Şəhid Hamlet Məmmədovun xatirəsi anıldı

​Dekabr 6-da Ağcabədi rayonunun Qaradolaq kəndində Birinci Qarabağ müharibəsi şəhidi Hamlet Məmmədovun anım tədbiri keçirilmişdir. Tədbirdə millət vəkili Tahir Rzayev, şəhidin adını daşıyan Qaradolaq kənd tam orta məktəbinin müəllim və şagirdləri, müharibə veteranları, qazilər, şəhid ailələrinin üzvləri, kənd ziyalıları, “N” saylı hərbi hissənin əsgər və zabitləri iştirak ediblər. 

​Şəhidin adını daşıyan Qaradolaq kənd tam orta məktəbində keçirilən anım tədbirində ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra mərasim iştirakçıları şəhid Hamlet Məmmədovun məktəbin qarşısındakı xatirə lövhəsinin önünə əklil və gül-çiçək dəstələri qoyublar.

​Tədbirdə çıxış edənlər Birinci Qarabağ müharibəsi illərində Ağdam-Gülablı istiqamətində igidliklə döyüşən və şəhadətə yüksələn qəhrəmanımızın qısa və mənalı həyat yolundan danışaraq, onun haqqında öz xatirələrini bölüşüblər. 

​Məktəblilər tərəfindən vətənpərvərlik ruhundasəslənən şeirlər, səhnəciklər və ifa olunan “Xudayar” təsnifi böyük maraqla qarşılanıb. 

​Tədbirin sonunda anım iştirakçıları şəhidin Qaradolaq kənd qəbiristanlığında yerləşən məzarını ziyarət edib, önünə tər çiçək dəstələri düzüblər. 

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com