Qəmər Ayatam
Qəmər Ayatam yazıçılıq iddiasında olmayan, sadəcə düşüncələrini, yaşadıqlarını qələmə almaqdan rahatlıq tapan bir xanımdır. O qədər iddiasızdır ki, nə şəklini, nə də özü haqqında məlumatları oxuculara təqdim etməyimizi istədi. Onun “Bənövşəyi eşqim” adlı xatirələrini çox çətinliklə işıqlandırmağımıza icazə alı bildik. Düşünürük ki,sadə, bəzəksiz yazılmış bu eşq hekayəsində çoxları öz eşqinin rəngini tapa biləcəkdir.
Beləliklə, eşq yolçularını aranqazeti.az saytını izləməyə, Qəmərin bənövşəyi işığının izinə düşməyə dəvət edirik.
Bənövşəyi eşqim
– Ana,bax nə tapdım?!
– Əlini kəsər,qızım.
– Ana, bax gözümə tutanda hər yer eyni rəngdə görünür.
– Hə qızım.
– “Ana bəs niyə elə görünür?” – deyə əlimdəki bənövşəyi rəngli, romb formalı şüşəni anama göstərərək 5 yaşlı uşaqlara xas olan, hər şeyi öyrənmək marağı ilə mütləq cavab almaq istəyirdim.
– Gözəl qızım, sən bu dünyaya hansı rəngin arxasından baxsan, o rəngdə də görəcəksən. Əlindəki şüşə bənövşəyi rəngdədir. Odur ki, gözünə tutduqda hər yeri bənövşəyi rəngdə görürsən. Anladınmı?
– “Hə” – deyib şüşəni matah kimi balaca ovcumda gizlədim. Bu deyilənlərin yalnız əlimdəki şüşəyə aid olduğunu qəbul etdim. Və bənövşəyi sevincimi rəfiqələrimlə bölüşməyə tələsidim. Biz hər yeri bənövşəyi rəngdə görəcəkdik. Çox əyləncəli olacaqdı…
***
Onu ilk də Universitetimizdə təşkil olunan ədəbi məclisdə tanımışdım. Hər ikimiz eyni universitetdə işləsək də binalarımız ayrı idi. Və bəlkə də bu səbəbdən görmüş olsam belə, kimliyi diqqətimi çəkməmişdi. 35-36 yaşı olardı. Mən isə universiteti təzə bitirib elə buradaca qalıb işləməyə başlamışdım. Ola bilsin ki, o da yeni işçi idi… İlk baxışdan mənə çox yekəxana, özündənrazı göründü.
İlk tanışlıqda tələbə vaxtı çap olunmuş şeirlər kitabımı vərəqləyib başını buladı. “Şeirləriniz ara müğənnilərinin mahnılarına bənzəyir.Müasir ədəbiyyatla maraqlanın, köhnəlikdən qaçın, yeni fikirlər yazın”- dedi.
Məclisdəki digər gənclərin, tələbələrin yanında onun sərt danışığı mənə toxundu. Necə olur, el-aləm bəyənir, hətta oxuyub göz yaşı tökənlər də olub, amma bu bəy əfəndi bəyənmədi? – deyə içimdə deyindim. Şeir oxumaq növbəsi mənə çatanda könülsüz birini oxudum. Kitabdakı şeirlərimə nisbətən yaxşı olduğunu dedi. Onun bayaqkı sözləri mənə pis təsir etsə də, məclisdən çıxandan sonra çox düşündüm. Amma kimə haqq qazandırmalı olduğumu bilmədim. Axı şeirlərimdə vəzn, qafiyə, ölçü hər şey yerində idi. Mövzular da ki, günün problemləri üzərində qurulub. Oxucunun ürəyinə yol tapa bilir. Bəs nəyə idi onun iradı?
Dostum Ziyanın təklifi ilə ilk dəfə iştirak etdiyim ədəbi məclis o qədər də ürəyimi açmadı. Evə qayıtdıqdan sonra internetdə ədəbiyyata dair nə isə bir səhifə, bir sayt axtarmağa başladım. Maraqlı bir sayt tapdım. Adı “Bizimki.org” idi. Səliqəsi ilə diqqət çəkən saytda gənc müəlliflərin fotoları ilə bərabər şeirləri dərc olunmuşdu. Şeirlərdən bir neçəsini oxudum. Heyrətləndim. Bu nədir? Müasir ədəbiyyat dedikləri budur? Bunlar nə sərsəm fikirlərdir? Bu şeirlər adamı əxlaqsızlığa sürükləyər… Ryabina ləqəbli qadın şeirindəki bu misranı oxuyanda diksinmişdim : ”Nişan üzüyü istəmirəm, barmağımı dişləsən yetər”… Və ya “İstəmədən ərə gedənlər, bir qaşıq qandan başqa bir şey verə bilməzlər ərlərinə”…
Daim şeirlərində tarixi qəhrəmanları öyən, vətənindəki zibilliyi, çirkabı da gülüstan kimi təqdim edən şairlərdən bəhrələnmiş mən, bu şeirləri oxuyanda heyrətlənməyə bilməzdim. Biz bugünə qədər yalnız böyüklərin təqdim etdiyi yazarları oxumuş, bir də onlar haqqında hansısa filoloqun, tənqidçinin yazdığı doğru və ya yanlış şərhlər ilə köklənmişdik. Yəni, axına düşmüş adi çay daşları idik. Eyni istiqamətdə axır və axının əksinə getmək, çaydan kənara çıxmaq, öz daş yaddaşımızı qurdalamaq haqqında heç vaxt düşünməmişdik. Bizim yaşam tərzimiz bu idi. Var olanı təqdim edildiyi kimi qəbul etmək və bizdən sonrakı nəslə də bu cür ötürmək. Həmin gün saytın ana səhifəsindəki şeirlərin hamısını, o cümlədən şeirlərin altındakı oxucu rəylərini diqqətlə oxudum. Rəylərdə fikir ayrılıqları çox idi. Hətta bəzi təzadlı şeirlərin altında söz qırğını düşürdü. ”Scorpion” ləqəbli birisi ümumiyyətlə çoxlarını sancmaqla məşğul idi. Oxucu fikrini öyrənmək üçün bu saytın çox əlverişli olduğunu hiss edirdim. Mən də şeirlərimi buradakı oxucuların ixtiyarına vermək istədim.Saytın elektron poçtunu tapıb bir neçə şeir göndərdim. Vətənpərvərlik mövzusunda şeirlər idi. Xeyli vaxt səs-soraq çıxmadı. Amma bir gün sonra sayta baxarkən sevincdən ürəyim çırpınmağa başladı. O vaxtlar sosial şəbəkələr yox idi. Virtual ünsiyyət, ədəbiyyat portalları indiki kimi çox və fəal deyildi. Yazışmalar elektron poçtla olurdu. İlk dəfə idi saytda şeirim işıqlandırılırdı. Həyəcanla və oxucu gözü ilə şeirlərimi, sonra isə şərhləri oxumağa başladım. Biri yazırdı :
“Dostum, yazdıqların hamısı həqiqətdir. Amma bunu mən də bilirəm. Bəs şeir hanı? Burada poeziyadan nə var? “
Üzümu turşutdum. “Bu nə deyir?” – deyə mızıldandım. Bu şeiri məndən xəbərsiz Bakı məktəblərində tədbirlərdə söyləyirlər. Hətta televiziyada səhər proqramlarından birində qonaq olan bir uşaq həmin şeirlərdən söyləmişdi. Erməni silahlı qüvvələrinin 1992-ci il, fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində həyata keçirdiyi soyqırımı siyasəti nəticəsində viran olmuş Xocalı haqqında, amansızlıqla qətlə yetirilmiş faciə qurbanları haqqında, o cümlədən ümumilikdə Qarabağ yaraları haqqında yazılmış şeirlərə necə adi baxışla baxa bilib o şərh yazan?- düşüncəsi ilə başqa bir şərhi oxudum:
“Hətta “Qarabağ mövzusunda yazılmış şeirinizdə də bir sakitlik, bir arxayınlıq var”
Başqa birisi isə yazırdı:
“Əziz dost,məncə siz bunların əvəzinə uşaq şeirləri yazsanız sizdə alınar”
Daha oxumadım.Şeirlərin bəyənilmədiyi açıq-aydın bilinirdi. Sonra bir neçə dəfə də şeirlər göndərdim və həmin saytda dərc edildi. Oxucuların bu nümunələrə münasibət isə dəyişmədi. Bu arada ədəbi məclislə də əlaqəmi üzmədim. Hər həftə toplaşırdıq. Hər həftə də bizdən yeni şeirlər tələb edirdilər. Yeni şeirlərdə də yeni fikirlər istəyirdilər. Yeni fikirləri tapmaq üçün isə yenilikçi yazılar, şeirlər oxumalı olurduq. Mənim üçün ən sevmədiyim məqam bu məclisdə şeir oxuyarkən həmin o yekəxana oğlanla məclisin digər aparıcısı Ziyanın hansısa şeirə münasibət bildirməməsi idi. Bu, o demək idi ki, apar tulla…
Gündən-günə daha çox oxumağa, müasir ədəbiyyatla, dünya ədəbiyyatı ilə maraqlanmağa başladım. Modern şeirlər əvvəllər mənə çatmasa da, getdikcə qarşımda yeni səhifələr açılırdı. Azərbaycan ədəbiyyatının, Azərbaycan şeirinin canı sayılan qafiyə, ölçü, heca, vəzn getdikcə mənim üçün öz vacibliyini itirirdi. Artıq ənənəviliyi qorumaq xətrinə əzilib, qolu-qıçı sındırılıb xışlanandan sonra misranın sonuna soxuşdurulan qafiyələr, zorlanan şeirlər və elə bu məcburiyyətdən dolayı heç bir hiss, duyğu ifadə etməyən, illər boyu təkrarlanan fikirlər canımı sıxmağa başlayırdı. Mən artıq sözə ac olduğumun fərqində idim. Ədəbi məclis və internet vasitəsilə hər gün yeni şeirlər eşidir, oxuyur və içimdəki dərin qaranlığı boğaraq aydınlığa çıxmağa çalışırdım. Sonralar bu şeirlər gözümdə adiləşəcəkdi. Amma o zaman üçün kiçik bir fikir, kiçik bir poetik tapıntı da mənim üçün böyük mənəvi qida idi. Artıq axına qarşı üzmək üçün özümə güc toplamağa başlamışdım.Və deyəsən yavaş-yavaş alınırdı.Növbəti məşğələlərdə şeirlərimi dinləyərkən “Yekəxana oğlan”ın üzündə azacıq da olsa məmnunluq hissi yaranırdı. Açığı,bu mənə ləzzət edirdi. Zaman keçdikcə “Yekəxana oğlan” haqqındakı ilk təəssüratım əriyib yox oldu. İndi o,mənim üçün dəyərli birisi idi. Qaranlıqda kor-koranə süründüyüm vaxt qəfil peyda olan və qarşımdakı bağlı, paslı qapını açaraq Günəşin varlığını mənə göstərən,ona gedən yolu aydınladan birisi… Getdikcə bu insana qarşı daha diqqətli olmağa başladım. Ağzından çıxan hər kəlməni, şeirlərindəki fikirləri dərhal anlamasam da göydə qapır, günlərlə üzərində fikirləşir, nə demək istədiyini anlayana qədər təkrar-təkrar oxuyurdum. Yazdığını dərk edincə “Yekəxana oğlan” gözlərimdə bir az da böyüyürdü.Özüm də hiss etmədən hər gün ona doğru daha bir addım atırdım. Daha çox yazmaq,onun diqqətini daha çox çəkmək istəyirdim. İlk tanışlığımızda mənim haqqımda yaranan təəssüratının silinib getməsi, məni bəsit düşüncəli biri kimi qəbul etməməsi üçün dəridən-qabıqdan çıxırdım. Bu,qürur məsələsi idi.
“Yekəxana oğlan”ın üzündə qəribə bir işıq vardı. Baxmayaraq ki, hamımız kimi görünüşcə ətdən, dəridən, sümükdən, digər orqan və toxumalardan ibarət bir adam idi, mənə elə gəlirdi ki, o, daim işıq saçır. İçində şam yanan şəffaf, şüşə qabı təsəvvürünüzə gətirin, bax bu adam gözlərimə elə görünürdü. Mən onun nurundan qidalanmağa can atırdım. Mən o işığı içimə çəkmək, onu hamıdan oğurlamaq istəyirdim. Mən illər boyu həmin işığa nə qədər möhtac olduğumu, amma bunu dərk etmədiyimi, bu üzdən də bütün kainatı boz rəngdə gördüyümü anlamağa başlamışdım. Daha yazımın qəhrəmanı mənim üçün “Yekəxana oğlan” yox, ”Günəşin oğlu” idi və bundan sonra hekayəm boyu onu belə adlandıracağam…
ARDI VAR…