Zabit müəllimlər

Ən dəyərli, əvəzolunmaz peşələrdən biri müəllimdir. Müəllim məktəblilərin böyüyüb, formalaşıb müstəqil şəxs kimi yetişmələrində heç də valideynlərindən az rol oynamır. Yuxusuz gecələr keçirən, ömrünü şagirdi yolunda əridən müəllimin, saçlarına bu yolda düşən dən onun bizdən ötrü çəkdiyi minbir əzab-əziyyətdən xəbər verir. Bu günün məktəblisi vətənpərvər olmağı, Vətəni, torpağı canından artıq sevməyi müəllimdən öyrənir.

Sizə iki müəllimdən, Vətən müharibəsi zamanı qələmi süngüyə çevirən Vətən oğullarından söhbət açmaq istəyirəm.

Qasımov Seyhun Qasım oğlu 17 sentyabr 1972-ci il tarixdə rayonunun Hindarx qəsəbəsində dünyaya göz açıb. 1979-cu ildə 1-ci sinfə gedib. 1987-1989-cu illərdə Bakıda 1 saylı fizika-riyaziyyat təmayüllü internat məktəbdə təhsil alıb. 1989-cu ildə Politexnik İnstitutunun avtomobil nəqliyyatı fakultəsinə qəbul olub. 1994-cü ildə bu təhsil ocağını bitirən Seyhun 1998-2000-ci illərdə orduda zabit kimi qulluq edib. Sonra 1 il Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında yenidən hazırlanma fakültəsində təhsil alıb. 2002-ci ilin axırından Hindarx qəsəbə E. İsmayılov adına 1 saylı tam orta məktəbdə riyaziyyat müəllimi kimi çalışır.

Seyhun müəllim deyir ki, müharibə başlananda həddən artıq əsəbi olmuşdum. Cəbhədə ölüm-dirim savaşı gedirdi, mən isə burada rəqəmlərlə, tənliklərlə rahat oynayırdım. Bu fikir məni çox sıxırdı. Bütün fikrim, düşünən beynim cəbhədə idi. Düşmən tapdağı altında olan torpaqlarımızı azad etməkdə bir vətəndaş, müəllim kimi istəyirdim mənim də payım olsun. Axı Vətən yolunda gedən savaşda həlak olmaqdan gözəl həyatda nə ola bilər?! Vətən təkdir, biz oğullar isə çoxuq. Bizim ölümümüzlə oğullar bitmir. Yeniləri doğulur, böyüyür. Hərəsi bir oğul , Vətənin qeyrətini çəkən, torpaqları göz bəbəyi kimi qoruyan əsgər olur. Bu zaman Vətən torpağı da azad nəfəs alır. Torpaq artıq ah çəkmir, çiçəkləyir. Ürəyi açılır torpağın, Torpaq üstünə çəkir igid oğlunun qartal baxışın, yorğanın…

2020-ci il sentyabrın 30-da səfərbərlik zamanı orduya qoşulan Seyhun “N” saylı hərbi hissədə tağım komandiri kimi vuruşur. Hələ institutda keçdiyi hərbi dərslər, sonra orduda zabit kimi xidmət etməyi və Vətəni sevən bir müəllim olması cəbhədə çox köməyinə gəlir. Əsl vətənpərvər olan Seyhun Qasımov savaşın sonuna qədər döyüşür. 2020-ci il dekabr ayının 30-da ordudan tərxis olur. Cəbhədə göstərdiyi igidliklər üçün “3-cü  dərəcəli Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilir.

Hazırda Seyhun müəllim çoxdan çalışdığı məktəbdə pedaqoji fəaliyyətini davam etdirir. Nümunəvi ailə başçısıdır. Oğlu Tural və qızı Validə dərslərini yaxşı oxuyur, atalarının adına layiq olmağa çalışırlar. Uşaqlarının hər ikisi vətənpərvərdirlər. Onlar Ali Baş Komandan İlham Əliyevin və müzəffər ordumuzun müharibə zamanı göstərdikləri fədakarlıq və cəsurluqla qürurlanır, Vətənin əsl övladı olmağa səy göstərirlər. İnanırıq ki, bu övladlar böyüyəndə Seyhun müəllim kimi, lazım gələrsə, dinc həyatı Vətən, torpaq yolunda mübarizəyə fəda etməyə hazır olacaqlar.

*       *       *

Bağırlı Mahir Yusif oğlu 1974-cü il iyun ayınnın 29-da rayonun Köyük kəndində anadan olub. 1981-ci ildə sözügedən kənd tam orta məktəbinin birinci sinfinə daxil olan Mahir, 1991-ci ildə bu təhsil ocağını uğurla başa vurub. Elə həmin il S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının iqtisadiyyat fakultəsinə qəbul olub, 1996-cı ildə burada təhsilini başa vurub. 1996-1998-ci illərdə M.P. Vaqif  adına kolxozda mühasib vəzifəsində çalışıb. 1998-1999-cu illərdə Gəncə Milli Universitetinin Ağcabədi filialında iqtisadiyyat müəllimi işləyib. 1999-2001-ci illəri zabit kimi “N” saylı hərbi hissədə qulluq edib. 2001-2002-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında riyaziyyat və informatika ixtisası üzrə təhsil alan Mahir Bağırlı 2002-ci ildən Şahsvən kənd tam orta məktəbində riyaziyyat-informatika müəllimi işləyir.

Mahir müəllim həm də idmanla müntəzəm məşğul olur. O, xeyli müddət Qubanın “Spartak”, Şuşanın “Şuşa”, komandalarında məşqçi kimi fəaliyyət göstərib. 2014-cü ildə rayonumuzun “Aran” futbol klubunun bərpasına nail olub, oğlan və qız komandalarının respublika çempionatında iştiraklarını təşkil edib.

Mahir müəllim bir qarabağlı kimi çox vətənpərvərdir. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi rayon Komitəsinin sədri Arzu Niftalıyeva onun haqqında söhbət zamanı belə dedi:

“Mahir müəllim çox fəal, savadlı, dəqiq bir insandır. Çox mehriban, səmimi bir insan olan Mahir müəllim eyni zamanda olduqca vətənpərvərdir. Müharibənin ilk günündən cəbhəyə can atırdı.  Arzusu ürəyində qalmadı. Döyüş başlayandan cəmi iki gün sonra orduya qoşuldu. Zabit olaraq artilleriya bölməsində tağım komandiri kimi savaşlarda iştirak etdi. Orduda onun haqqında ancaq yüksək fikirlər səsləndi.  Hərbçilər deyirlər ki, Mahir müəllim çox savadlı, təmkinli və tədbirli bir döyüşçü zabit olub”.

Mahir Bağırlı ordudan 2020-ci il fevralın 4-də tərxis olundu. Bu ilin aprel ayında isə “Həmkarlar təşkilatının yaradılmasının 100 illiyi” döş nişanı və Fəxri fərmanla təltif olunub.

Dinc həyata qayıdan Mahir müəllim yenə doğma məktəbdə çalışır, şagirdlərə sevimli riyaziyyat fənnini tədris edir. O, idmanı da unutmur. Uşaqlara futbolun sirlərini öyrədir və onların müxtəlif yarışlarda iştirakını təmin edir.

Nümunəvi ailə başçısı olan Mahir müəllimin iki oğlan övladı var.  Böyük oğlu Natiq Bağırlı bu il İqtisadiyyat Universitetinə qəbul olub. Kiçik oğlu Rəcəbin hələ 11 yaşı var, o, da dərslərini yaxşı oxuyur.

Mahir müəllim gələcək arzularından söz düşəndə bildirdi ki, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin ömrü  olsun. Biz də onun ətrafında bir dəmir yumruq kimi birləşək və düşmənin payını verməyə həmişə hazır olaq. O, həmçinin rayonumuzda uşaq futbolunun gələcək inkişafı üçün əlindən gələni etmək niyyətindədir.

Mahir müəllimə həyatda və pedaqoji fəaliyyətində uğurlar arzulayırıq. Bu vətənpərvər, nikbin, gülərüz müəllimin həyatda öz yolu var. Qoy o, bu yolla daha irəliyə inamla, uğurla yeni addımlar atsın.

Adil MİSİRLİ

Şərhlər