İnanıram ki, oğlum bir gün evimizə qayıdacaq
Ağcabədinin Kürdlər kəndində, şəhid Əmrah Abışovun ailəsindəyik. Qapıda bizi şəhidin anası Xalidə xala qarşılayır. Evə keçirik. Ana stulda yer göstərib özü də bizimlə üz-üzə əyləşir. Baxışlarından bircə sözə bənd olduğunu, ürəyini boşaltmaq istədiyini hiss edirəm. Və söhbətə başlayırıq. İlk sözü bu olur:
Gözüm yoldadır. Bilirəm ki, oğlum ölməyib. Bəlkə də bir möcüzə olacaq, balam gələcək. Hər gün onu gözləyirəm. Səhər yuxudan oyananda birinci işim darvazanın hər iki tayını açmaq olur. Sonra öz-özümə deyirəm:
– Guya buranı tanımır ki? Gəlsə axı özü evə girər… Amma adət etmişəm. Tərgidə bilmirəm. Deyirəm birdən gələr,qapını bağlı görər, pis olar…
…Mən onu əsgərliyə getməyə qoymurdum. Dedi sən nə danışırsan? Gedəndən sonra əlaqə saxlayanda deyirdi yerim əladır. Amma sonralar bildim ki, orada çox çətinlik çəkib. Xidməti başa vuranda 2 tərifnamə ilə gəlmişdi. Gələnə yaxın sənədlərinin üzünü istədi. Sən demə müqavilə bağlayıb hərbidə qalacaqmış. Əvvəl Şəmkirdə, sonra Beyləqanda xidmətdə oldu. Sonra isə…
Əvvəllər kimsə birinə deyəndə ki, “Allah səbr versin”, acığım tuturdu. Deyirdim bu nə sözdür axı? İndi özüm hər gün əllərimi göyə açıb Allaha yalvarıram ki,mənə səbr ver. Səbr ver ki, balamın yoxluğuna dözə bilim…
Ermənilər mənim soyumu kəsdi
O, uşaq olanda doğum günlərində bişirdiyim tortün üstünə yalnız bir rəqəm yazırdım. Həmişə deyirdim ki, bu nə vaxt iki rəqəmli olacaq? Əmrahımın 10 yaşı tamam olanda mən artıq o vaxtlar dediyimi unutmuşdum. O, əlini-əlinə vurub güldü ki, ay ana, axır ki, tortun üstünə iki rəqəm yazdın… Onun doğum günlərində hazırladığım tortların şəkillərini sosial şəbəkədə paylaşırdı. Sonra deyirdi ki, bilirsən nə qədər “əla” almısan?
Əmrah mənim yeganə balam idi. Onun ölümü ilə mənim üçün hər şey bitdi. Ermənilər soyumu kəsdilər. Gələcəkdə olacaq nəvələrim öldü…
Atam II Dünya müharibəsində olmuşdu. Deyirdi müharibə dəhşətlidir, çətindir. Amma onun dedikləri mənə çatmırdı. İndi başa düşürəm ki, müharibə bu imiş… Həmişə müharibədən bəhs edən filmlərə baxırdım. İndi hərbdən bəhs edən nə isə görəndə belə, tüstüm başımdan çıxır.
Arzum idi ki, onu sentyabrda evləndirim
Kredit götürmüşdüm, ev-eşiyi düzəltdirirdim. Arzum idi ki, onu sentyabrda evləndirim. Nə vaxt gəlirdi, görürdü ki, evdə usta işləyir. Deyirdi neynirsən axı bunu? Deyirdim ki, gəlinim gələndə qoy hər şey hazır olsun. Cavabı bu olurdu:
-Etməyin belə…
Bəlkə də ürəyinə damıbmış ki, bu ev ona qismət olmayacaq. Doğrudan da olmadı… Elə istəyirəm… Elə istəyirəm ki, bax bircə dəfə ey, bircə dəfə gəlib bu evi gəzib getsin…
Şəhidimizin anasına təskinlik vermək istəyirəm. Amma danışsam, bircə kəlmə desəm özümü ələ ala bilməyəcəyimi hiss etdiyim üçün başımı aşağı dikərək göz yaşlarımı gizlədib susmağa, onu dinləməyə üstünlük verirəm. Ananın xatirələri isə bitmir:
Həmişə qoz-fındıq ləpələyirdim onun üçün. Deyirdi bunu ona görə edirsən ki, dişimə salmayım, hə?
Təsəvvür edirsiniz? Mən balamın bir dişinə də qıymırdım… Balam özü getdi, ay qızım… Amma mən inanıram… İnanıram ki, o, bir gün evimizə qayıdacaq…
Məhsəti MUSA