(Şəhid Xəzər Bayramovun xatirəsinə həsr olunub)
“Dünyanın gözü Qafqaz, Qafqazın gözü Azərbaycandır” demişlər. Bu ifadəni işlədərkən həqiqətən də yanılmayıblar. Bunun nəticəsidir ki, əsrlər boyu yurdumuz yadların hücumuna məruz qalıb. Ancaq qəhrəman millətimiz heç vaxt daxilən yenilməyib. Səbrlə, təmkinlə zamanı gələndə qisasını almağı bacarıb, necə ki, 44 günlük haqq savaşımızda bunu bir daha gördük.
Ömrünü Vətənin ömrünə calayan, torpaqlarımızın azadlığı uğrunda gözünü qırpmadan ölümə atılan oğullarımız, qızlarımız var olduqca Azərbaycan adlı bir ölkə də var olacaq, dostlarını sevindirib, düşmənləri qorxuya salacaq.
Bu qəhrəman oğullardan biri də Xəzər Azad oğlu Bayramovdur. Xəzər cəmi 23 illik ömrünə qorxmazlığı, mərdliyi, cəsarəti, həm də Vətənə olan sarsılmaz sevgisini sığdırdı. Vətən uğrunda göz qırpmadan candan keçərək hər kəsə örnək oldu.
Xəzər Azad oğlu Bayramov 1997-ci il 14 noyabrda Ağcabədinin Qaravəlli kəndində dünyaya göz açıb. 2004-_2015-ci illərdə orta təhsilini doğulduğu kənddə alıb. 2016–ci ildə həqiqi hərbi xidmətə yollanıb və xidməti layiqincə başa vurub.
Özü ilə böyüyən Vətən sevgisi Xəzəri hərbə yönəldir. 2019-cu ilin yanvarından müddətdən artıq hərbi xidmətə başlayır, tank heyətində “tuşlayıcı” olaraq davam etdirir. Xəzər Bayramovun əsas amalı, torpaqlarımızın azad olmasında iştirak etmək idi. Uşaqlıqdan ürəkli, mərd, sakit təbiətli və ən əsası düşmənə qisas hissiylə böyüyürdü. Böyüdükcə də sevgisini qəlbində daha çox böyütdü, Vətən torpaqlarının azadlığı arzusuyla yaşadı, o günü həsrətlə gözlədi Xəzər.
27 sentyabr 2020 ci il tarixində başlanan Vətən müharibəsi elə həmin gün idi. Xəzər Bayramovun qisas hissi Vətən sevgisiylə alovlanmışdı. O, müharibənin ilk günlərindən tank heyətində “tuşlayıcı” kimi döyüşlərdə iştirak edir və qəhrəmanlıq göstərir. Komandirinin sözlərinə görə, Xəzərin heç bir hədəfi boşa çıxmazdı. Döyüş yoldaşlarıyla birlikdə düşmənin 8 tankını və digər texnikalarını məhv edir. Əfsus ki, hədəfdən yayınmayan qəhrəmanımız oktyabr ayının 2-də özü düşmən mərmisinin hədəfinə çevrildi. Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində döyüş tapşırıqlarını yerinə yetirərkən, 3 heyət (tank komandiri Dəyanət Əliyev, Xəzər Bayramov və Elçin Hüseynov) olmaqla idarə etdikləri tank mənfur qonşularımızın atdığı mərmi nəticəsində alışmağa başlayır. Tank komandiri Dəyanət Əliyev döyüş yoldaşlarını xilas etməyə çalışsa da, tank düşmən tərəfindən ikinci dəfə hədəf alınır…. Hər üç heyət şəhidlik zirvəsinə ucalır…
Xəzər Bayramov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olundu.
Ruhun şad olsun şəhidim!
Aynurə İNCİ