(Şəhid Dəyanət Əliyevə həsr edilib)
Vətənə bağlılıq, yurda sevgi insanın daxilindən süzülüb əməlində əks olunan bir hissdir. Əgər o hiss bir şəxsin genində varsa, (istər qadın, istərsə də kişi) məqamı çatanda yatmış vulkanın püskürməsi kimi bütün nəzərləri üzərinə çəkəcək.
Sentyabrın 27-də düşmənə qarşı əks-hücum əməliyyatı başlayanda Vətənimizin hər səmtində, hətta ən kiçik kəndində belə bu vulkanların püskürməsi qarşı tərəfi qorxuya saldı. Bu vulkanlar 44 gün püskürdü, qığılcımları isə hələ bundan sonra əsrlər boyu düşmənin gözünü qamaşdıracaq, ürəyini yandıracaq.
Dəyanət Əliyev də körpəlikdən düşmənə qarşı nifrətini içində yatızdırıb zamanı çatanda vulkan kimi püskürtməyə hazırlaşırdı. I Qarabağ döyüşləri zamanı Dəyanətin 10 yaşı var idi, buna baxmayaraq baş verən hadisələrə yaşından irəli reaksiyalar verir, düşməni lənətləyirdi.
Əliyev Dəyanət Ələsgər oğlu 1982-ci ilin sentyabr ayının 18-i də Ağcabədi rayonunun Hacıbədəlli kəndində dünyaya göz açıb. 1989-cu ildə Hacıbədəlli kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub, 2000-ci ildə buranı uğurla bitirib. 2007-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Murovdağ silsiləsinin ən yüksək postunda xidmətini layiqincə yerinə yetirib.
Artıq hərbçilik həyatı Dəyanət üçün o qədər doğmalaşmışdı ki, sıradan həyat tərzi ilə barışa bilməzdi. Nə də düşmənə qarşı olan nifrəti onu hərbi xidmətini başa vurduqdan sonra adi həyatına qaldığı yerdən davam etməsinə imkan verməzdi. 2009-cu ildən başlayaraq müddətdən artıq xidmətə başlayan Dəyanət 2015-ci ildə tank komandiri kursunu uğurla başa vurur. Əzmkarlığı, işinə sevgiylə yanaşması, təlim və döyüş hazırlığında göstərdiyi peşəkarlığı ilə həmişə seçilir. Bunun nəticəsidir ki, dəfələrlə Fəxri fərmanla, Azərbaycan Silahlı qüvvələrinin “95 illik yubiley medalı”, “Ordumuzun yüz illiyi” (1918-2018) Yubiley medalı və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla mükafatlandırılmışdır.
O, həmçinin 2016-cı ilin aprel döyüşlərində xüsusi ustalıq nümayiş etdirib.
İkinci Qarabağ müharibəsi başlayanda təcrübəli hərbçi, öz peşəsinin vurğunu Dəyanət ön cəbhədə qızğın döyüşlərə qatıldı. Oktyabr ayının 2-də Füzuli uğrunda gedən döyüşdə idarə etdiyi tank düşmənin atdığı mərmi nəticəsində yanmağa başladı. Dəyanət çevik şəkildə çıxsa da yenidən yanan tanka geri döndü. Axı onun iki döyüş yoldaşı tankda qalmışdı. Onlardan biri həmyerlisi Xəzər Bayramlı idi. Çox çalışsa da, döyüş yoldaşlarını xilas edə bilmir və bu zaman mənfur düşmənlərin atdığı ikinci mərmi nəticəsində özü də ağır xəsarət alır. Dəyanətin bu əzmklarlığı, mərhəməti döyüş yoldaşlarını çətin vəziyyətdə görüb özünü ölümün ağuşuna atması gələcək nəsillərə örnək olacaq bir addım idi.
Dəyanət Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mərkəzi hospitalına çatdırılsa da, həkimlərin səyi nəticəsiz qalır. Oktyabr ayının 23-də o, şəhidlik zirvəsinə ucalır. Oktyabr ayının 24-də Ağcabədi Şəhidlər Xiyabanında torpağa tapşırılır.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunmuşdur. Əliyev Dəyanət Ələsgər oğlu ümumilikdə 6 medal, 16 fəxri fərmanla təltif olunub.
Yaşadığı Həcıbədəlli kəndində adına küçə verilib və ehsan bulağı çəkilib. Xalqına iki övlad, iki yatmış vulkan əmanət edib. Ruhun şad olsun Şəhidim!
Aynurə İNCİ