Bakı və Moskva ümumi regional yanaşmaya malikdir, liderlər arasında qarşılıqlı etimad, dostluq və anlaşma mövcuddur. Ümumilikdə, iki ölkə arasında strateji tərəfdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq müstəvisində dinamik inkişafını əks etdirən və həm də özlüyündə bunu şərtləndirən məqamlar Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə Soçi görüşü zamanı söylədiyi nitqdə öz əksini tapdı. Liderlər arasındakı dostluq hər iki dövlətbaşçısının açıq və səmimi siyasət yürütməsinə əsaslanır. Bu tərəfdaşlıq münasibətlərində ən əhəmiyyətli məqam regionda davamlı sülhün və təhlükəsizliyin yaradılmasında, onun qorunub-saxlanamsında vahid mövqedən çıxış etmək zərurətidir.Bunun fonunda N.Paşinyanın cılız və riyakar addımları Moskvanı qıcıqladırır.
Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, biz Zəngəzur dəhlizini açacağıq – istər danışıqlarla, istərsə də güc yolu ilə. 16 noyabr təxribatına verilən layiqli cavabdan sonra Ermənistanı güzəştə məcbur edəcək yeni reallıqlar ortaya çıxıb və Soçi görüşünün, həm rəsmi, həm də qapalı hissəsində Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, biz Zəngəzur dəhlizinin açılmasına doğru gedirik. Dəhlizin açılması əməkdaşlıq və nəqliyyat əlaqələrinin yaradılması baxımından son dərəcə mühüm elementdir. Bu, Ermənistan daxil olmaqla, regiondakı bütün ölkələrin maraqlarına xidmət edir. Azərbaycan da öz növbəsində, bu dəhlizin yaradılması və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı öhdəliklərinə sadiqdir. Rusiya Federasiyası Prezidenti V.Putinin çıxışında “nəqliyyat dəhlizləri”ni xatırlaması, imzalanmış sənədin “dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına” dair bəndləri Zəngəzur dəhlizindən xəbər verir.
Soçidə humanitar məsələlərdə də irəliləyiş əldə olunub. Bağlı qapılar arxasında aparılan danışıqlardan sonra mina problemi və ermənilərin indiyədək Azərbaycana verməkdən imtina etdiyi “mina xəritələri” məsələsində də müsbət irəliləyiş olacaq. Mina xəritələrinin əldə edilməsi işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan Prezidenti tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrinin həyata keçirilməsini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək.
Prosesə Qərbi cəlb etmək üçün vaxt qazanmaq məqsədi ilə 9 noyabr görüşünü sabotaj edən Paşinyan, Soçi görüşü ərəfəsində də eyni addım atdı. Onun onlayn mətbuat konfransında səsləndirdiyi destruktiv, şovinist fikirlər Soçi danışıqlarının nəticəsiz qalmasına yönəlmiş təxribat idi və bu, şəxsən Putinin vasitəçiliyinə qarşı hörmətsizlik idi. Amma Paşinyanın sabotaj cəhdi baş tutmadı və Soçidə o, güzəştə getməyə məcbur oldu.
Ermənistan növbəti dəfə Rusiyaya nümayiş etdirdi ki, öz strateji tərəfdaşına qarşı satqınlıq və riyakarlıq siyasətini davam etdirir. Onun Şarl Mişelə çağırışları və Avropa vasitəçiliyini gündəmə gətirməsi Moskvaya növbəti siqnal oldu. Erməni baş nazirin Qərb siyasi dairələrindən vasitəçilik xahişi, Rusiyanı Cənubi Qafqazdakı geopolitik proseslərdə oyundankənar vəziyyətə salmaq cəhdi idi. Paşinyanın ABŞ-ın təşkil etdiyi “demokratiya sammiti”nə dəvət alması ilə lovğalanması da Moskvanın diqqətindən yayınmayacaq. Çünki bu sammit “soyuq müharibə”dən sonra Rusiyaya qarşı yaradılan yeni koalisiyadır və bu koalisiyada yer alan yeganə KTMT və Avrasiya İttifaqı üzvü Ermənistandır.
Soçidə imzalanmış sənəddə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinmir. Bu, o deməkdir ki, söhbət artıq postmünaqişə dövründən gedir. Həmçinin burada Ermənistan tərəfinin iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmur. Hər üç ölkə lideri tərəfindən imzalanan Bəyanat, eyni zamanda səslənən açıqlamalardakı fikirlər Azərbaycanın maraqlarına tam cavab verir və qalib ölkə olaraq mənafeyinə uyğundur.Bu qələbədə noyabrın 16-da sərhəddə erməni təxribatının qarşısının alınması və ordumuzun öz mövqelərini daha da gücləndirməsinin də rolu böyükdür. İrəvanla Moskva arasındakı inamsızlıq mühiti fonunda Azərbaycanın düşünülmüş siyasəti, həm Rusiya, həm Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində regionda yeni təhlükəsizlik arxitekturası qurulur və onun müəllifi də Prezident İlham Əliyevdir.