Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə noyabrın 17-də YAP Ağcabədi rayon təşkilatında tədbir keçirilib.
Öncə dahi lider Heydər Əliyevin abidəsi ziyarət olunub,önünə tər çiçəklər düzülüb.
YAP Ağcabədi rayon təşkilatın konfrans zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.
Sonra Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan və məruzə edən YAP Ağcabədi rayon təşkilatının sədri vəzifəsini icra edən Rövşən Əhmədov tədbr iştirakçılarını 17 Noyabr- Dirçəliş günü və YAP-ın yaranmasının 29-cu ildönümü ilə bağlı təbrik etdi. O, partiyanın yaranma səbəblərini və həmin dövrün ictimai-siyasi xarakterini izah edərək vurğuladı ki, Azərbaycan 1990-cı illərin əvvəllərində çətin durumda idi. Torpaqlarımızın mənfur qonşularımız tərəfindən işğalı, daxildəki hərc-mərclik qanımız,canımız hesabına əldə etdiyimiz müstəqilliyin itirilməsinə gətirib çıxaracaqdı. Belə acınacaqlı vəziyyətdə Azərbaycanın xilas yolunu Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görən ziyalılar 1992-ci ilin oktyabrında ulu öndərin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaranması təşəbbüsünü irəli sürdülər. Beləliklə, 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi, daha sonra Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Bu illər ərzində YAP-ın nailiyyətlərindən danışan R. Əhmədov bildirdi ki, Heydər Əliyev ideyalarının, onun siyası kursunun qətiyyətli davamçısı, ölkə prezidenti İlham Əliyevin çoxşaxəli səmərəli fəaliyyəti YAP-ın aparıcı mövqeyini daha da möhkəmləndirir.
Daha sonra məruzə ətrafında çıxışlara başlanıldı. YAP veteranları Teymur Rəhimov, Kamilə Zamanlı, Əli Bədəlov, Ağcabədi Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimov, Ağcabədi RİH yanında İctimai Şuranın sədri Vaqif Qarayev çıxış edərək Yeni Azərbaycan Partiyasının uğurlarından söz açdılar.
Yekunda çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tədbir iştirakçılarını hər iki bayram münasibəti ilə təbrik etdi, 44 günlük müharibədən, Zəfərimizdən söz açdı, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixə nəzər saldı, partiyanın qarşısında duran yeni məqsəd və vəzifələrdən danışdı.
Görüş daha sonra bir qrup YAP veteranının iştirakı ilə çay süfrəsi arxasında davam etdi.