Nə yazdığınızı bilirsiniz?

                                        

       Yenə də məsələnin əslindən xəbəri olmayan jurnalistlərin hay-küyü, yenə də özlərini  müdafiəçi kimi göstərərək reytinq toplamaq istəyi…

     Saytlardan birində guya  uşaq bağçalarının əməkdaşlarının dərdini işıqlandıran jurnalist həmin məsələni kənara qoyub  hazırladığı materialın xeyli hissəsində Ağcabədi rayon İcra Hakimiyyəti başçısı haqqında mövzuya aidiyyatı olmayan şər və böhtan ünvanlayır.

     Bizim isə həmin jurnalistin digər işləri ilə bağlı araşdırma aparmağa, böhtan yazmağa həvəsimiz və vaxtımız olmadığı üçün keçək əsas məsələyə. Deməli, bu əsas məsələ dediyimiz də Ağcabədi  sakini  Mehdiyeva Günel Yusif qızı  və Hüsülü kəndindəki körpələr evi-uşaq bağçasının sabiq müdiri  Əliyeva  Gövhər  Dərgah qızının şikayətidir ki, jurnalist də onların danışdıqlarını belə dəyərləndirib :

    “Rafil Hüseynov  rayon ərazisindəki onlarla məktəbin və uşaq bağçalarının kollektivini imtahan etmək və yüzlərlə  işçisini testdən keçirmək üçün 360  sualdan ibarət  imtahan-test  sistemi tətbiq edib. Və tələb edir ki, bu suallara cavab verməyənlər könüllü olaraq işdən çıxmaqla bağlı ərizə yazsınlar. Əks təqdirdə onları məcburi qaydada işdən azad edəcəyəm.

 Əslində Rafil Hüseynovun 55 saylı sərəncamı ciddi istintaq və məhkəmə predmetidir.”

    Bir halda ki, digər qanunları oxumadan,  icra başçısının 55 saylı sərəncamını əsassız hesab edirsiniz, o zaman, əziz jurnalist, yaxın əyləşin, biz qeyd edək, siz də yaxşı-yaxşı oxuyun. Oxuyun ki, sabah bir də əsassız iddialarla çıxış etməyəsiniz. Bilin ki, rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin və tərbiyəçilərinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına,sənətinə müvafiq  onların tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu aşkara çıxarmaq,habelə işin səmərəliliyini artırmaq məqsədilə həmin sahədə çalışan işçilərin attestasiyadan(yazılı və şifahi yoxlama yolu ilə)  keçirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.05.2001-ci il tarixli 97 nömrəli  Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsini  və  “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 4.1.11-ci bəndini əsas tutaraq rayon İcra Hakimiyyəti başçısının 15 mart 2021-ci il tarixli 55 nömrəli sərəncamı ilə Attestasiya Komissiyası yaradılmışdır.

      Azərbaycan Respublikasının 14 aprel 2017-ci il tarixli 585-VQ nömrəli “Məktəbəqədər təhsil haqqında”  Qanununa əsasən, tərbiyəçi-müəllim uşaqların tərbiyəsini, hərtərəfli inkişafını, məktəbəhazırlıq təlimini təşkil edən və həyata keçirən, məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxs olmalıdır.

    Bütün sadalananların əsasında  Ağcabədidə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin müdirləri və tərbiyəçiləri attestasiyadan  keçirilmiş və nəticələrinə əsasən də tutduqları vəzifədə qalıb qalmayacaqları müəyyən edilmişdir.

    Attestasiyadan keçməyənlərin müdafiəçisi olmaqla, uşaqlarımızın gələcəyini puç etməkdə israrlı olan jurnalistin məqsədi görəsən nədir? Doğrudanmı sadəcə müdafiə? Yoxsa  bilmədiyimiz başqa maraqlar?

     İnsafdan yazırsınız. İşdən çıxanların balasının taleyinə acıyırsınız. Amma o körpələr evi-uşaq bağçalarındakı başqa neçə-neçə körpə fidanın gələcəyinə göz yummağımızı  istəyirsiniz. Yaxşı, bəs sizin insafınız hanı?

       Əlbəttə, işdən azad olunanların heç biri əsas səbəbi deməyəcək, yalanla, böhtanla öz haqsızlığını ört-basdır etməyə çalışacaq. Onların çabaları anlaşılandır. İllərlə rahatca öz istədikləri, öz bildikləri kimi işləməyə öyrəşiblər və indi bunun qarşısı alınanda çığır-bağır salırlar. Amma bir jurnalistin heç bir   Qanunu, Qərarı vərəqləmədən, sözügedən sərəncamın hansı əsaslarla imzalandığını bilmədən minlərlə izləyiciyə, oxucuya səslənməsi, özünü haqqı tapdanmış qadınların (əslində cinsin iş mövzusuna nə dəxli var, bilmirik) müdafiəçisi kimi təqdim etməsi özü gülüncdür.

      Maraqlıdır, siz nə yazdığınızı bilirsinizmi?

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər