Qaradolaqda gözəl təşəbbüs

Bu günlərdə I Qarabağ müharibəsində həlak olmuş Hamlet Məmmədovun adını daşıyan Qaradolaq kənd tam orta məktəbində geniş tədbir keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd məktəbdə yaradılmış xüsusi otağın sakinlərə, məktəblilərə təqdim olunması idi. Gələcəkdə muzey kimi fəaliyyət göstərməsi planlaşdırılan otaq elə şərti olaraq “Zəfər muzeyi” adlandırılıb.

Burada Hamlet Məmmədovun şəkilləri, komandirlik tərəfindən aldığı Fəxri fərmanlar, Birinci və İkinci Qarabağ savaşında qəhrəmancasına həlak olmuş şəhidlər İlyas Şahvələdov, Mirəli Hüseynov, Etibar Nəcəfov, Hafiz Həziyevin şəxsi hərbi geyimləri və əşyaları,Vətən müharibəsində hərbçilərimiz tərəfindən zərərsizləşdirilmiş “Smerç” raketinin qalıqları, yaralı “Azərbaycan bayrağı”, müharibənin salnaməsini özündə əks etdirən “Qarabağ dastanı” və “Ağcabədi şəhidləri” kitabı nümayiş etdirilir. Bu eksponatlar sözügedən məktəbin şagirdlərinin, Qaradolaq kəndinin və qonşu kəndlərin nümayəndələrinin torpaq, vətən sevgisi ilə böyüməsində böyük əhəmiyyət kəsb edəcək. 

Qeyd edək ki, H. Məmmədov adına Qaradolaq kənd tam orta məktəbində “Zəfər muzeyi”nin açılmasında məktəbin ibtidai sinif müəllimi Xəzangül Qədimalıyevanın böyük əməyi olmuşdur. 

“Aran”

Şərhlər