Qarabağ gənclərinin karyera və məşğulluğu üzrə növbəti təlim kursu Ağcabədidə keçirildi.
“Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qarabağ gənclərinin karyera və məşğulluğu üzrə təlim-məsləhət xidmətlərinin təşkili” adlı maarifləndirici layihənin icrasını davam etdirir.
4 ay müddətində icra olunan layihə çərçivəsində Qarabağ iqtisadi regionunun Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Füzuli rayonlarında gənclərə bərabər məşğulluq imkanları yaratmaq və onların effektiv karyera qurmaları üçün zəruri bilik, bacarıq və təcrübələrin aşılanması nəzərdə tutulur.
Layihə Qarabağ gənclərinin karyera ehtiyaclarının təmin olunması və bu regionun gənclərinin məşğulluq sahəsində fəaliyyət dairələrinin zənginləşməsi üçün şərait yaradılmasını stimullaşdıracaqdır.
Layihə nəticəsində Qarabağ iqtisadi regionunun gənclərinin karyera və məşğulluğu üzrə məlumat-konsaltinq xidmətlərinin inkişafına təkan verəcək davamlı fundamental təlim bazası və könüllü təlimçilər şəbəkəsinin qurulması da nəzərdə tutulur.
Bununla bağlı 5 rayon üzrə gənclər arasında məşğulluğun səviyyəsi, bu sahədə real vəziyyət, karyera imkanları barədə gənclərin rəy və təkliflərilə bağlı onlayn sosioloji sorğu keçirilmiş ki, bunun əsasında da hesabat və təkliflər hazırlanmışdır.
İcra planına uyğun Bərdə, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının hər birində 3 gün olmaqla 120 nəfər region gənci üçün “məşğulluq, karyera və iş axtarmaq imkanları” mövzularında təlim sessiyaları keçirilməsi nəzərdə tutulur ki, artıq bunlara start verilmişdir.
Layihə çərçivəsində region gəncləri üçün “Qarabağ gənclərinin məşğulluq və karyera imkanları” adlı Yaddaş kitabçası çap olunub paylanacaq və eləcə də davamlılıq üçün qurulan 15 nəfərlik könüllü təlimçilər şəbəkəsi üzvlərinə peşəkar təlim modulları təqdim olunacaq.
Sosial media və şəbəkələrdə silsilə PR işləri aparılacaq, geniş ictimai reklam kampaniyası təşkil olunacaq və layihə davamlılığı olaraq Qarabağ gənclərinin məşğulluğu üçün iş təklifləri ilə əlaqədar HR funksiyalı, virtual məlumat-kadr bazası qurulacaq, regionda hökumət və özəl qurumlarla faydalı əməkdaşlıq və tərəfdaşlıq qurulacaq.
Növbəti təlim kursu Ağcabədi şəhərində 30-a yaxın rayon gəncinin və eləcə də aidiyyatı qurum təmsilçilərinin iştirakı ilə təşkil olundu.
Təlim kursunun açılışında Ağcabədi Rayon İcra Hakimiyyətinin, rayon gənclər və idman idarəsinin, GİKM Ağcabədi nümayəndəliyinin məsul əməkdaşları iştirak və çıxış edərək, rayon gənclərinin maariflənməsi və karyera inkişafı üçün bu layihənin müsbət əhəmiyyətini və tərəflərini qeyd etdilər.