Çempion həmyerlimiz

         Elsevər Elşən oğlu Puri 7 yanvar 1988-ci il tarixdə rayonun Hüsülü kəndində anadan olub. 1996-cı ildə C.Həsənov adına Hüsülü kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2005-ci ildə sözügedən məktəbi bitirən Elsevər, elə həmin il ordu sıralarına yollanıb. Daxili Qoşun Qüvvələrində xidmət edib.

Elsevər hələ uşaqlıqdan idmana böyük həvəs göstərib və 8 yaşında Ağcabədidə tanınmış məşqçi Eldəniz Qənbərovun başçılığı ilə karate idman növü ilə bir il yaxından məşğul olub. Sonra idmanın qarışıq növləri üzrə bir neçə il məşq edib. 2013-cü ildən isə alpaqut idman növü ilə məşğul olan E.Puri məhz bu sahədə böyük uğurlara imza atıb. 2016 və 2017-ci illərdə alpaqut idmançısı kimi dünya kubokunu qazanıb. O, həmçinin 2014-cü ildən alpaqut üzrə beynəlxalq dərəcəli hakimdir. Özü idmançı olduğu üçün həmişə şəffaf və ədalətli hakimliyə üstünlük verir.

İdmançının bu sahədə uğurları tükənmir. O, idmanla müntəzəm və yorulmadan məşğul olaraq yeni nailiyyətlərə imza atır. Təsadüfi deyil ki, 20-21 noyabrda 20-21-də qardaş Türkiyənin Bursa şəhərində Avrasiya Alpaqut çempionatında o, 55 kiloqram çəki dərəcəsində Batur sistemi üzrə keçirilən yarışda çempion adını qazanıb. O, deyir ki, qalib gələndə, milli Himnimiz səslənəndə və üçrəngli bayrağımız qaldırılıb, dalğalananda böyük qürur hissi keçirir və sevincdən ürəyi köksünə sığmır. Elsevər onu da vurğuladı ki, belə məqamlarda o, idmanla məşğul olmağının mahiyyətini bir daha anlayır və özünü yeni qələbələrə kökləyir. Biz də ona qoşulur, çempion həmyerlimizə uğurlar arzulayırıq. Qoy həmişə səsin yüksək idman kürsülərindən gəlsin Elsevər!

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər