Hər kəsin bir arzusu vardı

Vətənin çağırışına toy-bayramla gedən minlərlə igidimiz haqqında bu dəfə sadəcə eşitmədik, şahid olduq. Vətən müharibəsinin ilk günündən son döyüşlərinə qədər üzündəki gülüş, gözlərindəki həyat eşqi sönməyən qəhrəmanlarımız bizi zəfərə addım-addım yaxınlaşdırdılar. Onların birliyi, həmrəyliyi, inamı, döyüş əzmi sayəsində qələbə sevinci ölkəmizin hər nöqtəsini bürüdü. 

Beləliklə, “Aran” qəzeti 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Vətən müharibəsi qazilərinin döyüş təəssüratları əsasında  hazırlanan “Həmrəyliyimiz gücümüzdür” rublikasının ilk qonağını təqdim edir. 

Qonağımız Vətən müharibəsi qazisi Samir Mamedovdur. O, Zəfər tariximizdən danışarkən səsindəki sevinci hiss etməmək mümkün deyildi. Qələbə sevincini… Ancaq itirdiyi dostlarının, cəbhə yoldaşlarının yoxluğu, yaralanandıqdan sonrakı dövr haqqındakı söylədikləri bu hadisələrin Samirin hər zaman yaddaşında qalacağını göstərirdi: 

“Sentyabrın 27-dən döyüşlərə qatılmışam. Qarşımızdakı əsas vəzifə torpaqlarımızın azad olunması idi. Nailiyyətlərimiz çox oldu. İlk gündən üstünlük bizdə idi. Əsgərlərimiz arasındakı “ölmək var dönmək yoxdu” həvəsi heç azalmadı. O vaxtlarda yeni-yeni dostlar da qazandım. İndi də onlarla əlaqələrim var. Amma şəhid olanlar… Allah onlara rəhmət eləsin. Qazilərə şəfa versin.”

Onun danışacağı çox xatirəsi var, axı o qalib qazidi, axı o azad olunan torpaqlara ilk ayaq basanlardandır:

“Füzuli, Xocavənd, Hadrut, Cəbrayıl uğrunda gedən döyüşlərin iştirakçısıyam. 2 dəfə tank əleyhinə minaya düşdüm, 4 dəfə yaralandım. Ən son da elə Hadrut istiqamətində yaralandım və 7 ay komada qaldım. Ordudakı istək ancaq irəli getmək düşüncəsi idi. Hər kəsin bir arzusu vardı. Qalibiyyət müjdəsini yaxınlarına, ailəsinə özü söyləsin. Allah bütün Azərbaycan ordusunu qorusun”

Yenə şəhidlərimizə rəhmət diləyir. Hər cümləsinə sığdırır onları. 

“O günlər çətin günlər idi. Siz suallar ünvanladıqca mən hər anı sanki yenidən yaşayıram. Hər dəqiqəni. Heç unutmaq olar?! 

(Bu çətin anları onun xatirəsində yenidən canlandırdığım üçün növbəti suallarda daha da ehtiyatlı olmağa çalışıram) Bilirsiniz, bu qələbəni birliyimiz sayəsində qazandıq. Bütün xalqımız Prezidentimizə inandı, dəstək oldu. Belə deyək, rəhbər-xalq-ordu birliyi bu zəfərə bizi daha da yaxınlaşdırdı. Elə bizə də birlik yaraşır.” 

Samiri çox yormaq istəmirəm. Sağollaşıram. Amma fikrim onun 7 aylıq övladının yanında qalır. Bəs necə? Təsəvvür edin, həmin uşaq böyüyəndə XXI əsr hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük mübarizəmizi canlı şahidindən, bədənində müharibədən yadigar qəlpələr daşıyan atası- igid Samirdən eşidəcək. Onunla fəxr edəcək. Axı o, qalib atanın övladıdır. 

Rəmziyyə HƏSƏNOVA

Şərhlər