Böyük sərkərdə

Dahi lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı sadəcə kəlam deyil, bu gün qardaşlığımızın təzahürü olan gerçəkləşdirilən faktdır. Və bu reallıq artıq münasibətlərimizin bütün sahələrində özünü qabarıq büruzə verir. Onu da vurğulayaq ki, ulu öndər Heydər Əliyev eyni dərin tarixi köklərə malik olan türkdilli dövlət və xalqlar arasında sıx əlaqələrin qurulmasına, eləcə də inkişafına hər zaman böyük dəstək göstərib. Müdrik və uzaqgörən siyasətçi Azərbaycanın beynəlxalq aləmdə, həm də eyni mədəni və dini köklərə söykənən türkdilli dövlətlər arasında münasibətlərinin yüksək səviyyədə qurulmasını, ümumtürk həmrəyliyinin təmin olunmasını prioritet sayıb, həmişə diqqət mərkəzində saxlayıb. Bu gün ulu öndərin layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən mükəmməl və gələcəyə hesablanmış siyasət özünü beynəlxalq arenada açıq-aydın göstərir. İndi Azərbaycan qalib ölkə olmaqla yanaşı, türkdilli dövlətlərin monolit birliyində özünəməxsus yer tutur. 

Ali Baş Komandan xalqı öz ətrafında birləşdirərək, dəmir bir yumruğa çevirdi. Və bu yumruğun zərbələri sayəsində biz İkinci Qarabağ savaşında Zəfər çaldıq. 44 günlük döyüşdə qalib gələrək, 300-dən artıq şəhər və kəndi işğalçılardan azad etdik. Bu qələbə xalqımızın bir, həmrəy, döyüşkən və torpağı, Ana Vətəni hədsiz dərəcədə sevməyinin nəticəsi olaraq, Azərbaycanı dünya ictimaiyyətinə tanıtdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin türkdilli ölkələrin Dövlət Başçıları Şurasının Qərarı ilə “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması çox böyük tarixi hadisə olmaqla, Prezidentimizin böyük şəxsiyyətinə beynəlxalq arenada, eləcə də türk dünyasında tutduğu möhkəm yer və nüfuza, Böyük Qələbənin qazanılmasında göstərdiyi misilsiz xidmətlərə verilən layiqli qiymətdir.

Bir sözlə Prezident  İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması həm də dövlətimizin başçısının türk dünyası qarşısındakı əməyinə verilən layiqli dəyərdir. Dövlət başçısının özünün dediyi kimi: “Türk Dünyasının Ali Ordeni Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhvələrimə görə verilir. Bu türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır. Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.”

Adil MİSİRLİ

Şərhlər