BƏNÖVŞƏYİ EŞQİM (İkinci hissə)

Artıq digər saytlarda da şeirlərim oxuculara təqdim olunurdu.Hər dəfə çəkinə-çəkinə göndərdiyim şeirlər işıq üzü  gördükcə bir az ürəklənirdim. Çünki,oxucuların fikirləri də əvvəlkilərdən fərqlənirdi. İndi onlar məndən daha yaxşı şeirlər gözlədiklərini qeyd edirdilər. Bir dəfə isə tanınmış saytlardan birini açarkən manşetdə bir şeirimi gördüm.Sevincimdən çığırdım. Sonralar o şeirimi oxucuların da çox bəyəndiyini öyrəndim. Günəşin oğlu da  saytdakı həmin  şeirimin altına rəy yazmışdı. Bu, məni sevindirdi.Çünki gözlərimdə o qədər ideallaşmışdı ki,o bəyənirsə,demək həqiqətən yaxşıdır,bəyənmirsə,yandır getsin düşüncəsində idim…

  Universitetdə çoxlarının ondan xoşu gəlirdi. Gənc müəllimlər, tələbələr, hətta ailəli qadınlar içərisində də ona dəlicəsinə vurulanlar var idi. Mənə elə gəlirdi ki, büruzə verməsə belə, özü də bunu hiss edirdi. Hətta bu, ona zövq verir və özünü daha da təkəbbürlü aparmağına səbəb olurdu. Odur ki, ilk baxışdan adamda “Yekəxana oğlan” təəssüratı yaradırdı. Əslində qadınların diqqətini çəkəcək vücudu var idi. Uca və biçimli boyu, yaraşıqlı üzü, məxsusi, məğrur, vüqarlı yerişi ilə özünə güvənən biri olduğunu  büruzə verirdi. Amma mən onun  xarici görünüşünə çox sonralar, bir qadın müəllimin pəncərədən kimisə diqqətlə və heyranlıqla izlədiyini, hətta nəfəs belə almadığını görəndə nəzər yetirdim. Bu, o idi. Universitetin həyətində tələbələrlə nə haqqındasa danışırdı. Həmin anda mən də Günəşin oğluna diqqətlə baxdım. Və qeyri ixtiyari olaraq pıçıldadım: “Daxili kimi xarici görünüşü də qüsursuzdur.”

 Bayaqdan özünü unudaraq dəhlizin pəncərəsindən asılı qalan, artıq mənim də unutmaqda olduğum  müəllim qəfil diksindi. Elə mən də… Baxışlarımız qarşılaşdı. İçini oxuduğumu hiss edirmiş kimi  qaşlarını düyünləyib cəld pəncərənin qarşısındakı çantasını da götürərək çıxışa doğru getdi. Mən isə Günəşin oğlu tələbələrlə sağollaşandan sonra universitetin həyətindəki  yaşıl küknarların arasında gözdən itənədək baxışlarımla onu izlədim. O getdi…  Sanki Günəş dağların arxasında qürub etdi. Nəzərlərim  hələ də küknar ağaclarına ilişib qalmışdı. Tələbələri auditoriyaya səsləyən  zəng səsini də eşitmədən xeyli müddət beləcə dayandım. Yalnız müəllimlərini  bir neçə müddətliyə əvəz etdiyim qrupun sinif nümayənsinin həyəcanla: “Müəllim,nə olub? Sizə nə olub? “ deyə məni səsləməsindən sonra özümə gəldim. Daxilimdə nə isə bir gərginlik var idi. Payız havası kimi dolmuşdum. Ağlamaq istəyirdim. Səbəbsiz,filansız… Sadəcə bir təkliyə çəkilmək və möhkəm səslə hönkürmək həmin dəqiqə ən böyük arzum idi. Amma dərsin vaxtından da xeyli keçmişdi və mən tələbələrimin yanında olmalı idim…

***

İmtahanlar yaxınlaşdıqca tələbələr ədəbi məclisə az maraq göstərirdilər. Yaz ilə yay arasındakı yorucu isti,yorğunluq,əzginlik, qarşıdan yay tətilinin gəlməsi məclisin fəaliyyətinə ara verməyimizə səbəb oldu.İndi Günəşin oğlunu hərdən dəhlizdə,bəzən də iclaslarda görürdüm.Yalnız salamlaşmaqla kifayətlənirdik.

Yay tətilini ailəmlə müxtəlif yerlərdə keçirdim.Yorğunluğumu,il boyu yığılmış stressimi atmaq üçün əlimdən gələni etdim. Amma neyləsəm də, özümü çiyinlərimdə çox ağır , 

daşımağa gücümün çatmayacağı yük varmış kimi hiss edirdim.Bu yük nə yükü idi? Mən onu çiynimə nə vaxt qaldırmışdım? Bu ağırlıqdan yaxamı necə qurtaracaqdım? Heç nə anlamırdım. Amma gündən-günə kürəyimin ağrısı artır,çiyinlərim gücdən düşür,halsızlaşırdım. Səbəbsiz yerə ağlayır, hamıdan qaçır,içimə qapanırdım. Hər tərəfimdə boşluqlar qəhqəhə çəkir, sanki,məni dəli etmək istəyirdi. Bu arada da nişanlımın ailəsi toyumuzun vaxtını tezləşdirdi. Ümumiyyətlə toy adətlərimizə nifrət edirdim.Hər zaman söyləyirdim ki,mən,adətlərimizlə ailə qurmayacağam.5-10 ən yaxın dostumla təbiət qoynunda gözəl musiqlərin sədası altında əylənəcək,nigaha girəcək və yeni ailəmə qədəm qoyacağam. Amma məni dinləyən kim idi? Siqaret üfürməkdən bığı saralmış ağsaqqallar, toy mərasimində qızlarına ər tapmaq ehtirası ilə alışıb-yanan, bir ay əvvəldən pal-paltara bir ətək pul xərcləyən,nəinki evində olan,hətta qonum-qonşudan,qohum-əqrabadan yığdığı qır-qızıla, brillianta bələnmiş,qarnı, ombası jelatin kimi titrəyən xalalar, bibilər buna razı olardılarmı? Mənə cehiz yox, sağlam ailə lazımdır deyə bağırsam da, səsim o çoxluğun içərisində siçan civiltisindən başqa bir şey deyildi.Etirazlarıma baxmayaraq aftafadan tutmuş vanna,ləyən,pol ağacı,oxlov,yükdə hündürlüyü tavana dirənən mir-mitilə qədər “arvad “ üçün lazım olan hər şeyi gəlin köçəcəyim evə daşıdılar.Bunlar olmasa dünya dağılacaqmış…

 Qısası,əlimə xına da yaxdılar,uzun,ətəyi sərt məftillərlə dolu gəlinlik də geyindirdilər,çırağın başına da hərlədilər, belimə qırmızı lent bağlayıb maaşımızın 2 həftəlik ərzağı ödəmədiyi zamanda  “yeddi oğul bir qız” da istədilər, maşınların düşük siqnalları ilə(ay camaaat,ərə gedirəm deyirdim sanki) şadlıq sarayına da apardılar, “Vağzalı” musiqisinin sədası və insanların sirkdəki bəzək-düzəkli heyvanları izləyirmiş kimi bizə zillənən baxışları  altında  saraya da qədəm qoydum. Sadə,yığcam ağ gəlinlik donu və açıq,çiyinlərimə tökülmüş saçlarla mərasimə gəlmək istəyim gözümdə qaldı.Başımın ortasındakı quş yuvasına oxşayan babettanın içinə saç ustası əlinə keçəni doldurmuşdu. Hələ süni kipriklər,”Super” kleyi ilə yapışdırılan və toydan sonra qoparmaq üçün 3 günümü həsr etdiyim dırnaqlar… Bunlar kimə və nəyə lazım idi axı… Mərasim başladı.Ara mahnıları çalındı. Piyli xalalar,içkili əmilər hoppanıb düşdülər, geyimlərini, qızıllarını o ki var nümayiş etdirdilər, özünü cırıqlayan tamadanın mənasız, ürəkbulandıran, gic şeirlərinə kövrəlişdilər,ağlaşdılar, qucaqlaşdılar və nəhayət toy başa çatdı.Saraydan çıxanda sanki bir hindu qəbiləsinin içindən çıxdığımı zənn etdim. Evə gəldik. Ayağımın altında günahsız bir quzunu qanına qəltan etdilər. İçimdən qəssaba “əlin qurusun” demək gəldi. Amma özümü zorla saxladım.Toy adətlərimizə ikrah hissi ilə pilləkənlərə düzülmüş boşqabları bir zərbəyə sındıra-sındıra yuxarı qalxmağa başladım. Ayağım altında cingilti ilə sınıb töküldükcə düşündüm ki, əslində bu toy adətlərinin içində boşqab sındırmaq elə də pis deyilmiş. Sanki, hər boşqab sınanda əsəblərim bir az sakitləşirdi. Nəhayət boşqablardan da qurtarıb cer-cehizimlə bəzədilmiş evə daxil oldum və mənim düşüncələrimə heç bir aidiyyatı olmayan ailə həyatıma başladım. Sonralar nələr oldu. Nə qırıqlıqlar, nə küskünlüklər… Bu haqda heç nə yazmayacağam. Sadəcə, nə mən onların xəyalındakı evə girdiyi andan əlində süpürgə, çömçə, başında çalma,döşündə önlük, belində uşaq, soğan iyi verə-verə hamıdan tez durub hamıdan gec yatan, eşşək əvəzinə işlədilən gəlin, nə də onlar mənim xəyalımdakı duyğusal, yaradıcı, ictimai nüfuza dəyər verən ailə deyildi. İstəklər çox oldu.Narazılıqlar baxışdan oxundu. Amma mən dava-dalaşsız,sakitçiliklə, zamanla və səbrlə orada özümü olduğum kimi qəbul etdirməyi bacardım. Onları da anladım. Heç bir uğurumun,qalibiyyətimin sevincini yeni ailəmin üzvləri ilə bölüşmürdüm. Zatən onlar üçün heç bir önəmi yox idi… Ərim haqqında isə hələlik bircə cümlə yaza bilərəm. O, çox gözəl insandır. Vəssalam !

ARDI VAR

Qəmər AYATAM

Şərhlər