yanaşmasınlar, məsələni hərtərəfli öyrənərək yayımlasınlar.

 

İzləmək üçün link :

https://www.facebook.com/100015379007656/posts/1234548447067777/?sfnsn=mo

Şərhlər