(Şəhid Tapdıqov Azadın xatirəsinə həsr olunub)
Vətən sevgisi deyiləndə, bax o zaman axar sular dayanır. Bütün sevgilərin başında dayanan Allah belə buyurur ki, Vətəni sevmək imandandır.
Dünyaya gələn hər bir insan ölümə doğru addımlayır. Ölüm səbəbləri isə müxtəlif olur. Bu səbəblərin ancaq biri müqəddəsdir, ucadır, alidir. Bu, şəhidlik məqamıdır. Şəhidlik Allah yolunda, haqq yolunda, Vətən yolunda cihad edib canından keçənlərin məqamıdır. Şəhidlik hər insana nəsib olmur. Maraqlı burasıdır ki, o yola addım atanlar sanki gözəgörünməz bir qüvvə tərəfindən müjdələnir. Təsadüfi deyil ki, 44 günlük haqq savaşımızda şəhadət məqamına ucalan oğullarımız, qızlarımız öncədən sevə-sevə getdiyi bu yolun dönüşü olmaycağını bilirdi. Şəhidlərimiz haqqında yazılan bir çox əsərlərdə bu məqamı açıq-aşkar görmək mümkündür.
Tapdıqov Azad Azər oğlu 1 fevral 1997-ci ildə Ağcabədi rayonunun Yuxarı Avşar kəndində dünyaya göz açıb. Həqiqi hərbi xidməti dövründə böyük qələbəyə aparan aprel döyüşlərinin iştirakçılarından olub. Xidmətini başa vurduqdan sonra müxtəlif sahələrdə fəaliyyət göstərib. 2020-ci ilin Tovuz hadisələri zamanı ailəsindən xəbərsiz könüllü olaraq ordu sıralarına yazılır. İllərdir arzusunda olduğu torpaqların azadlığı uğurunda şəhid olacağına and içir.
Nəhayət arzuladığı gün gəlir. Zəfər tariximizin ən şanlı səhifələrindən biri kimi yadda qalan 2-ci Qarabağ müharibəsi başlayanda Azad Bakı şəhərində olur. Atasına zəng edərək çağırış olarsa mütləq ona bildirməklərini xahiş edir. Nəhayət, sentyabr ayının 29-na ona çağırış gəlir.
Həmin axşam Bakıda dostları ilə vida məclisi təşkil edir və qürurla onlara zəfər müjdəsi gətirəcəyini bildirir:
-”Vətənimizi, anamızı, bacımızı qorumaq hər birimizin boynunun borcudur. Bu, bizim haqq savaşımızdır. Əmin olun ki, Allah hər zaman haqlıların yanındadır. Biz zəfər çalacağıq, şəxsən özüm sizə qələbə xəbərini çatdıracağam”
Sabahı Ağcabədiyə yola düşür. Evə çatana qədər uzaqda olan bütün doğmaları ilə telefon əlaqəsi saxlayıb vidalaşır. Sanki şəhadət zirvəsinə ucalacağı Azada əyan olmuşdu. Evə çatanda isə doğmaları ilə görüşüb son dəfə doğulub boya-başa çatdığı Avşar kəndinə vida edirmiş kimi baxır, Ağcabədidə yerləşən Laçın şəhərciyinin ərazisindəki hərbi hissəyə yola düşür. Oktyabr ayının 7-nə qədər təlimlərdə iştirak edir. Həmin tarixdən isə Füzuli istiqamətində gedən döyüşlərə qatılmaq üçün yola düşür.
Azad müzəffər ordumuzun hər gün irəlilədiyini görüb daha həvəslə döyüşlərə atılır. Döyüş yoldaşlarına hər an ruh yüksəkliyi verməyə çalışır. Qısa müddət ərzində bütün silahdaşlarının əzizinə çevrilir.
Oktyabr ayının 9-da döyüşlərin qızğın getdiyi bir məqamda dostunun atəş altında qaldığını görüb ona kömək etmək üçün meydana atılan qəhrəman həmyerlimiz mənfur düşmənlərin atdığı gülləyə tuş gələrək müqəddəs şəhidlik məqamına ucalır.
Tapdıqov Azad Azər oğlu dostlarına verdiyi sözü yerinə yetirib qələbə xəbərini özü verə bilməsə də, onun döyüş yoldaşları cəmi 1 ay sonra nəinki Azadın dostlarına, bütün dünyaya Azərbaycanın zəfərini duyurdu.
Azərbaycan Respublikasının Prezidentinin sərəncamlarına əsasən ölümündən sonra Tapdıqov Azad Azər oğlu “Vətən uğrunda”, “Cəsur döyüşcü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Doğma kəndində adını daşıyan küçə və ehsan bulağı Azadın ölümsüz olduğunun göstəricisidir.
Məzarında rahat uyu, Şəhidim, uğurunda can verdiyin torpaqlar indi düşmən tapdağında inləmir. Ruhun şad olsun!
Aynurə İNCİ